Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 16:43

'Yeni parlament Mehriban Əliyevanın inzibati resursuna dəstək verəcək'


M.Əliyev

«Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin buraxılması ilə bağlı parlamentdəki üzvlərinə təşəbbüslə çıxış etmək tövsiyəsini AzadlıqRadiosuna şərh edib.

- YAP-ın Milli Məclisin buraxılması haqda qərarı Azərbaycanda gedən son proseslərlə bağlıdır. 2016-cı ildə keçirilən referendum zamanı vitse-prezident postu yaradıldı, sonradan Mehriban Əliyeva vitse-prezident təyin olundu, daha sonra icra hakimiyyətində onun komandasının formalaşmasına başlandı. İndi də parlamentin buraxılması və yenidən formalaşması məhz bu prosesə bağlıdır. Yəni, parlament yeni yaranan icra sisteminə uyğunlaşdırılmalıdır. Ona görə də Milli Məclisə yeni simalar gələcək. Əsas məsələ budur. Qanunverici orqanın gücləndirilməsi yeni yaranan idarəetmə sisteminin tərkib hissəsi və təməlidir.

- Milli Məclis səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırılmış qurumdur. Onun yenidən formalaşması hansı zərurətdən qaynaqlanır?

- Biz deyirik ki, Milli Məclisin səlahiyyətləri yoxdur. Əslində, parlamentdə qanunlar, qərarlar qəbul olunur, çıxışlar edilir. Deputatlar xaricə gedirlər, təmasları var. Mən əvvəldə dediyim zaman çərçivəsində parlamentdə müxtəlif bəyanatlar səslənməkdə idi, müəyyən dairələrə işarə verirdilər, müəyyən qüvvələrin maraqlarını təmsil edirdilər. Son vaxtlara qədər orda müəyyən mübarizə gedirdi. O kürsüdən istifadə edilirdi. Artıq vəziyyət dəyişir, bu olmayacaq. İkincisi, parlamenti işlək vəziyyətə gətirmək istəyirlər. Orda xeyli adam var ki, formal olaraq parlamentin işində iştirak edir, qanunvericilik orqanının üzvlüyünə uyğun deyil. Burda məlumatlı olmaq, müəyyən sahələri bilmək, qanunvericilik bazasını təkmilləşdirmək, təkliflər vermək, işləmək lazımdır. Məncə, parlamentin böyük hissəsi buna qadir deyil. Ona görə dəyişməsi, daha işlək vəziyyətə gətirilməsi gündəmdədir.

- O zaman belə demək mümkünsə, daha peşəkar parlament formalaşacaq?

- Yeni parlament Mehriban Əliyevanın formalaşmaqda olan inzibati resursuna dəstək verəcək. Yəni, bütünlükdə hakimiyyətin yenidən formalaşması prosesi gedir, parlamentin buraxılması da onun tərkib hissəsidir.

- İlin ortasında YAP rəsmiləri parlamentin buraxılması haqda dolaşan xəbərləri təkzib edir, seçkilərin vaxtında, yəni gələn il keçiriləcəyini bildirirdilər.

- Onlar deyirdi ki, prezident seçkisi də vaxtında keçiriləcək. 2017-ci ilin sonlarında Əli Həsənov deyirdi ki, seçki vaxtından tez keçirilməyəcək. Amma bir neçə ay sonra başqa qərar verildi. Amma parlamentlə bağlı gözləntilər vardı. İlham Əliyevin son çıxışlarına baxanda belə təəssürat yaranırdı ki, bu, seçkiqabağı kampaniyaya bənzəyir. Bu haqda yazmaq da istəyirdim, gecikdim. Proses artıq başladı.

- O zaman daha bir növbədənkənar prezident seçkisi keçirilə bilərmi?

- Yox, nəyə lazımdır?! Konstitusiyaya görə, prezident öz vəzifəsini icra etmirsə, onu vitse-prezident növbəti seçkilərə qədər əvəz edir. Sadəcə, parlament seçkiləri aprel-may aylarında ola bilər. Ancaq ona qədər çox mühüm hadisələr baş verə bilər ki, bu da prosesə dəstək versin.

Günün bütün mövzuları

XS
SM
MD
LG