Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Araşdırma: Viktor Yanukoviç başqa adla Soçidə yaşayır

Viktor Yanukoviç
Viktor Yanukoviç

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç qeyri-rəsmi nikahda olduğu Lyubov Polejay və onun qızı Mariya ilə birlikdə Soçidə yaşayır. "Telebaçennya Toronto" layihəsi jurnalistlərinin araşdırması bunu üzə çıxarıb.

Araşdırmaya görə, Yanukoviç Rusiyada Oleq Leonov adı ilə yaşayır. "Leonova" onun anasının qızlıq soyadıdır. Polejay isə Rusiyada Sadıkova qızlıq soyadı ilə yaşayır. Yanukoviçin böyük oğlu Aleksandr, onun həyat yoldaşı və iki övladı isə Sokolov soyadını daşıyırlar.

Araşdırma müəllifləri öyrəniblər ki, Yanukoviç və Polejay Soçidə Yesaulenko küçəsindəki "Blaqodat" kompleksində yaşayırlar. Təxminən üç hektarlıq ərazidə bir neçə ev, bağ, ibadətgah və süni göl yerləşir. Jurnalistlər xarici oxşarlığına görə bu malikanəni Yanukoviçin Kiyev yaxınlığındakı keçmiş iqamətgahına istinadla yeni "Mejiqorye" adlandırırlar.

Bundan başqa, Polejayın Rusiyada yüzlərlə hektar torpaq sahəsi, beş mənzili, beş evi və daha dörd daşınmaz əmlak obyekti var. "Telebaçennya Toronto"nun məlumatına görə, o, kənd təsərrüfatı torpaqlarını icarəyə verməklə son dörd ildə 50 milyon rubldan (638 min ABŞ dolları) çox gəlir əldə edib.

Aleksandr Yanukoviçin həyat yoldaşı Alyona Yanukoviç də Rusiyada ümumi sahəsi 27 min kvadratmetr olan daşınmaz əmlaka sahibdir. Bunlara Moskva vilayətinin elit kottec qəsəbəsində yerləşən 18 milyon dollarlıq malikanə də daxildir.

2024-cü ildə Ukraynanın keçmiş prezidentinin gəlini Alyonanın bank depozitlərində 3.5 milyon dollar, oğlu Aleksandrın hesablarında isə 5 milyon dollar vəsaitin olduğu bildirilir.

Jurnalistlərin sözlərinə görə, V.Yanukoviçi və ailəsini əvvəllər Ukraynanın Dövlət Mühafizə İdarəsində, hazırda Rusiyanın Federal Mühafizə Xidmətində (FSO) çalışan və Ukraynada axtarışa verilmiş şəxslər mühafizə edirlər.

V.Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti olub. 2014-cü ilin fevralında ölkədə siyasi böhran yaranıb, Avromaydan iştirakçılarına atəş açılıb. Bundan sonra Yanukoviç ölkəni tərk edib. 2019-cu ilin yanvarında Ukrayna məhkəməsi onu dövlətə xəyanət və təcavüzkar müharibənin aparılmasına yardım ittihamı ilə qiyabi olaraq 13 il azadlıqdan məhrum edib. 2025-ci ilin aprelində isə sərhədin qanunsuz keçilməsinin təşkili və fərariliyə təhrik işi üzrə daha 15 il həbs cəzasına məhkum olunub.

2022-ci ilin dekabrında Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Yanukoviçin bütün əmlakının dövlətin xeyrinə müsadirə edilməsinə qərar verib. Müsadirə olunan əmlaklar arasında "Mejiqorye" iqamətgahı, Suxoluçyedəki hotel-restoran kompleksi, fərdi yaşayış evi, Kiyevdə Obolon sahilində yerləşən mənzil və bir neçə parkinq yeri də var.

XS
SM
MD
LG