Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:55

Pensiyalar niyə yubanır? [ekspert rəyi]


"ATM". Karikatura.
"ATM". Karikatura.

“Sosial müdafiə fondları siyahını banklara göndərib, amma bankın özündə pul yoxdur verməyə. O pul ora xəzinədarlıqdan, Maliyyə Nazirliyindən gəlməlidir. Beynəlxalq Bankda Maliyyə Nazirliyinin ayrıca hesabı var, gərək nazirliyin xəzinədarlığı bunu hesablasın keçirsin ki, bank da versin”.

Bu il pensiyaların verilməsi yubanır. AzadlıqRadiosu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng vuraraq səbəbi ilə maraqlanıb. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev günün birinci yarısında “Xəbərim yoxdur, yarım saata zəng vurun, öyrənib deyərəm” söyləsə də, sonradan zənglərə cavab verməyib.

Buna da bax:​ Müavinətlər və pensiyalar verilmir

Bir qədər öncə o, “APA” informasiya agentliyinə deyib ki, pensiyalar bir neçə günə veriləcək. “Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq. Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil”, – Babayev bildirib.

O, pensiyaların maliyyə təminatında heç bir problem olmadığını deyib: “Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmazlığı kimi qiymətləndirilməsi doğru deyil. Bildiririk ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq”.

Buna da bax: Qiymətlər qalxır, maaşlar, pensiyalar yox

İqtisadçı Oqtay Haqverdiyev
İqtisadçı Oqtay Haqverdiyev

“O zaman yanvarın 5-dən pensiyalar da verilə bilərdi”

AzadlıqRadiosu Nazirlər Kabinetinin təqaüddə olan keçmiş əməkdaşı, iqtisadçı ekspert Oqtay Haqverdiyevlə danışıb:

– Oqtay müəllim, pensiyanızı almısızmı?

– Yox hələ almamışam.

– Sizcə, niyə yubanır?

– Hər il ilin əvvəlində belə olur. Köhnə bağlanır, yenisi açılır. Prosedur bir az uzun çəkir. Hər halda, mənə demişdilər ki, həftənin axırına pensiya veriləcək. Bu gün dördüncü gündür, sabah olacaq-olmayacaq, deyə bilmirəm. Yəqin bir neçə günə verərlər. Problem olmamalıdır. Pul var.

Buna da bax:​ Pensiyalar artacaq

– O zaman yubanma nəylə bağlıdır?

– Bürokratik prosedur var. İl qurtaranda gərək Maliyyə Nazirliyi, xəzinədarlıq haqq-hesaba yekun vursun, desin ki, 2016-cı ilin xərcləri bağlandı, nöqtə. Sonra baxırlar yerdə nə qalıb. Adətən nəsə qalır, dekabrın 31-də vergidən nəsə gəlir, amma xərclənmir, keçir yeni ilə. Yanvarda maaş və pensiyaları onun hesabına bağlayırlar. Sonra hər şey yavaş-yavaş yoluna düşür.

– Oqtay müəllim, adətən, xarici ölkələrdə ilin sonunda bu cür işləri bir qədər tezləşdirirlər ki, bayramdan sonra əhali maaş və pensiyaların alınmasında əziyyət çəkməsin. Azərbaycanda da bunu etmək olmazmı?

– Bu vəziyyət Azərbaycanda belədir də, hər yerdə belə deyil ki. Bir də lap Amerikanın özündə olsun, orda da buna oxşar problem yarana bilər, ancaq o cür ölkələrdə həyat səviyyəsi yüksək olduğundan, hər bir insanın az-çox qara gün üçün yığımı olduğundan bu problem o qədər də nəzərə çarpmır. Azərbaycanda isə, əvvəla, büdcənin kəsiri var, onu bağlamaq lazımdır. O da böyük problemdir. Bir də bayaq dediyim kimi, bürokratik əngəllər də var. Ancaq əlbəttə, dekabrın 25-dən haqq-hesabı bağlamaq olardı. O zaman yanvarın 5-dən pensiyalar da verilə bilərdi.

Buna da bax: 100 dollar pensiya alan təqaüdçü bayramı necə sevsin?

– Azərbaycanda elə insanlar, elə ailələr var ki, ancaq bu pensiyaya möhtacdırlar, tək dolanışıq mənbəyi odur.

– Bu gün mənə üç-dörd adam zəng vurub ki, ay Oqtay müəllim, niyə yubanır pensiyalar?.. Keçən il də belə olmuşdu. Mən özümdən götürürəm. Adətən ayın 6-da, 7-də pensiyamız olurdu, ancaq keçən il də ilin əvvəlində gecikmə olmuşdu, pensiyaların verilməsi yanvarın 16-na gedib çıxmışdı. Pul var, ancaq gərək hesaba keçirsinlər. Sosial müdafiə fondları siyahını banklara göndərib, amma bankın özündə pul yoxdur verməyə. O pul ora xəzinədarlıqdan, Maliyyə Nazirliyindən gəlməlidir. Beynəlxalq Bankda Maliyyə Nazirliyinin ayrıca hesabı var, gərək nazirliyin xəzinədarlığı bunu hesablasın keçirsin ki, bank da versin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG