Rusiya ordusunda çağırışçıların müqavilə imzalamağa məcbur edildiyi bildirilir. Yakutiyadan 19 yaşlı çağırışçıların ailələri onlara zorla imzalatdırılmış müqavilələri ləğv etdirmək üçün Xabarovska gediblər.
Doqquz çağırışçı Komsomolsk-na-Amuredə yerləşən hərbi hissəyə aparılmalı idi, lakin onları Xabarovskdakı paylama məntəqəsində saxlayıblar. Əsgərlərin sənədləri və telefonları əllərindən alınıb, onlardan altısı müqaviləni imzalayana qədər döyülüb. Hüquq müdafiəçiləri bildirir ki, Rusiya ordusunda çağırışçıların məcburi şəkildə müqaviləyə keçirilməsi artıq kütləvi xarakter alıb. Onlar müraciətlərin təxminən yarısının məhz müddətli hərbi xidmətdə olan əsgər ailələrindən gəldiyini deyirlər.
AzadlıqRadiosu rus xidmətinin "Sibir.Realii" layihəsi saxta müqavilənin ləğvinə nail ola bilmiş bir çağırışçının yaxınları ilə əlaqə saxlayıb. Onların sözlərinə görə, bu məsələdə yalnız ictimailəşdirmək dadlarına çatıb.
"Altı nəfəri belə qorxudub imza atdırıblar"
19-yaşlı çağırışçı Nikita Vasilyevin anası Yelena sosial şəbəkələrdə yazıb ki, oğlunun olduğu Xabarovskdakı hərbi hissəyə yola düşüb.
Nikita və Yakutskdan daha səkkiz çağırışçı Xabarovsk diyarının Komsomolsk-na-Amure şəhərində hərbi hissəyə aparılmalı idi. Lakin onları ora aparmayıblar.
Maksim İvanov adlı çağırışçının qohumu İnna danışır ki, əsgərləri qanunsuz şəkildə Xabarovskdakı paylama məntəqəsində saxlayıblar və müqavilə imzalamağa məcbur ediblər: "Saatlarla qaçdırıb, qazyerişi getməyə məcbur ediblər, yatmağa qoymayıblar. Etiraz edənləri döyüblər. Deyiblər ki, müqavilə imzalamasanız, sizi ən təhlükəli nöqtəyə göndərəcəyik - ilk dəqiqədə öləcəksiniz. İmzalasanız, arxada, təhlükəsiz yerdə olacaqsınız. Altı nəfəri belə qorxudub imza atdırıblar. Telefonsuz, yaxınlarından uzaqda onlar nə edə bilərdi? Təbii ki, qorxublar. Müqaviləni imzalayadan sonra onlardan biri telefon tapa bilib, ailələr bu yolla xəbər tutdu. Yoxsa heç nə bilməyəcəkdik".
Ailələr artıq Hərbi Prokurorluğa, İstintaq Komitəsinə müraciət edib, Müdafiə Nazirliyinə müqavilələrin ləğv olunması barədə ərizə təqdim ediblər.
Əvvəlki şikayətlər
Fevralda Yakutiyadan olan digər çağırışçıların anaları İstintaq Komitəsinə, prokurorluğa və Dövlət Dumasının deputatı Fedot Tumusova şikayət etmişdilər. Onları da Xabarovksda kontrakt imzalamağa məcbur edib, Komsomolskdakı hərbi hissəyə göndərmişdilər.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, çağırışçılar hərbi əməliyyatlarda iştirak etmir.
"İdite lesom" antimüharibə layihəsi onlara gələn oxşar şikayətlərin 44 faiz artdığını bildirib.
Hüquq müdafiəçiləri təzyiq altında imzalanmış kontraktın ləğvinin çox çətin olduğunu vurğulayırlar. Onlar imtina ərizəsi yazmağı və mümkün qədər tez ölkədən getməyi tövsiyə edirlər.
"Onların cəmi bir neçə günü, maksimum bir həftəsi var", – "Çağırışçının məktəbi" layihəsindən hüquq müdafiəçisi Roman Dorofeyev deyib.
Bir çox ailə isə məsələni ictimailəşdirməkdən çəkinir, bunun övladlarına zərər verəcəyindən qorxur.
"İctimailəşdirib xilas etdik"
Moskvadan 21-yaşlı çağırışçı Rafael Karabaxtsyanın ailəsi bildirir ki, komandir onun adından saxta müqavilə imzalasa da, yarım ildən sonra onu ləğv etdirməyə nail olublar. İctimailəşdirmənin əsas rol oynadığını düşünürlər.
"Aprelin 12-də bu barədə paylaşım etdik, ertəsi gün səhər müqavilənin ləğv olunduğunu dedilər", – yaxınlarından Amina deyir. Onun sözlərinə görə, bəzi əsgərlər təzyiq və təhdidlərlə müqavilə imzalamağa məcbur edilir və daha sonra döyüş bölgələrinə göndərilir.
"Uşaqlar fikirləşirlər ki, başqa seçim yoxdur: ya hərbi həbsxana, ya da kontrakt. Hamısı da kontrakt imzalamağa razılaşır. Sonra onları hücum bölmələrinə, "ət maşını"na göndərirlər", – Karabaxtsyan deyib.
Rafaelin kontraktının ləğvindən 10 gün əvvəl Yakutiyada 18-yaşlı Nikon Mandarov dəfn edilib. Dostlarının sözlərinə görə, o da müharibəyə getmək istəmirdi, ancaq onun saxta müqaviləyə qarşı mübarizəsi ictimailəşməyib.
2026-cı ilin əvvəlində müqaviləli hərbçilərin sayının 20 faiz azaldığı bildirilir. Rusiya Müdafiə Nazirliyi ilin əvvəlindən 70.5 min müqaviləli hərbçi cəlb edib.