Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:10

'O üzlüklərə saxta rəy verilməsəydi, bu qədər adam da ölməzdi'


16-mərtəbəli bina yandı
Gözlə

No media source currently available

0:00 0:07:43 0:00

16-mərtəbəli bina yandı

Şahid bina yanğınına görə Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, bu iş üzrə təqsirləndirilən səkkiz nəfərdən biri - Akif Əlibəyovu birbaşa günahkar bilir. Belə bir iddiayla Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla əlaqədar şahid olan Məlahət Ağasıyeva məhkəmədə çıxış edib. O deyir ki, A.Əlibəyov binaya vurulmuş poliuretan üzlüklər barədə saxta müsbət rəy verilməsəydi, bu qədər adam ölməzdi, yaralanmazdı.

M.Ağasıyeva istintaq zamanı könüllü gedib ifadə verib. Məhkəməyə isə ərizə göndərib. Bina yanğını üzrə noyabrın 10-da keçirilən məhkəmə iclasında hakim onun ərizəsini elan edib. Ərizədən məlum olur ki, M.Ağasıyeva A.Əlibəyovun işçisi olub, indi isə münasibətləri düşmənçilik səviyyəsindədir. Amma yazır ki, keçmiş rəhbərinin əleyhinə səsləndirdiyi fikirlərin aralarındakı düşmənçiliyə dəxli yoxdur.

«ONA 3 DƏFƏ TÖHMƏT VERMİŞƏM»

M.Ağasıyevanın sözlərinə görə, o, Mərkəzin Əməyin Mühafizəsi və Ətraf Mühitin Mühafizəsi bölməsinin həkimi olub. İşlədiyi dövrdə Mərkəzdə müxtəlif məhsullarla bağlı ciddi yoxlama aparılmadan müsbət rəy verildiyinin şahidi olub: «Akif Əlibəyov məhsullara müsbət rəy verilməsi üçün əməkdaşlara təzyiq göstərirdi. Onun iş prinsipini nəzərə alaraq, hesab edirəm ki, hadisənin səbəbi binaya vurulan üzlüklərlə bağlı Akif Əlibəyov tərəfindən saxta uyğunluq sertifikatının verilməsidir. O üzlüklərə saxta rəy verilməsəydi, bu qədər adam da ölməzdi».

A.Əlibəyov isə şahidin istintaqa ifadəsində və məhkəməyə göndərdiyi ərizədə yazılanların əsassız, qərəzli olduğunu deyir. M.Ağasıyeva ilə aralarındakı düşmənçiliyin səbəbini isə belə izah edir: «İşlədiyi dövrdə ona üç dəfə töhmət vermişəm. 65 yaşı tamam olanda, onunla müqavilə bağlamadıq və təqaüdə göndərildi. Bundan sonra bizdən şikayətlər eləməyə başladı. Məhkəməyə müraciət etdi. Hər üç məhkəmə instansiyası şikayəti rədd etdi. O, qeyri-adekvat adamdı. Dediklərinin heç bir əsası yoxdur. Özü də yazır ki, poliuretan məhsulu barədə məlumatı yoxdur, amma rəy verir ki, səbəb budur».

Binada yanğın - 19 may 2015
Binada yanğın - 19 may 2015

A.Əlibəyovun vəkili Elxan Süleymanov ümumiyyətlə, bu ifadənin və ərizəsinin sübutlar siyahısından çıxarılmasını istəyib: «Adam özü etiraf edir ki, aralarında düşmənçilik var. Belə olan halda onun ifadəsi obyektiv sayıla bilməz».

21 NƏFƏRLİK ƏLAVƏ ŞAHİD SİYAHISI

Təqsirləndirilən şəxslərdən binanı üzləmiş «Global Construction» və üzlükləri istehsal etmiş «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova məhkəməyə 21 nəfərlik siyahı təqdim edib və o adamların əlavə şahid kimi dindirilməsini istəyib.

«Məsələn, «Global Construction» şirkətində baş direktorun müavini Arif Əliyev. Bu adam birbaşa təhlükəsizlik məsələlərinə məsul olub. Hadisədən bir müddət əvvəl MTN əməkdaşları məhz onun vasitəsilə şirkət rəhbərliyindən pul tələb edib, onunla telefon əlaqəsi yaradılıb. Bundan əlavə, poliuretan üzlük Azərbaycanda yeni sahə olduğu üçün şirkət rəhbərliyi Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşlarını dəvət edib, mütəxəssis kimi onlardan məsləhətlər alıb. İşin obyektiv araşdırılması üçün bu adamların hamısı dindirilməlidir», – vəkil vəsatətini əsaslandırıb.

Məhkəmə bu məsələyə noyabrın 15-də keçiriləcək növbəti iclasda münasibət bildirəcək.

XATIRLATMA

Ötən il mayın 19-da baş vermiş yanğın ucbatından səkkiz nəfər məhkəmə qarşısına çıxarılıb: «Global Construction» və «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov, «Global Construction» MMC sədrinin müavini Ələkbər Əsgərov, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyəti təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, «Dərnəgül Boru» zavodunun laboratoriya rəhbəri, BDU-nun müəllimi Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov. Onlara CM-in 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib.

Təqsirləndirilən şəxslərdən Akif Əlibəyov və Ağacavad Məmmədov həbsdə deyillər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG