Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:24

Yapon animasiyasının populyarlığı artır


 2009–2019-cu illərdə Yaponiyanın animasiya sənayesi iki dəfə böyüyüb.
2009–2019-cu illərdə Yaponiyanın animasiya sənayesi iki dəfə böyüyüb.

Yapon animasiyası bir müddət öncəyə qədər yalnız qatı fanatların maraq dairəsi sayılırdı. Ancaq striminqin dünyanı fəth etməsi ilə bu janr qlobal populyarlıq qazandı. Hazırda yapon animasiya sənayesi doymayan tələbi ödəmək üçün var-gücü ilə çalışır.

"The Hollywood Reporter" yazır ki, 2020-ci ildə pandemiya lokdaununun ortasında ABŞ-da kino kassa gəlirlərinin 80 faiz, Yaponiyanın özündə kinoteatr gəlirlərinin 45 faiz azaldığı zamanda yapon animasiya sənayesinin gəlirləri cəmi 3.5 faiz daralmışdı. Ümumilikdə animasiya sahəsi 21.3 milyard dollarlıq bir industriyadır.

Eyni ildə animasiya sənayesi özünün tarixdə ən böyük hitini ekranlara çıxardı. "Demon Slayer the Movie: Mugen Train" adlı fantastik ekşn filmi Şimali Amerikada 48 milyon, Yaponiyanın özündə 365 milyon, bütün dünyada isə 504 milyon dollar gəlir əldə etdi. O, həm də 2020-ci ilin ən iri blokbasteri oldu.

İlk üç yer

2021-ci il üçün yapon kassa gəlirləri reytinqində ilk üç yeri animasiya hitləri tutur. "Jujutsu Kaisen 0" adlı qara fantastik animasiya filmi Qeqe Akutaminin eyniadlı manqa seriyası əsasında çəkilib. Film bu ilin əvvəlində Yaponiyada 106 milyon, Şimali Amerikada 34 milyon, bütün dünyada isə 187 milyon gəlir gətirib.

"Parrot Analytics" konsultant şirkətinin məlumatına görə, dünya bazarında animasiyaya tələbat son iki ildə 118 faiz artıb. Nəticədə animasiya pandemiya dövründə ən sürətlə böyüyən janra çevrilib. Şirkət tələbi ölçərkən istehlak məlumatlarını sosial media fəallığı, sosial video və müstəqil araşdırma ilə kombinə edir.

Yapon animasiya industriyasını yaxından müşahidə edənlər deyirlər ki, bu çiçəklənmə dövrünün bazası illərlə formalaşıb. Yapon Animasiyalar Assosiasiyasının məlumatına görə, pandemiyadan öncəki onillikdə - 2009–2019-cu illərdə Yaponiyanın animasiya sənayesi iki dəfə böyüyüb və onun ümumi dəyəri 22.1 milyard dollara çatıb.

Animasiya intibahı

Bu inkişafın əsas səbəbi animasiya mədəniyyətini qəbul edən tamaşaçı kütləsinin böyüməsidir. Bu, həm Yaponiyanın özünə, həm də dünyanın hər yerinə aiddir. Bir zamanlar Yaponiyanın özündə belə animasiya və manqa fanatları cəmiyyətin normalarına uyğun gəlməyən, öz fantaziya dünyalarında yaşayan, sosial baxımdan qəribə adamlar kimi görülürdü. Yaponiyada belə adamlara "otaku" deyilir. Ancaq artıq meynstrim cəmiyyət animasiyanı yeni "kul" (əla, zövqlü) şey kimi qəbul etməyə başlayıb.

"Son 5-10 ildə Yaponiyada və Qərbdə animasiya intibahı baş verib. Əvvəllər onu xoşladığını deyəni bullinqə məruz qoyardılar. İndi isə hər cür insanlar onun haqqında danışmaq istəyir", - 27-yaşlı animasiya inflüenseri Cozef Tetsuro Bizinqer deyir. Onun YouTube-dakı "Joey the Anime Man" kanalı son 10 ildə 3.2 milyon izləyici toplayıb. "Animasiyanın istiqaməti qeyminqin 1990-cı illərdə getdiyi xəttə bənzəyir. Oyun oynayana "nörd" (aşırı intellektual, obsessiv, ancaq sosial bacarıqları olmayan şəxs- red.) deyirdilər, ancaq bir də baxdıq ki, hamı oyun oynayır. Animasiya da belədir. O, artıq sinfinizdəki bir-iki kütbeyinin baxmağa getdiyi şey deyil. Artıq bütün sinfiniz ona baxmağa gedir", – o deyir.

"Mənə elə gəlir ki, striminq saytlarının mümkün qədər çox animasiya almağa çalışmasının əsas səbəbi də budur. Çünki indi onlar animasiyada böyük potensial görürlər", –Bizinqer əlavə edib.

Azı bir animasiya filmi

Bu ilin martında Tokioda keçirilən "AnimeJapan" konfransında "Netflix" təkcə 2022-ci ildə siyahısına 40 yeni animasiya filmi əlavə edəcəyini bildirib. 2021-ci ildə bütün dünyadakı "Netflix" abunəçilərinin yarıdan çoxu platformada azı bir animasiya filminə baxıb. Digər platformalar da buna bənzər dinamika müşahidə ediblər.

Pandemiyanın bitməsindən sonra kinoteatr biznesi kinoya getməyin üstünlüklərini göstərmək üçün əlindən gələni edir. Bu mənada animasiyanın kinoya getməyi əsl hadisəyə çevirə bilən güclü fanat mədəniyyəti çox yerinə düşür.

"Animasiyaya baxmaq üçün kinoteatra getmək atmosferi normal Hollivud filminə baxmaqdan çox fərqlidir. İnsanlar kospley (nümayiş olunan filmin qəhrəmanları kimi – tərc.) geyinib gəlirlər. Sevdikləri qəhrəman ekrana çıxanda isə sevinclə qışqırışırlar, filmin mahnılarını isə birlikdə oxuyurlar", – "Crunchyroll" animasiya strimeri və distribütorunun kontent işçisi Asa Suehira deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG