Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:54

Sümbülə Əliyeva: 'Yalçın İmanov qanunu kobudcasına pozub'


Yalçın İmanov
Yalçın İmanov

«Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılması əsaslandırılmış qərardır», – Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sümbülə Əliyeva AzadlıqRadiosuna belə deyir.

«Bu məsələ Rəyasət Heyətində müzakirə edilib, əsaslandırılıb. Mən hazırda məhkəmədəyəm, zəngə görə zaldan çıxdım. Bir kəlməylə danışmaq çətindir. Ancaq qərar əsaslandırılıb, çünki Yalçın müəllim «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunu kobudcasına pozub», – deyə S.Əliyeva əlavə edib.

O, Y.İmanovun qanunu hansı formada pozması haqda sualı cavabsız buraxıb. «Mən sizə dedim ki, məhkəmədəyəm. Olarmı sonra danışaq? Məhkəmə gedir, indi hakim düşəcək. Əgər cavab verməsəm, bilin ki, prosesdəyəm», – deməklə söhbətə yekun qoyub.

«BÜTÜN SƏNƏDLƏR AYDIN AXUNDOVDADIR»

AzadlıqRadiosu bir neçə gündür Vəkillər Kollegiyasından bu məsələylə bağlı açıqlama almağa çalışır. Kollegiyanın sədr əvəzi Fərhad Nəcəfov noyabrın 21-də Rəyasət Heyətinin sədri Aydın Axundovla əlaqə saxlamağı məsləhət görüb: «Bütün sənədlər ondadır, onunla danışın».

***Buna da bax-Y.İmanov: 'Bir narahatlığım var, həbsdəki dostlarla sağollaşa bilmədim'

Bu məsələdə daha çox adı hallandırılan A.Axundov və onun müavini Anar Bağırov israrla bir neçə gündür zənglərə cavab vermirlər.

Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev isə sualı dinlədikdən sonra «Mən iclasdayam» deyib və növbəti zəngləri cavablandırmayıb.

«ONU HEÇ KİM HEÇ YERDƏN UZAQLAŞDIRMAYIB»

Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) əlaqəli qurumları Y.İmanovun vəkillik səlahiyyətlərini bərpa etməyə çağırıb.

IBAHRI həmsədri Yens Korell bildirib ki, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı narahatlığını ifadə edən, mənfi hallar haqqında danışan vəkillər intizam cəzalarına məruz qalırlar.

***Buna da bax-IBAHRI: 'Yalçin İmanovla bağlı qərar ləğv edilsin'

Vəkillər Kollegiyasının sədr əvəzi F.Nəcəfov isə AzadlıqRadiosuna deyir ki, Y.İmanov qanun pozuntusuna yol verdiyinə görə vəkillik fəaliyyəti dayandırılıb və məhkəməyə müraciət edilib:

«Onu heç kim heç yerdən uzaqlaşdırmayıb. Məhkəmə də hansı hüquqi qiymət versə, ona hörmətlə yanaşacağıq».

Kollegiyanın sədr əvəzi müstəqil, həbs edilən və ya saxlanılan hakimiyyət tənqidçilərinin müdafiəsinə çıxan vəkillərin Kollegiyadan uzaqlaşdırılması və ya başqa formada cəzalandırılması haqda deyilən iradlarla da razılaşmır.

O BİRİ VƏKİLLƏRİN AQİBƏTİNƏ GƏLİNCƏ: «ONU GƏLƏCƏK GÖSTƏRƏR»

Yeri gəlmişkən, siyasi motivlə həbs olunan şəxslərin müdafiəsi ilə məşğul olan Əsabəli Mustafayev, Nemət Kərimli, Elçin Sadıqov, Aqil Layıc, Fəxrəddin Mehdiyev kimi vəkillərlə bağlı da Kollegiyaya şikayət daxil olub və bu günlərdə baxılması gözlənilir.

F.Nəcəfov həmin şikayət və müraciətlərin hazırda araşdırıldığını bildirib. O, «Həmin şəxsləri də Yalçın İmanovun aqibəti gözləyə bilərmi» sualına belə cavab verib: «Onu gələcək göstərər. Şikayətlər İntizam Komissiyasında araşdırılır. Onlar qiymət verəndən sonra Rəyasət Heyətində araşdırılacaq».

Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılır.

Bu qərar avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova istinadən onun Qobustan Qapalı Həbsxanasında işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və Qobustan həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Ədliyyə polkovniki O.Məmmədov isə iddia edib ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışır.

İndiyədək bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin «siyasi məhbus» kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib. Ancaq Kollegiya bunları danıb, hər bir vəkilin qurumdan uzaqlaşdırılmasına fərqli səbəblər göstərib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG