«Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki «Araz» zavodunda baş vermiş partlayışda yaralanan şəxslərdən biri Bakıya gətirilib».
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.
O deyib ki, yaralı Bakıda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib: «İndi Şirvan Mərkəzi Şəhər Xəstəxanasında 7 nəfər yaralı var. Yaxın saatlarda onlardan üç nəfərin evə buraxılacağı gözlənilir. İki nəfərin isə bu axşam evə buraxılması nəzərdə tutulur».
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən «Araz» zavodunda partlayış baş verib. Rəsmi açıqlamalara görə, hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətləri alıb.
Partlayış nəticəsində zavodun iki əməkdaşı -Ağamir Məmmədov və İlhamə Nuriyeva həlak olub.
Fakta görə CM-nın 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Partlayışın zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya ( tullantının təkrar istifadəyə hazırlamaq) hazırlıq prosesində baş verdiyi qeyd edilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırması davam edir.