Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:56

Şaxta Babaların utandığı anlar... (VİDEO)


Şaxta Baba
Şaxta Baba

Əylənən, oynayan Şaxta Babaların utandığı anlar, məqamlar da az deyil

Bakının günəşli havasında Şaxta Baba vəQar qızların işi çətindi. Deyib- gülüb, dərdləşmələri öz yerində, gərək əriməsinlər... Hələ bir həftə də buranın günəşini görüb-dadacaqlar, axı. Bu bir neçə günə Yeni İl yetkin yaşlı insanlardan ötrü nə qədər adiləşsə də, uşaqlar elə əvvəlki kimi sevinir, Şaxta baba və Qar Qıza toxunmaq istəyirlər. İşə valideynləri qarışanda, Şaxta baba və Qar Qızı dilə tutmaq mümkün olanda, uşaqlar onlarla pulsuz şəkil də çəkdirirlər. Azmaaşlı işdən gələn, çoxu da tam işsiz olan Şaxta Baba və Qar Qızı pulsuz şəkil çəkdirməyə yarıxoş-yarıçarəsiz razılaşırlar...

Buna da bax: Şaxta baba: Rayon uşaqları hələ də nağıllara inanır

İşsiz Şaxta Baba

20 yaşlı Fərhad ta Balakəndən, sözün gerçək mənasında qarlı dağları aşıb, Bakıya Şaxta Baba olmağa gəlib. Arxasında gizləndiyi şarların arasından çıxması uşaqlara bir ayrı ləzzət verir.

"Necə oldu Şaxta Baba oldum? İnsanlarla ünsiyyət qurmağı, uşaqları sevindirməyi həmişə xoşlamışam. Fikirləşdim, həm Şaxta Baba olum, həm də insanları tanıyım. Gün ərzində, ən azı, 2-3 min insanla rastlaşıram. Şaxta Babanı acılayan, hətta vuran, söyən də olur. Əlbəttə, hörmətə layiq, mədəni insanlarımız da çoxdur".

Yeni il hədiyyələri, Azərbaycan, 5 yanvar 2017
Yeni il hədiyyələri, Azərbaycan, 5 yanvar 2017

Balacalar ona heyranlıqla baxırlar. Sanki "kim ona daha yaxın olacaq" deyib, yarışan,bir-birini itələyənlər də var. Fərhadın fikrincə, uşaqlarla vaxt keçirmək ən yaxşı işdir. O, yetkinlərin – böyüklərin, ara-sıra, qaba davranışından da incimir, "insanoğludur" düşünərək, onları da anlamağa çalışır. Bəs, səhərdən axşamacan çalışdığı bu işdən Şaxta Babanın qazancı nə olur?

"Şaxta Baba evinə nə apara bilir? Gündəlik qazancım 20 manatdır.Şaxta Baba kirayəpulunu verir, yeməyini-içməyini alır. Başqa neyləsin?".

Buna da bax: Şaxta baba, bəs atamı gətirəcəkdin...

“Şaxta Baba”lıqdan sonra Balakənli Fərhada çevrilib yenə işsiz qalsa da, uşaqlara sayqı-sevgisi azalmır, elə Şaxta Baba kimi tez-tez uşaqlara doğmalığını göstərir, böyüklərə də qırmızı əlcəkli barmağı ilə "like"...

Taksiçi Şaxta Baba

Bir başqa Şaxta Baba adını deməyə çəkinir, amma şəkil çəkdirmək sıraya düzülən nəvələrə göz-qaş etməyi unutmur. Bu Şaxta Babanın Şaxta Babalığadək ta hansı peşəsi olmayıb ki?!. Deməyinə görə, əlindən çox iş gəlir:

"Taksiçilik dəeləyirəm, arada bir kamerayla çəkilişlərim də olur... Hə, bəs nə bilmisiniz?!".

Musiqi səslənincə rəqsə başlayır. Məzə və zarafatlarıyla yan-yörədəki laqeyd görünən adamların da kefini kökəldir...

Qar Qız, Bakı, 27 dekabr 2010
Qar Qız, Bakı, 27 dekabr 2010

Və tək Qar Qız...

Bu qədər Şaxta Babanın içində bir Qar Qız da var. 18 yaşlı Aylin ikinci ildir Qar Qız olur. Hələlik, işsiz olan və yeniyetməliklə təzəcə vidalaşan qıza bu işi zövq verir. İşindən danışanda qayğılı gözlərində sevinc parıltıları görünür:

"Uşaqları şənləndirmək maraqlıdır. Allah bərəkət versin, pul da qazanıram. Hər şey işin getməyindən asılıdır".

Buna da bax: Qiymətini de, Şaxta Baba!..​

Yoxluğun üzü qara olsun...

Əylənən, oynayan Şaxta Babaların utandığı anlar, məqamlar da nə qədər desən.Niyəsi də budur ki, çoxunun nə xurcunu var, nə də balacalara verməyə hədiyyəsi:

"İşin çətinliyi uşaqlarla dil tapmaq, yola getməkdir. Onları birtəhər yola gətiririk. Düzdür, uşaqlara hədiyyələr də gətirmək istəyirik, ancaq yoxluqdan gətirə bilmirik. Çünki pul yoxdur.Pul olmadığından xurcun da boşdur...".

Amma heç biri ümidsiz deyil. Deyirlər ki, xurcunları boş olsa da, bu işi bir neçə günlüyünə görsələr də, ürəkləri sevgi doludur.

Şaxta babalar başqa nə işlə məşğuldur?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG