Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 03:52

BDU-nun dekan müavini tələbəsinin həbsini istədi


Bakı Dövlət Universitetinin “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadə. 29 iyun 2017

Bakı Dövlət Universitetinin “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayevin həbsini tələb edir. Eyni zamanda, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısı olan dekan müavini və onun vəkilləri iyunun 29-da məhkəmədə bu tələblə çıxış edib.

Nigar İsmayılzadə ilə tələbə Zəka Mirağayev arasında ay yarımdır ki, Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə çəkişmə davam edir. İyunun 29-da keçirilən məhkəmədə Zəka Mirağayev fakültənin tələbə və müəllim heyətindən bir neçə nəfərin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Amma vəsatətdə həmin şəxslərin atalarının adlarını, ev ünvanlarını və s. qeyd etmədiyinə görə hakim onların kimliyini müəyyənləşdirə bilməyib. Bu əsasla da vəsatət rədd olunub.

Buna da bax:​ BDU-da rüşvət qalmaqalı: məhkəmədə səfirin bacısına suçlama

MƏHKƏMƏ İSTİNTAQI YEKUNLAŞIB

Nigar İsmayılzadənin müdafiəçisi Kamandar Nəsibov iddia edib ki, tələbə dekan müavini haqqında səsləndirdiyi rüşvət ittihamlarını sübuta yetirə bilmədiyinə görə bu cür vəsatətlərlə prosesi uzatmaq istəyir. Nəsibov məhkəmə istintaqının yekunlaşmasını istəyib.

Kamandar Nəsibov
Kamandar Nəsibov

Amma tələbənin vəkili Elçin Sadıqov məhkəmənin hələ yetərincə araşdırma aparmadığını, dindirilməsini istədikləri şahidlərin gəlib rüşvət faktını təsdiqləyə biləcəklərini deyərək, istintaqın yekunlaşmasına etiraz edib: “Məsələn, tələbələrin rektorluğa şikayətləri əsasında yaradılmış komissiyanın rəyi burada araşdırılmadan məhkəmə istintaqı yekunlaşmamalıdır. O komissiyanın araşdırmalarında, verilən izahatlarla rüşvətlə bağlı xeyli məsələlər var. Ona görə də biz həmin sənədlərin gətirilib burada araşdırılmasını istəyirdik”.

Buna da bax: Səfirin bacısının məhkəməsində Vasim Məmmədəliyevin adı hallandı

Hakim Azər Tağıyev isə bildirib ki, Zəka Mirağayevə öz sübutlarını ortaya qoymaq üçün yetərincə şərait yaradılıb, hətta ötən məhkəmə iclasında vəsatət qaldırıb, dindirilməsini istədiyi şahidlərə çağırış vərəqəsi də göndərilib. Lakin həmin adamlar məhkəməyə gəlməyiblər.

Ardından hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib.

“ANCAQ HƏBSLƏ CƏZALANDIRILSIN ”

Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov tələbənin mətbuata müsahibələrində, yazdığı yazılarda dekan müavininə böhtan atdığını bildirərək, onun məhz həbslə cəzalandırılmasını istəyib: “Bu adam ancaq cəzaçəkmə müəssisəsində ağla gələ bilər. Ora düşəndən sonra əməlinin nəticəsini düşünə bilər. Ona görə də ona cəzaçəkmə müəssisəsində çəkilən cəza verilməsini istəyirik”.

Buna da bax:​ Jurnalistika tələbələrinin kütləvi kəsilməsi nəylə bağlıdır? [yenilənib]

Dekan müavinin digər vəkili Sadiq Rəsulov iddia edib ki, Zəka Mirağayev Nigar İsmayılzadəni “İlahiyyat” fakültəsinin adına layiq olmayan şəxs” adlandırmaqla, onu təhqir edib. Ona görə də Mirağayevin CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Nigar İsmayılzadə də vəkillərinin hər ikisinin çıxışı ilə razılaşdığını söyləyib.

Tələbənin vəkili Elçin Sadıqov isə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Növbəti məhkəmə iclası iyulun 7-nə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG