Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 14:38

Yasamalda evindən çılpaq çıxarılan şəxsin anası danışdı


Polis Yasamalda əməlliyyat keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Polis Yasamalda əməlliyyat keçirdi

İyunun 8-də Yasamalda polis əməliyyatı zamanı saxlananların anası övladlarının günahı olmadığını, onların polis əməkdaşlarına zibil atmadığını deyir. Elvin Süleymanovun yaşadığı mənzildən polis əməkdaşları tərəfindən çılpaq vəziyyətdə çıxarılması sosial şəbəkələrdə qınağa səbəb olub.

"O biri oğlumu da tutublar. Nə var dedi ki, "imkan verin, heç̧ olmasa, paltarını geyinsin, belə aparmayın". Dedilər, yox, elə lüt aparacağıq. Oğlum tez bir klyoka paltar yığdı ki, versin. Buna görə onu da sürüyüb apardılar. O oğlum xəstədir, bir müddət əvvəl əməliyyat olunub. Onu aparanda da dedik, heç veclərinə olmadı. Belə qansızlıq, belə haqsızlıq olar?!", – Bakının Yeni Yasamal ərazisində eyvandan polisə zibil atmaqda suçlanaraq həbs olunan 32-yaşlı Elvin və 29-yaşlı Kərim Süleymanovların anası Gülər Süleymanova AzadlıqRadiosuna danışır.

Onun sözlərinə görə, polislər iyunun 8-də səhər saat 7 radələrində Elvindən ötrü̈ gəliblər. G.Süleymanova oğlunun qaçıb gizlənməsi barədə sosial şəbəkələrdə yazılanlardan da hiddətləndiyini vurğulayır. Deyir ki, o vaxt hamı kimi, Elvin də yatmışdı: "Guya bunu yazanların özləri o vaxt yatmır?! Qapını elə döyürdülər, evdə gəlinin, uşağın əl-ayağı əsirdi. Biz geyinib açdıq. Evə hücum elədilər. Video ilə çəkə-çəkə içəri girdilər, mədəniyyət yox, qanacaq yox... Videoda çox şeyi yaymayıblar. Gəlini itələdilər, mənim qolumu sıxdılar. Bu hissələri də qoymayıblar. Qapıdan girəndə onlara dedim ki, evdə gəlin-uşaq var, heç veclərinə də olmadı".

"Hər evdən bir nəfər aparaq" prinsipi

G.Süleymanova deyir ki, nəinki Kərimin, heç̧ Elvinin də günahı yox idi, zibil atmayıb. Onun fikrincə, polislər heç̧ zibil atanların kimliyini müəyyənləşdirmədən "hər evdən bir nəfər aparaq" prinsipi ilə hərəkət ediblər: "Komendantdan mənzillərdə yaşayan adamların adlarını öyrənib gəliblər. Yuxarıdakı qonşumun qardaşını da aparıblar, onun da heç bir günahı olmayıb. Biz altıncı mərtəbədə yaşayırıq. Videodan da görünür ki, zibillər yuxarıdan atılıb. Biz də hamı kimi eyvandan baxmışıq".

Anaları deyir ki, Elvin və Kərim Süleymanovların hara aparılması haqda da onlara heç̧ bir məlumat verməyiblər. Sonradan özləri öyrəniblər ki, saxlanılan digər qonşuları da, onlar da Yasamal polisindədirlər. G.Süleymanova iyunun 8-də axşamüstü̈ xəbər tutub ki, Yasamal Rayon Məhkəməsinin qərarıyla övladlarının hər birinə 15 sutka inzibati həbs cəzası verilib. Digər qonşulara da 10 sutkadan 30 sutkaya qədər həbs kəsilib.

G.Süleymanova qolunun zədələndiyini bildirir. Həm buna, həm də evinə qanunsuz daxil olmalarına, nəvəsinin və digər ailə üzvlərinin qorxudulmasına görə polisdən şikayətçi olmaq niyyətindədir.

Hüquqlarının müdafiəsində vəkil Cavad Cavadov G.Süleymanovaya yardım edəcək. Vəkil özü̈ sosial şəbəkələrdə bu barədə məlumat verib. Bildirib ki, artıq G.Süleymanova ilə danışıblar, bütün lazım olan hüquqi addımlar atılacaq.

Sosial şəbəkələrdə yayılan videoda iyunun 7-də baş verən olaydan bir gün sonra, iyunun 8-də keçirilən əməliyyat zamanı polis işçilərindən birinin binanın qadın sakinlərindən birinə və onun həyat yoldaşına xitabən "dovşan" dediyi müşahidə edilib. Sonradan sosial şəbəkələrdə bu video qızğın müzakirə edilib. Bir çox sosial şəbəkə istifadəçisi yazıb ki, polis həmin ifadə ilə qadını və onun həyat yoldaşını təhqir edib. Sözügedən videodakı qadının məhz Gülər Süleymanova olduğu üzə çıxıb.

DİN araşdırma vəd edir

Daxili İşlər Nazirliyinin Yeni Yasamaldakı insidentlə bağlı yaydığı rəsmi açıqlamada deyilir ki, iyunun 7-də karantin rejiminə nəzarət edən polis əməkdaşları yaşayış̧ binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. Həmin vaxt binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üstünə müxtəlif əşyalar ataraq, onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. Amma polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb.

"Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir", –nazirliyin məlumatında qeyd olunub.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimdir. İyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 6:00-a qədər (həftəsonu, şənbə və bazar günləri) küçəyə çıxmaq yasağı tətbiq edilmişdi.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sosial şəbəkələrdə polisin və vətəndaşların bəzi davranışı ilə bağlı yer almış videokadrlara münasibət bildirərkən deyib ki, "istər polis əməkdaşı, istərsə də vətəndaşın yol verdiyi hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək".

XS
SM
MD
LG