Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 04:12

Vəkillər Kollegiyası Yalçın İmanovla bağlı rəyi saxtalaşdırıb?


Yalçın İmanov

«Vəkillər Kollegiyasının Rəyasət Heyəti təkcə insan hüquqlarının müdafiəsi ilə gerçəkdən məşğul olan vəkillərin bu qurumdan xaric olunması ilə bağlı sifarişləri can-başla icra eləmir, həm də sənədləri saxtalaşdırmaqla, dəyişməklə məşğul olur», – vəkil Yalçın İmanov fevralın 21-də öz məhkəməsində çıxış edərkən belə deyib.

Gəncə İnzibati-İqtisadi Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün qaldırdığı iddiaya baxılıb. Məhkəmədə Vəkillər Kollegiyasının rəhbərliyini Bəylər Məmişov təmsil edib.

Y.İmanov bir neçə vəsatət qaldırıb. İlk vəsatət iddianın baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi haqda olub. Vəsatətini əsaslandırarkən deyib ki, indiyə qədər təcrübədə Vəkillər Kollegiyasının bu qəbildən olan iddialarına rayon məhkəmələri baxıb. Cavabdeh kimi fiziki şəxs odur və Sumqayıtda yaşayır, bu şəhərin hüquq məsləhətxanasında fəaliyyətini davam etdirir.

B.Məmişov vəsatətə etiraz edib, bildirib ki, iddiaya elə bu məhkəmədə baxılmalıdır.

Hakim Rəşad Mamedov da vəsatəti təmin etməyib.

***Buna da bax - Leyla İsmayılzadə: 'Yalçın İmanov məhbus yaxınlarımız üçün təkcə vəkil deyildi...'

Y.İmanov ikinci vəsatətində Vəkillər Kollegiyası Rəyasət Heyətinin iddiaçı statusunda çıxış etməsinə etirazını bildirib. Vəsatətini də belə əsaslandırıb ki, hüquqi şəxs Vəkillər Kollegiyasıdır, iddia da bu qurumun adından qaldırılmalıydı. Bu vəsatət də təmin olunmayıb.

«Fəaliyyətimin dərhal dayandırılması qanunsuz idi»

Məhkəmədə məlum olub ki, Y.İmanova vəkillik fəaliyyətinin dayandırılmasına səbəb olan şikayət və qərarların surətləri (Penitensiar Xidmətin rəis əvəzinin ondan şikayəti, Kollegiyanın İntizam Komissiyasının rəyi, fəaliyyətinin dayandırılması haqda qərar və həmin iclasın protokolu) indiyə qədər verilməyib. Y.İmanov həmin sənədlərin ona təqdim olunması haqda vəsatət qaldırıb. Müzakirələrdə üzə çıxıb ki, Y.İmanovun vəkillik fəaliyyətinin dayandırılması haqda Rəyasət Heyətinin 20 noyabr 2017-ci il tarixli qərarı və o iclasın stenoqramı məhkəməyə də təqdim olunmayıb.

Hakim bu vəsatəti də təmin etməyib.

***Buna da bax-Vəkillər Kollegiyasının sədri: 'Fəxrəddin Mehdiyev özü də bildirib ki, 'bəli, mən filan işləri görmüşəm''

Ardınca Y.İmanov da Vəkillər Kollegiyası Rəyasət Heyətinin onunla bağlı 20 noyabr 2017-ci il tarixli qərarının ləğvi tələbiylə qarşılıqlı iddia ərizəsi qaldırıb. Həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə təqdim edib: «Bu iş üzrə məhkəmə uzun çəkəcək. Mənim fəaliyyətimin dərhal dayandırılması qanunsuz idi. Çünki müqavilə öhdəliklərim vardı. Ən azı, mənimlə bağlı yekun qərara qədər icraatımda olan işlər üzrə məhkəmələrə çıxmağım təmin olunmalıdır».

Qarşı tərəfin nümayəndəsi qarşılıqlı iddiaya da, ərizəyə də etiraz edib. Hakim də Vəkillər Kollegiyası Rəyasət Heyətinə qarşı iddianı icraata götürməkdən imtina edib. Müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə isə növbəti məhkəmə iclasında baxılacağını söyləyib.

Rəy
Rəy

Daha sonra B.Məmişov iddianı əsaslandırarkən deyib ki, Vəkillər Kollegiyasının İntizam Komissiyası Y.İmanovun hərəkətlərində pozuntu aşkarlayıb və bu haqda rəy verib. Y.İmanov isə etiraz edərək, İntizam Komissiyasının rəyinin saxtalaşdırıldığını söyləyib:

***Buna da bax-Fəxrəddin Mehdiyevin də vəkillik fəaliyyəti dayandırıldı

«İntizam Komissiyasının rəyi 19 sentyabrda mənə elan olunmuşdu, mən də ona dair əlavələrimi təqdim etmişdim. O rəydə yazılmışdı ki, «Penitensiar Xidmətin mənimlə bağlı şikayəti xüsusi araşdırma tələb edir, İntizam Komissiyasının isə belə bir araşdırma aparmaq səlahiyyəti yoxdur. Ona görə də vəkil Y.İmanovun hərəkətlərində intizam pozuntusu olub-olmadığını müəyyən etmək mümkün deyil». Bu rəydə isə yazılıb ki, guya, mən «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunu, vəkillərin davranışı haqda Əsasnaməni kobud şəkildə pozmuşam, səlahiyyətli orqanların araşdırmasını gözləmədən mətbuata açıqlama vermişəm».

İddiaçının nümayəndəsi B.Məmişov deyib ki, ilkin rəy elə olub, sonradan dəyişdirilib.

«Vəkillər Kollegiyası rəhbərliyinin onların qayğısına qalması gülməlidir»

Daha sonra Y.İmanov izahat verib. Deyib ki, intizam pozuntusuna yol verməyib, müvəkkilinin pozulmuş hüquqlarının müdafiəsi üçün qanunun verdiyi imkanlardan istifadə edib:

«Mən Abbas Hüseynovun («Müsəlman Birliyi» adlı hərəkatın sədr müavini, 2015-ci ilin sonunda hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı saxlanıb, 20 il həbs cəzasına məhkum edilib – red.) özünün yazılı izahatına, həmçinin gözümlə gördüyüm işgəncə izlərinə əsaslanıb mətbuata açıqlama vermişəm. Eyni zamanda, işgəncə faktı ilə əlaqədar prokurorluğa, Ombudsman Aparatına, məhkəməyə, Penitensiar Xidmətə müraciət etmişəm. Vəkillər Kollegiyası yazır ki, niyə səlahiyyətli orqanların araşdırmasını gözləməmişəm? 9 avqustda Penitensiar Xidmətə müraciət eləmişəm, onlar isə araşdırma aparmaq əvəzinə 10 avqustda məndən Vəkillər Kollegiyasına şikayət ediblər. Məhkəmə ümumiyyətlə, iddianı qəbul etməyib. Prokurorluq da bu günə qədər müraciətimə cavab verməyib. Nəhayət, vəkilin mediaya açıqlama verməsi qanunazidd hesab oluna bilməz».

İddia ərizəsində yazılıb ki, Y.İmanov işgəncə haqda məlumatı yaymaqla Penitensiar Xidmətin və Qobustan həbsxanasının rəhbərliyinin işgüzar nüfuzuna ziyan vurub: «Vəkillər Kollegiyası rəhbərliyinin onların işgüzar nüfuzunun qayğısına qalması gülməlidir. Əgər belə bir fakt vardısa, özləri məhkəməyə müraciət edə bilərdilər».

Y.İmanov çıxışının sonunda bildirib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin onunla bağlı 20 noyabr 2017-ci il tarixli qərarı Avropa Konvensiyasının 8 (şəxsi və ailə həyatına hörmət), 10 (fikri ifadə etmək azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə təminat verilən hüquqlarının pozulmasıdır.

Məhkəmə martın 16-da davam edəcək.

XS
SM
MD
LG