Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Yaşıl rəngin tarixçəsi


"Greenpeace" fəalları Yeri təcəssüm etdirən nəhəng şarı daşıyırlar
"Greenpeace" fəalları Yeri təcəssüm etdirən nəhəng şarı daşıyırlar

1970-ci ilin fevralında bir dəstə hippi fəal Kanadanın Vankuver şəhərinə toplaşıb Alyaskanın Amçitka adasında keçirilməsi planlaşdırılan nüvə sınağını müzakirə etdi. Daha sonra onlar gəmi ilə sınağın keçirildiyi yerə gedərək partlayışa canlı etiraz etdilər. Görüşün sonunda onların rəhbəri iki barmağını qaldıraraq "Peace!" (Sülh) dedi. Qısa fasilədən sonra gənc iştirakçılardan biri sonradan dillərə düşəcək bir ifadə işlətdi: "Let's make that a green peace" (Gəlin bunu yaşıl sülhə çevirək). Qrup bu ifadəni o qədər bəyəndi ki, ilk gəmisini "Green Peace" adlandırdı.

Ekoloji hərəkat rəmzi

O zamandan bəri yaşıl rəng ekoloji hərəkatın rəmzinə çevrilib. Hazırda dünyada yüzdən çox qeydiyyatdan keçmiş rəsmi "Yaşıllar" partiyası var. Onların sayəsində bu hərəkat dövrümüzün aparıcı ideologiyalarından birinə çevrilib. Yaşıl artıq çalardan çox siyasi proqram və həyat tərzidir.

Son 50 ildə ekoloji hərəkat o qədər yaşıl rənglə assosiasiya olunub ki, artıq plakatların, tullantı torbalarının və s. üzərində bu rəngi görəndə planetin gələcəyi haqda düşünməmək çox çətindir. Ancaq bütün bunlar yaxın tarixdir. BBC isə yazır ki, əslində yaşılın təbiət və təbiət prosesləri ilə assosiasiya olunmasının tarixi min illərlə bundan əvvələ gedib çıxır. Məqalədə deyilir ki, Hind-Avropa, xüsusən german dillərindəki "green", "grün" sözlərinin kökü prahindavropa dilindəki "böyümək" mənasını verən "ghre" sözünə gedib çıxır.

Bəşər övladı yaranandan bəri onun yaşıl rənglə xüsusi bioloji bağları var. Bir çox digər məməlilərdən fərqli olaraq, insanın gözləri bitkilərdəki xlorofili seçə bilir. Bu, qədim insanlara yaşıl rəngin fonunda sarı və qırmızı rəngli yetişmiş meyvələri seçməyə, müxtəlif yarpaqları bir-birindən ayırmağa kömək edib.

Misirlilər və qərblilər

Hələ 8 min il bundan əvvəl Nil çayının hər iki sahilində torpağı əkib-becərən qədim misirlilər yaşıl rəngə "uac" deyirdilər. Eyni zamanda "çiçəkləmək" mənasında işlənən bu sözün heroqlifi papirus bitkisinin çiçəklənən zoğu şəklində idi. Misirlilər əkin-biçin tanrısı Osirisi də yaşıl rəngdə təsvir edirdilər. Osiris Nil çayını daşıraraq torpağı qidalı maddələrlə doydurur, tarlalarda toxumları cücərdərək yaşıllıq gətirirdi.

Qərb mədəniyyətində təbiətin gözəlliklərini tərənnüm etməyə nisbətən gec başlayıblar. XVII əsrin sonlarına doğru ingilis şairləri yaşıl rəngin müalicəvi təsirlərini sezməyə başlayıblar. Endrü Marvellin "The Garden" (Bağça) adlı şeiri bu rəngin məlhəm olması haqdadır.

İncəsənət və mədəniyyət xadimləri bu hərəkatın dünyada daha çox tanınmasında xüsusi rol oynayıblar. Rəssam Yozef Boys 1980-ci ilin yanvarında Almaniyada dünyanın ilk milli Yaşıllar (die Grünen) partiyasının əsasını qoyanlardan olub. O, eyni zamanda, 1982-ci ildə Almaniyanın Kassel şəhərində 7 min palıd ağacı əkərək dünyanın yaşıllaşdırılmasına öz fiziki töhfəsini verib. Britaniyalı rəssam Devid Neş son qırx ili Şimali Uelsdə bitkilərdən hazırlanan heykəllər düzəltməklə keçirib.

Ümid rəngi

1990-cı illərin sonları – 2000-ci illərin əvvəllərində islandiyalı-danimarkalı rəssam Olafur Eliasson böyük miqdarda uranin maddəsini xəbərdarlıqsız çaylara tökərək onları toksik parlaq yaşıl rəngə boyayıb. Bu mənzərəni görənlər dərhal hər gün dünyanın sularına axıdılan milyonlarla ton zəhərli tullantılar haqda düşünməyə başlayıblar.

Planetin gələcəyi qeyri-müəyyən olaraq qalmaqdadır. Lakin bir çox alimlər əmindirlər ki, yarpaqlar və onlardakı möcüzəli yaşıl piqment iqlim dəyişikliyinə qarşı mübarizədə həlledici vasitə olacaq. Yaşıl həm də bu mənada ümid rəngidir.

XS
SM
MD
LG