Son araşdırmalar gənc nəslin gerçək kağız kitabları sevdiyini göstərir
Son araşdırmalar gənc nəslin gerçək kağız kitabları sevdiyini göstərir. Məlum olub ki, müxtəlif yaşlı insanların elektron və kağız kitablara münasibəti fərqlənir. Bunun rəqəmsal mətn satan şirkətlərə ciddi təsiri ola bilər.
Araşdırmanın müəllifi, Arizona Universitetinin professoru Sabrina Helm istehlakçıların qavrayış və davranışlarını öyrənir.
“Psixoloji sahiblik hissi insanların müəyyən… xidmət və ya əşyaları necə dəyərləndirməsi baxımından önəmlidir. Biz rəqəmsal məhsullar kontekstində insanların, əslində, ortada olmayan şeylərə sahibliyi necə qəbul etdiyini öyrənmək istədik, axı bu, sadəcə, sizin kompüterinizdə, cihazınızda, yaxud hər hansı texniki qurğunuzda bir fayldır, yəni real əşyadan çox konseptdir", - Helm belə deyir.
Buna da bax: Ötən il ənənəvi nəşriyyatların elektron kitablarının satışı 10% azalıb
Nəticələri "Electronic Markets" dərgisində dərc edilmiş araşdırmada Helm və həmkarları müxtəlif yaş qruplarına aid fokus qrupları ilə işləyiblər. Bura uşaq doğumunun yüksək sayıldığı illərdə (1946-1964) dünyaya gələnlər, bir qrup 1964-1981-ci illərdə doğulanlar və iki qrup millenial (1981 - 2000-ci illərdə doğulanlar) daxildir. Tədqiqatçılar millenialları universitet tələbələrinə və yaşı daha çox olanlara ayıraraq, bu fokus qrupları arasında kağız və elektron kitablara sahibliyi dartışıblar.
İnsanlar elektron kitablara sahib olduqlarını hiss etmirlər?
Müzakirəyə qatılanlar rəqəmsal kitablara sahiblik hissinin birmənalı olmadığını söyləyiblər, çünki çox zaman belə kitabların fayllarını fərqli cihazlara köçürmək mümkün olmur.
Bənzər səbəbdən rəqəmsal kitabları dostlarla paylaşmaq, kiməsə bağışlamaq, yaxud satmaq da alınmır. Nəticədə insanlar elektron kitablara sahib olduqlarını hiss etmirlər. Kağız kitablarla durum tam fərqlidir.
Müzakirəyə qatılanlar kağız kitablara emosional bağlılıqdan danışıblar. Belə kitablar insanların kimlik və mənsubiyyət hisslərinin formalaşmasına kömək edib. Bütün yaş qruplarına mənsub iştirakçılar uşaqlıqda sahib olduqları bəzi kitablarla bağlı nostalgiya hissindən söz açıblar.
Kağız kitablar müxtəlif duyğularla da bağlıdır. Söhbət təzə kitabın qoxusundan, xışıltısından, ona toxunan zaman keçirdiyimiz hisslərdən, kitabı oxuyarkən üzərində qeydlər aparmaqdan, maraqlı cümlələri işarələməkdən gedir.
Buna da bax: Britaniyada bədii kitablara maraq niyə azalıb?
Kağız kitablar kimlik müəyyənləşdirir?
İştirakçılar arasında kağız kitab kolleksiyalarının onların kimliyini müəyyənləşdirdiyini deyənlər də olub. Belə duyumlar elektron kitablara yaddır.
Elektron kitabların özəlliyinə gəlincə, onların fiziki yer tutmaması oxucuları cəlb edə bilər. Bir çox iştirakçı rəqəmsal kitabın borc götürülmüş kitab hissi yaratdığını söyləyib.
İştirakçıların, demək olar, hamısı kağız kitablara güclü bağlılıqlarını dilə gətiriblər.
Maraqlıdır ki, gözlənildiyinin əksinə olaraq, yaşlı istehlakçılar elektron kitab oxumağın üstünlüklərini daha çox qabardırlar. Onlar daha gənc istehlakçılara maraqlı olmayan fiziki üstünlüklərdən - cihazın yüngüllüyündən və mətni böyüdüb-kiçiltməyin mümkünlüyündən söz açıblar.
Çox yeni duyğu?
Helm deyir ki, araşdırma nəticələrinə görə rəqəmsal və kağız kitablar kökündən fərqli məhsullardır:
“Elektron kitablar daha çox xidmət kimidir, onlar bütünlükdə daha çox funksional və utilitar təcrübə yaşadır. Əlinizdəki fiziki kitab olanda siz daha dolğun təcrübə yaşayırsınız, bütün duyğularınız işə düşür. Kağız kitablar çox özəl məhsullardır və hamımız bilirik ki, onlar bir çox insandan ötrü böyük məna daşıyır”.
Alim kağız kitabların insanların ilk ünsiyyətdə olduğu əşyalardan olduğunu da xatırladaraq, rəqəmsal kitabları səciyyələndirməyə çalışıb:
“Rəqəmsal məhsulu oxumaq hələ çox yeni haldır, rəqəmsal kitablar hələ çox yeni bir məhsul kateqoriyasıdır və özünü belə məhsulların sahibi hiss etmək insanların çoxu üçün yeni duyğudur”.
Helmin sözlərinə görə, elektron kitabların satışı ilə məşğul olan marketoloqlar onları oxuyan zaman yaşanan təcrübənin kağız kitabları oxuyan zaman keçirilən hisslərə yaxın olmasına çalışmalıdırlar. Tutalım, kitab səhifəsinin kənarına qələmlə qeydlər aparmaq mümkün olmalıdır.
Araşdırıcının sözlərinə görə, elektron kitabların kağız kitablardan çox fərqləndirilməsi lazımdır. Belə kitablar kağız kitablarda olmayan maraqlı özəlliklər təklif edən xidmət növünə çevrilməlidir. Məsələn, kitaba səs effektləri də qoşmaq olar.