BDU-nun "İlahiyyat" fakültəsinin dekan müavini Nigar İsmayılzadə onun rüşvət aldığını iddia edən tələbə Zəka Mirağayevin həbsində israrlıdır. Dekan müavininin vəkili Kamandar Nəsibov iyulun 7-də məhkəmədə bu haqda vəsatət qaldırıb.
Tələbənin CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən Nigar İsmayılzadənin iddiasına Yasamal Rayon Məhkəməsində baxılır. Məhkəmə prosesində istintaq başa çatıb, iddiaçı tərəf Zəka Mirağayevin həbslə cəzalandırılmasını istəyib.
Buna da bax: BDU-nun dekan müavini tələbəsinin həbsini istədi
İyulun 7-də keçirilən məhkəmədə Zəka Mirağayevin vəkili müdafiə çıxışı etməli, özü də son sözünü deməli idi. Amma Mirağayev naməlum səbəblərdən məhkəməyə gəlməyib.
Dekan müavininin vəkili bunu təqsirləndirilən şəxsin məhkəmədən yayınması kimi qiymətləndirib və Z. Mirağayev haqqında həbs-qətimkan tədbiri seçilməsi haqda vəsatət qaldırıb: "Mirağayev görür ki, ittihamları sübuta yetirə bilmədi və cəza yaxınlaşır, ona görə də məsuliyyətdən yayınmağa çalışır".
Buna da bax: Səfirin bacısının məhkəməsində Vasim Məmmədəliyevin adı hallandı
“MƏNİ HƏBS ELƏMƏK İSTƏYİRLƏR”
Tələbənin vəkili Elçin Sadıqov buna etiraz edib. Bildirib ki, Mirağayevin səhhətində müəyyən problemlər vardı, ola bilsin, bu səbəbdən gəlməyib.
Hakim Azər Tağıyev bildirib ki, Zəka Mirağayevə məhkəmə haqda bir daha məlumat veriləcək, yenə gəlməsə, müvafiq tədbir görüləcək.
Növbəti məhkəmə iclası iyulun 10-na təyin olunub.
Buna da bax: BDU-da rüşvət qalmaqalı: məhkəmədə səfirin bacısına suçlama
Zəka Mirağayev AzadlıqRadiosu-na bildirib ki, məhkəmənin ədalətli qərar çıxarmayacağına əmin olduğu üçün ölkəni tərk edib: "Ədalətsiz məhkəmə prosesi və ədalətsiz məhkəmə qərarını qəbul edib həbsə girmək istəmirəm. Korrupsiya və rüşvətə qarşı bütün mübarizə cəhdlərimə baxmayaraq, ölkə daxilində şikayətlərimə baxmadılar, Təhsil Nazirliyi və prokurorluq rüşvətlə bağlı şikayətləri araşdırmadı. Təhsil Nazirliyi bildirir ki, bu məsələni BDU öz daxilində həll eləməlidir. Bu absurddur. Çünki BDU özü bu cür halları ört-basdır edir. Rüşvət və korrupsiya hallarını ifşa etdiyimə görə də məni həbs eləmək istəyirlər. Mən də məcbur olub, ölkəni tərk elədim".
Qeyd edək ki, Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.