Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:20

Yasamalda həbs olunan şəxsin həyat yoldaşı: 'Geyim və siqareti götürmədilər'


Yasamalda ailələr polis əməliyyatında evdə baş verənləri danışırlar
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Yasamalda ailələr polis əməliyyatında evdə baş verənləri danışırlar

İyunun 8-də Yeni Yasamalda evindən aparılan sakinlərdən Amil Mahmudovun həyat yoldaşı deyir ki, ötən dörd gün ərzində onunla nə telefonla danışa biliblər, nə də görüşüblər. Lalə Mahmudovanın AzadlıqRadiosuna bildirdiyinə görə, iyunun 10-da günün ikinci yarısında təcridxanaya həyat yoldaşına siqaret, geyim aparsa da, götürməyiblər: "Yalnız hesabına pul yatırmağa imkan verdilər. Nə qədər xahiş eləsək də, geyimi, siqareti qəbul eləmədilər. Orada da siqaret, ərzaq od qiymətinədi. Bizə mediaya müsahibə verməyimizi irad tutdular. Eşitdirdilər ki, buna görədir. Görüşü başa düşdük, karantin rejimidir, bəs siqareti, geyimi niyə götürmürlər? Bu istinin günündə adamı eyni paltarla saxlamaq nə deməkdir?".

L.Mahmudovanın sözlərinə görə, iyunun 10-da vəkil həyat yoldaşıyla görüşüb. A.Mahmudov vəkilinə deyib ki, mənzilində və aparılarkən zorakılığa məruz qalsa da, sonradan Yasamal rayonu, 29-cu polis bölməsində onu döyməyiblər.

Qərarda nə yazılıb

Yasamal Rayon Məhkəməsinin qərarıyla A.Mahmudova 20 gün inzibati həbs cəzası kəsilib. O, İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydalarını pozma) və 535 (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə təqsirli bilinib.

Məhkəmənin qərarında yazılıb ki, A.Mahmudov özü həbs olunmamışdan bir gün əvvəl – iyunun 7-də yaşadığı binanın qarşısında başqa bir sakin Tuncay Əliyevi polislərin tutub aparmasına etiraz edib. Bu hərəkətinə görə iyunun 8-də 29-cu polis bölməsinə gəlməsi istənilsə də, imtina edib.

"Amil Mahmudov iyunun 7-də yaşadığı evi icazəsiz tərk edib, binanın qarşısında dayanaraq polisin ünvanına nalayiq söyüşlər işlədib. Polisin qanuni tələbinə əməl etməyək, xüsusi karantin rejimi və ictimai qaydaları pozmaqda davam edib.


8 iyun 2020-ci ildə Amil Mahmudov polisin qanuni tələbinə tabe olmayaraq, polis bölməsinə gəlməkdən imtina edib. Daha sonra qanunun tələblərini pozmasıyla bağlı saxlanılaraq polis bölməsinə gətirilib", - 29-cu polis bölməsinin sahə inspektoru Yusif Hətəmovun tərtib etdiyi protokolda da, məhkəmənin qərarında da belə yazılıb.

A.Mahmudovun vəkili Bəxtiyar Hacıyev AzadlıqRadiosuna bildirib ki, onun həbsi barədə qərardan apellyasiya şikayəti verilib.

İnzibati qaydada həbs olunanların saxlandığı təcridxana Daxili İşlər Nazirliyinin tabeliyindədir. Orada saxlanılan şəxsə siqaret və geyim çatdırılmasına qadağa ilə bağlı deyilənlərə Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AzadlıqRadiosunun zənglərinə cavab verməyib.

Xatırlatma

Daxili İşlər Nazirliyinin Yeni Yasamaldakı insidentlə bağlı yaydığı rəsmi açıqlamada deyilir ki, iyunun 7-də karantin rejiminə nəzarət edən polis əməkdaşları yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. Həmin vaxt binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üstünə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

"Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir", - nazirliyin məlumatında qeyd olunub.

AzadlıqRadiosunun iyunun 9-da müsahibə aldığı şəxslər isə yaxınlarının qanunsuz olaraq saxlandığını deyirdilər. Saxlananlardan biri – Kərim Süleymanlı həmin gün buraxılıb.

XS
SM
MD
LG