Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 08:55

Yardımlara göz dikməkdə günahlandırılırlar


Baş Prokurorluq

Azərbaycan Baş Prokurorluğu mayın 5-də karantində səlahiyyətlərini aşmaqda və ayrılan yardımların çatdırılmasında pozuntuya yol verməkdə şübhəli sayılan icra nümayəndələri ilə bağlı növbəti açıqlama yayıb.

Açıqlamada Lənkəran, Yevlax şəhər, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul rayon icra hakimiyyəti başçılarının bəzi inzibati ərazi nümayəndəliklərinin vəzifəli şəxslərindən bəhs edilir.

Bildirilir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə nümayəndəsi Rafail Alışovun Heydər Əliyev Fondunun imkansız ailələrə göndərdiyi ərzaq yardımlarının paylanması zamanı neqativ hallara yol verdiyinə əsaslı şübhə yaranıb. Onun ərzaq paylarını özünün yaxın qohumlarına, o cümlədən, kəndin imkanlı şəxslərinə paylamasına şübhələr olduğu qeyd edilir.

İddiaya görə, Qaraməmmədli kənd (Yevlax şəhər) nümayəndəsi Mikayıl Əsədovun da imkansız ailələrə göndərilən ərzaq yardım qutularını açaraq, müxtəlif sayda və növdə məhsulları götürüb ərzaq yardımlarını natamam payladığına şübhə var.

Bundan başqa, Saatlı şəhər (Saatlı rayonu) nümayəndəsi Nəsir Qədirov, Parça Xələc kənd nümayəndəsi (Salyan rayonu) Sadiq Dəmirov və Zağalı kənd nümayəndəsi (Daşkəsən rayonu) Hətəm Əzizov karantini pozub sərbəst hərəkət etmək istəyənlərə arayışlar verməkdə şübhəli sayılırlar: "Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Navahı qəsəbə… nümayəndəsi Namiq Baxşıyev və Qarasu kənd… nümayəndəsi vəzifəsini icra edən İlknur Hüseynov tərəfindən də eyni xarakterli qanun pozuntusuna yol verilməsinə şübhələr üçün əsaslar müəyyən olunub. Qeyd olunan şəxslər müvafiq rayon icra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər. Toplanmış materiallar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb".

Bu açıqlamada sözügedən şəxslərin və ya onların vəkillərinin iddialara münasibətini öyrənmək, hələlik, mümkün olmayıb.

Xatırlatma

Baş Prokurorluq bundan öncə son günlər daha bir neçə rayonda da icra başçılarının bəzi icra nümayəndələrinin oxşar ittihamla üzləşdiyini açıqlamışdı.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimidir.

Multimedia

XS
SM
MD
LG