Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:47

Binəqədi yanan bina işi: 'O binanı yandırıblar...'


Yanan bina.

"O yanğında insan tələfatının çox olmasının səbəbi nə üzlük materialdı, nə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları. O binanı yandırıblar və yanğını təşkil edənlər yolda da bir avtobusun motorunu söndürməklə tıxac yaratmışdı, ona görə yanğınsöndürənlər hadisə yerinə bir saat gec gəlib çatdılar. Başqa bir səbəb isə binanın standartlara uyğun tikilməməsi, təxliyə-çıxış yollarının olmamasıdı".

2015-ci ilin mayında Azadlıq prospektində 16 mərtəbəli binada 15 nəfərin öldüyü yanğına görə həbsdə olan, binanı üzləmiş "Global Construction" və həmin üzlükləri buraxmış "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov bu fikirdədi. O, yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində son sözünü deyib.

Buna da bax:​ Binəqədi yanğın işi: 'Əzizlərimin 3-nü verəndən sonra icradan gəldilər'

"Allahım da, padşahım da mənə kömək olacaq"

Mahmudov bu hadisəni "ölkədəki peşəkarın əli ilə həyata keçirilmiş, amma kənardan idarə olunan düşmən işi" adlandırıb. Onun fikrincə, məqsədlərdən biri də onu prezidentin gözündən salmaq olub: "Gözümün içinə baxa-baxa dedilər ki, ‘səni və şirkətini prezidentin gözündən salarıq’. Bu gün həmin adamları təbrik edirəm. Necə qüdrətli adamlardılar ki, dediklərini elədilər. Yanğın yerində tüstü çıxmamış düşmənə uyğun mediada yazdırdılar ki, guya, səbəb üzlüklərdi".

Miryusif Mahmudov əvvəlki məhkəmə iclaslarında bildirib ki, Xətaidəki bina yanğınından sonra MTN əməkdaşları ondan 300 min pul istəyib, əks halda, prezidentə onun şirkəti haqda mənfi hesabat veriləcəyi ilə hədələyiblər.

Buna da bax: Binəqədidə yanğına görə təqsirləndirilənlərə iş istənildi

Yanğından dərhal sonra müşavirədə onun şirkətinin gördüyü işlər, buraxdığı poliuretan üzlüklər haqda prezidentə yalan məlumatlar verildiyini deyən Miryusif Mahmudov son sözündə məhkəmədən bəraət istəməyib: "Mənim bəraətimi tarix verəcək. Mən sizdən istintaq və məhkəmə gedən müddətdə həbsdə yatdığım dövrü istəyirəm. Mən mərd adamam. Əminəm ki, Allahım da, padşahım da mənə kömək olacaq".

"Orada zibil olmayıb"

Yanan binanın yerləşdiyi əraziyə baxan 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəhbəri olmuş Nizami Orucov da məhkəmədə son sözünü deyib.

İttihama görə, yanğın binaya bitişik tikilinin damında toplanmış zibildən başlayıb. Nizami Orucov isə deyir ki, yalandı, tikilinin üstündə zibil olmayıb: "Binanın üzlənməsinə mənim heç bir aidiyyətim olmayıb - nə sifarişçi olmuşam, nə də podratçı. Mənim işim binanın təmizliyinə nəzarət etmək olub. Burada ifadə verən sakinlər də bildirdilər ki, ərazi daim təmiz olub, məişət tullantıları vaxtında daşınıb. Binaya bitişik qeyri-yaşayış sahəsinin damını da sahibi hadisədən təxminən iki ay əvvəl dəyişmişdi - yumşaq dam örtüyü dəmir dam örtüyü ilə əvəz olunmuşdu. Ora zibil yığıla bilməzdi. Mən ömrümdə qanunu pozmamışam. İndi 65 yaşımda qapalı rejimdə saxlanılıram".

Buna da bax:​ 'Müşavirədə prezidenti aldatdılar'

"Birinci dəfədir həkimin yanğına görə cəzalandırıldığını görürəm"

Yanğına görə cinayət məsuliyyətinə cəlb olunanlar arasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əliyev də var. O, son sözündə deyib ki, yanğına görə həkimin məsuliyyətə cəlb olunmasına ilk dəfədi rast gəlir: "Nə qədər axtarsam da, elə bir sənəd tapmadım ki, mənim həkim olaraq, yanğına görə cavabdehlik daşımağım orada öz əksini tapsın. Özümü qətiyyən təqsirli bilmirəm. Xahiş edirəm, mənə bəraət verəsiniz".

Müqavilə əsasında "Dərnəgül Boru Zavodu"nun sınaq laboratoriyasının müdiri işləmiş, BDU-nun müəllimi Ağacavad Məmmədov da günahsız olduğunu deyib və bəraət istəyib.

Buna da bax: Yanan binaya görə DTX-ya məktub: 'Təxribat idi...'

Binəqədi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov deyir ki, 2013-cü ilin iyununda bu vəzifəyə təyin olunub, avqustda isə binanın iki il davam edən üzlənməsi başa çatıb: "Mənim üzərimə yanğın təhlükəsizliyinə nəzarət vəzifəsi qoyulmayıb".

Təqsirləndirilən şəxslərdən son sözünü deməyən yalnız "Global Stone" şirkətinin baş direktoru Uğur Bəşirov qalıb. O da yanvarın 26-da keçiriləcək növbəti məhkəmə iclasında son sözünü deyəcək.

Buna da bax:​ 'O üzlüklərə saxta rəy verilməsəydi, bu qədər adam da ölməzdi'

Xatırlatma

Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə önünə 8 nəfər çıxarılıb. Onlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib.

Təqsirləndirilən şəxslər arasında 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, "Global Construction" MMC-nin İdarə Heyətinin sədr müavini Ələkbər Əsgərov da var.

Təqsirləndirilən 8 nəfərdən ikisi - Akif Əlibəyov və Ağacavad Məmmədov həbsdə deyil.

XS
SM
MD
LG