Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 08:14

Yadigar Sadıqlı: ‘Polisdə sorğu-sual edildim’


Yadigar Sadıqlı
Yadigar Sadıqlı

Müsavat Partiyası Divanının üzvü Yadigar Sadıqlı bu gün, noyabrın 1-də Lənkəran şəhər, rayon Polis Şöbəsinə çağırıldığını bildirir.

Yadigar Sadıqlının sözlərinə görə, onu polisdə sosial şəbəkələrdəki fəallığı, hakimiyyəti tənqid edən statusları ilə bağlı sorğu-sual ediblər.

Müsavat Partiyası Divanının üzvü vurğulayıb ki, onunla Lənkəran Şəhər Polis Şöbəsinin rəis müavini Faiq İlyasov profilaktik söhbət aparıb.

Yadigar Sadıqlı bundan əvvəllər də profilaktik söhbətdən ötrü bir neçə dəfə polisə dəvət edildiyini bildirib. Onu deməsinə görə, sonuncu dəfə bu ilin fevralında Lənkəran polisində sorğu-sual edilib.

Ancaq onun bütün bu dediklərinə, hələlik, sözü gedən şöbədən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Noyabrın 1-də Freedom House təşkilatı özünün 2018-ci il üzrə İnternetdə Azadlıq (Freedom on the Net 2018) hesabatını açıqlayıb.

Hesabatda yazılıb ki, dünya boyunca hökumətlər vətəndaşların məlumatları üzərində nəzarəti artırır.

Azərbaycan bu hesabatda 60-cı pilləni tutmaqla azad olmayan ölkələrlə qismən azad ölkələrin “sərhədinə” düşüb və qismən azad ölkə hesab edilib. Burada azad olmayanlardan Azərbaycanın qonşusu Qazaxıstan (61), qismən azadlardan isə Kambocadır (59).

Xatırlatma

Yadigar Sadıqlı 2013-cü ilin iyununda həbs olunub. Qarabağ veteranı Rəşid Kərimovu döyməkdə günahlandırılan Yadigar Sadıqlı Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq) ilə təqsirli bilinmişdi.

2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müsavatçı siyasi fəaliyyətinə görə həbs edildiyini açıqlamışdı.

Beynəlxalq İnsan haqları təşkilatı "Amnesty International" onu "vicdan məhbusu" kimi tanıyıb.

Yadigar Sadıqov 2016-cı il martın 17-də prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG