Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:44

YAP parlamenti buraxdıra bilərmi?


Milli Məclis
Milli Məclis

Hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentdəki üzvlərinə Milli Məclisin buraxılması ilə bağlı prezidentə müraciət ünvanlamağı tövsiyə edib.

AzadlıqRadiosu bunun hüquqi əsasları olub-olmadığını hüquqşünaslarla araşdırmağa çalışıb.

Hüquqşünas Hafiz Həsənov «YAP-ın partiya kimi prezidentə belə bir müraciət etməsinin hüquqi əsasları yoxdur» deyə cavab verib. Onun dediyinə görə, siyasi partiyanın prezidentdən parlamentin buraxılmasını tələb etmək səlahiyyəti yoxdur: «Bu məsələni tənzimləməli olan qanunvericilik aktlarında, yəni nə Konstitusiyada, nə siyasi partiyalar haqqında qanunda, nə də Milli Məclisin daxili nizamnaməsində belə bir şey var».

H.Həsənov
H.Həsənov

Proqnoz

Hüquqşünas xatırladır: «2016-cı il referendumunda prezidentin parlamenti buraxması məsələsi Konstitusiyanın 98.1 maddəsinə daxil edildi. Orda deyilir ki, Milli Məclis qanunvericiliklə təsbit edilmiş funksiyalarını yerinə yetirmirsə, həmçinin prezident il ərzində 2 dəfə baş nazir, baş prokuror, Milli Bankın İdarə Heyətinin üzvlərini, Konstitusiya Məhkəməsinin sədrini parlamentə təqdim edir və Milli Məclis onu təsdiqləmirsə, bu halda dövlət başçısının qanunverici orqanı buraxması üçün konstitusion əsaslar yaranır. Yəni, belə deyək, parlament böhranı yarandığı halda o buraxılır».

H.Həsənovun sözlərinə görə, YAP-çı deputatlar prezidentə müraciət etsələr belə, bunun əsasında parlamentin buraxılması hüquqazidd addım olacaq. Buna görə də, Milli Məclisin məhz YAP-çıların müraciəti əsasında buraxılmasını güman etmir. H.Həsənov təxminini bölüşür: «Mən bildiyimə görə, YAP-ın Milli Məclisdə 71 nəfər üzvü var. Parlamentin seçkilərdən sonra fəaliyyətə başlaması üçün 83 deputatın səlahiyyətlərinin təsdiqlənməsi tələb olunur. Yəni bir sıra qərarların qəbulu üçün 83, Konstitusiya qanunlarının qəbulu üçün 95 səs çoxluğu tələb olunur. YAP-ın deputatları 71 səslə parlamentin buraxılmasını istəsələr, bu, minimal səs çoxluğunu təmin etməyəcək. Bu halda parlament böhranı görüntüsü yarana bilər. Süni bir böhran yaranacaq. Bu da parlamentin funksiyalarını həyata keçirə bilməməsi görüntüsü yaratdığından prezidentin parlamenti buraxmasına əsas verəcək».

«Qanunverici orqan prezidentin dediyini təkrarlamalıdırmı?»

H.Həsənov YAP-ın «parlamentin prezidentin apardığı islahatlarla ayaqlaşmaması» haqda dediklərinin də əsaslandırılmalı olduğunu vurğulayır. O sual edir: «Qanunverici orqan islahatlara nə cür dəstək verə bilər və ya nə cür geridə qala bilər? Bəlkə, prezident qanunverici təşəbbüslə çıxış edir, islahatlarla bağlı hansısa qanunverici paket göndərir, parlament də onu təsdiqləmir və ya uzadır?». Hüquqşünas Milli Məclisdə belə bir təcrübənin olmadığını söyləyir.

O, daha bir məqama diqqət çəkir. Hüquqşünasın qənaətincə, bu məsələdə hakimiyyət bölgüsünə zidd məqamlar var: «Prezident islahatlar aparır, ancaq qanunverici hakimiyyətin buna qoşulmadığı deyilir. Sual yaranır: qanunverici orqan prezidentin dediyini təkrarlamalıdırmı?».

Sadaladıqlarının yekunu olaraq H.Həsənov bir daha təkrar edir ki, parlamentin buraxılması təşəbbüsü ciddi şəkildə əsaslandırılmalıdır. Buna görə də, parlamentlə bağlı qərarın yaxın günlərdə veriləcəyini düşünmür.

«Tekst dəyişməsə də, kontekst dəyişir»

Hüquqşünas, ReAL üzvü Erkin Qədirli fərqli fikirdədir.

«Milli Məclisin özünü buraxa bilmədiyini söyləyənlər var. Onların arqumenti budur - Konstitusiyada Milli Məclisin belə bir səlahiyyəti yoxdur (yazılmayıb)», –o, Facebook-da yazır:

E.Qədirli
E.Qədirli

«Bizi maraqlandıran mövzuda «Milli Məclisin özünü buraxması» kiçik və zəif arqumentdir. Niyə kiçikdir? Çünki Milli Məclis xalq tərəfindən seçilir, onun funksiyası xalqı təmsil etməkdir, özünü buraxmaqla Milli Məclis bu funksiyaya qarşı çıxmış olur. Niyə zəifdir? Çünki Konstitusiyada yazılmayıb. Odur ki, burada «argumentum a minore ad maius» (kiçik arqumentdən böyük arqumentə doğru) yersizdir. Biz böyük və güclü arqumentdən başlamalı, bununla da «argumentum a maiore ad minus» (böyük arqumentdən kiçik arqumentə doğru) metodundan istifadə etməli olacağıq».

E.Qədirli hesab edir ki, Konstitusiya «canlı» sənəddir, onun teksti dəyişməsə də, konteksti dəyişir: «Ölkə dəyişməyən tekstin girovunda qala bilməz. Hər dəfə də teksti dəyişmək olmur. Birincisi, bu, çox zaman çətin olur. İkincisi, tekstin tez-tez dəyişdirilməsi Konstitusiyanı hörmətdən sala bilər».

O, Milli Məclisin özünü buraxa bildiyi nəticəsinə gəlir və «həmin nəticə bununla legitimliyini itirmiş olmur» deyir.

Hüquqi rəsmiləşdirmə necə olacaq

Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, parlament ətrafında nə baş verdiyi tam anlaşılmır, hətta YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun mətbuata açıqlamasında da qarışıq məsələlər mövcuddur.

O, əvvəla bu məsələni YAP Siyasi Şurasının qaldırmasını qarışıqlıq sayır. İkincisi, 2016-cı il referendumundan sonra Konstitusiyaya edilən dəyişikliklərə görə, prezident parlamenti yetərsay olmadıqda buraxa bilər: «Yetərsay yoxdursa, Milli Məclis funksiyasını icra edə bilmir. Yetərsayın olmaması üçün orda 83 nəfərdən az deputat qalmalıdır. Bu da o zaman mümkündür ki, ya deputatlar kütləvi şəkildə istefa verirlər, ya da kütləvi şəkildə həbs edilirlər. İndiki halda həbs yoxdur. Əli Əhmədovun dediyindən belə məlum olur ki, ortada istefa məsələsi də yoxdur, sadəcə, parlamentin buraxılması qənaətinə gəliblər və bunu prezidentdən xahiş edirlər. Xahişlə parlament buraxıla bilməz».

Ə.Məmmədli
Ə.Məmmədli

Ə.Məmmədlinin sözlərinə görə, qarışıqlığın yaranmasına daha bir səbəb hakim partiyanın hüquqi rəsmiləşdirməni necə aparacağından heç kimin xəbərinin olmamasıdır: «Bunu bilmədiyimizdən şifahi danışıqları qiymətləndiririk. Hüquqi rəsmiləşdirmədə necə olacaq, sənədlər ortaya çıxdıqda biləcəyik».

Ə.Məmmədli YAP-ın tələsik, hüquqşünaslarla məsləhətləşmə aparmadan qərar verdiyini düşünür.

YAP niyə tələsir

Bəs hakim partiya niyə tələsir? Ə.Məmmədlinin sözlərinə görə, söhbət bu günə kimi dövlət başçısını dəstəkləyən, onun dediklərini istisnasız qəbul edən parlamentin buraxılmasından gedir: «Parlament indiyədək notariat funksiyasını icra edib. İndi məlum olur ki, o qədər rahat icraçı olan notariat da lazım deyil».

O, bunun səbəbini də izah edir: «2003-cü ildə Rəcəb Tayyib Ərdoğan ABŞ ordusunun İraqa Türkiyə üzərindən girişinə qadağa qoyan parlament qərarı ilə bağlı demişdi ki, parlament demokratik yerdir, orda fərqli düşüncələr var və mən onlara müdaxilə edə bilmərəm. O, bu yolla tərəfdarı olduğu qərarla bağlı məsuliyyəti Millət Məclisinin üstünə atmışdı. Bəlkə Azərbaycan hökumətinin də bu gün belə bir şeyə ehtiyacı var? Kiməsə «yox» deyə və günahı 100 faiz notariat rolunu oynayan parlamentin üstünə ata bilmir. Dolayısı ilə fərqli bir parlament formalaşdırmaqla «Qərar oradan keçmədi» deməklə üstündəki xarici basqını azalda bilər. Ola bilsin, indiki halda hökumətə bir az idarəolunan, kontrollu, amma görüntüsü fərqli olan parlament lazımdır, nəinki hər şeyi təsdiqləyən. Çünki o halda hamı parlamentin üzərinə gedəcək. Bu, təzyiqi azalda biləcək metoddur».

Ə.Məmmədli parlamentin buraxılmasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu güman edir. YAP sədrinin müavini Ə.Əhmədov da mətbuata açıqlamasında yeni parlamentdə vətənpərvər gənclərin təmsil olunacağından danışıb. Ə.Məmmədli vətənpərvərlik məsələsinin boş yerə vurğulanmadığnı ehtimal edir: «Çox güman, Qarabağla bağlı hansısa addımlar parlament üzərindən atıla bilər. Bu, indiki halda Rusiyanın istəyi ilə konyunktur gərəyi ola bilər».

S.Mirzəyev
S.Mirzəyev

«Ən ağır yuxuda belə görmək mümkün deyil» idi...

Parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi vaxtaşırı gündəmə gəlsə də, rəsmilər bunu təkzib ediblər. Bu il iyulun 29-da Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Report-a demişdi ki, hüquqi dövlətdə Milli Məclis istənilən an buraxıla bilməz: «Səhər yuxudan durdum Milli Məclis xoşuma gəlmədi buraxıram, elə şey ola bilməz».

S.Mirzəyev YAP-ın çağırışı ilə deputatların istefası ehtimalını da mümkünsüz hesab etmişdi: «Guya Yeni Azərbaycan Partiyası göstəriş versə ki, üzvləri iclasa gəlməsin, istefa ərizəsi yazaraq deputat səlahiyyətlərindən imtina etsinlər, onda parlament buraxıla bilər. Bunu ən ağır yuxuda belə görmək mümkün deyil. Ona görə də, deyilənlərin heç bir əsası yoxdur. Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələri layiqincə yerinə yetirir».

Amma noyabrın 28-də hakim partiya üzvlərinə bununla bağlı tövsiyəsini verdi.

Noyabrın 28-də YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, bu il Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib və partiya üzvləri belə qənaətə gəliblər ki, islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır. Onun sözlərinə görə, Azərbaycan parlamentinin yeniləşməsi prezidentin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsi üçün vacibdir. O əlavə edib ki, son referenduma əsasən, prezidentin müəyyən şərtlər daxilində parlamenti buraxmaq səlahiyyəti var: «Bu, islahatların genişlənməsinin bir növüdür. İnanıram ki, qərar parlamentdə yeni ənənənin formalaşmasına öz töhfəsini verəcək».

Müxalifət liderləri isə belə bir addımı «Paşayevlər»in möhkəmlənməsi, «Azərbaycanda sülalə rejimini möhkəmlətmək üçün müəyyən hazırlıqlar» kimi dəyərləndiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG