Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Qiymətini de, Şaxta Baba!..


Bakıda Şaxtababa
Bakıda Şaxtababa
-
Yeni İldən danışasan, onlardan danışmayasan, olası iş deyil. Bu il parklarda, bağça-bağlarda gec göründülər. Bakıya, deyəsən, doğrudan da, qarlı dağlar aşıb, çox ellər dolaşandan sonra gəlib çıxdılar. Axır ki, gəldilər.

Ehtiram Nemətov 2 ildir Şaxtababa olur. Səhər saat 10-dan axşam saat 10-dək Bakı bulvarındadır. Yetkin çağındadır, bir ildən sonra yaşı 40-ı haqlayır. Uşaqlarla birgə sağa-sola boylanır, gülür, oynayır. Bir sözlə, dilini tapıb onların:

«Uşaqlara çox yaxın olmaq istəyirəm, onları çox sevirəm. Onları sevindirmək istəyirəm».

Bir iş var ki, bu Şaxtababanın sovqat kisəsi yoxdur. Dili dinc durmayan, ondan hədiyyə uman qızcığaza da, yalan-gerçək, deyir ki, dekabrın 31-də hər şey olacaq:

«Hədiyyə deyəndə ki, söhbət şardan, konfetdən gedir. Böyük Baba verərsə, bizlər də balaca balalara paylarıq».

Dediyinə görə, o, bahalı Şaxtababa deyil. Yalnız maaşa baxdığından ehtiyacın nə olduğunu bilir:

«Maaş verirlər. Ayın axırı biləcəyəm nə qədər alacağımı».

Sifariş tapılarsa, evlərə getmək də ürəyindən keçir:

«İş yerindən buraxmırlar. Burda işimi qurtarıb boş olanda da, paltarı geri alırlar. Getmək istəyirəm».

«KLOUN DA OLURAM»
Foto: Arxiv
Foto: Arxiv


Şaxtababalar Yeni İldə tək küçələrdə görünmür. Sifarişlə evlərə də gedirlər.

İncəsənət Universitetinin 23 yaşlı məzunu Fərid Bədəlov deyir ki, o, Şaxtababa kimi evlərə sifariş götürür. Qiyməti də baha deyil – 20-30 manat:

«Təkcə Şaxtababa olmuram. Kloun da oluram. Evlərə gedəndə, nə versələr, yetərli sayıram».

Başqa bir Şaxtababa – 24 yaşlı Cavid Əliyev işsizdir. Onun da sovqat kisəsi boşdur, amma uşaqları hədiyyə verəcəyinə inandırır:

«Bizim ən böyük Şaxtababamız da var. Hər il ondan hədiyyələr götürürük. Böyük Şaxtababa gizlindir, yanına ancaq biz gedə bilirik. O, hədiyyələr verir, biz də gətirib uşaqlara çatdırırıq».

Xaçmazlı Elnurun – bir başqa Şaxtababanın əynində nə uzun kürkü var, nə də işıltılı papağı. Həyətdə uşaqların qardan yapdığı Şaxtababaya bənzəyir. Deyir ki, uşaqlar onu elə bu görkəminə görə çox sevirlər:

«Uşaqlar məni görən kimi yanıma qaçırlar. Adi Şaxtababaya bənzəmədiyimdən uşaqlar üçün maraqlıyam. Belə geyim özümə də, uşaqlara da ilginc gəlir. Sifarişlə tikdirmişəm. 80 manata başa gəlib. Evlərə sifarişlə 100 manatdan aşağı getmirik. Yanımda Qar Qız da olacaq.
Şaxtababa - 387 manat
Şaxtababa - 387 manat
Yeni ildə 5 sifarişə gedirəm. Hər sifariş zamanı uşaqları, ən azı, 1 saat əyləndirirəm. Axşam saat 8-dən saat 12-dək evləri gəzirik».

ŞAXTABABA - 525 MANATA

Şaxtababa varsa, demək, yanında Qar Qız da olacaq. Qar Qızlar evlərə, adətən, Şaxtababanın yanında gedirlər. Alacaqları Şaxtababa nə versə, odur:

«Axı əsas rolda Şaxtababadır, uşaqlar ilk növbədə onları istəyirlər».

Şaxtababalara tələbatı təkcə bağlarda, parklarda gördüyümüz Şaxtababalar ödəmir. Bəzi aktyorlar, ya da həvəskarlar da Şaxtababa qiyafəsində qapı döyürlər. Aktyor Faiq Şadlı deyir ki, onun qiyməti 100 manatdan aşağı deyil. O, özünü orta kəsimə aid insanların Şaxtababası sayır:

«Dekabrın 27-dən 30-dək ucuz qiymətə getmək olar. Yəni, 50 manata. Ancaq 31-i 100 manatdan aşağı getmirəm. Məni çağıranlar, əsasən, orta təbəqənin nümayəndələridir. Məni milyarderlər, oliqarxlar dəvət etmir. Araşdırıb bilmişəm ki, onlar Moskvadan, başqa şəhərlərdən Şaxtababa gətirirlər».

Oyuncaq Şaxtababanın ən bahalısı 525 manata satılır. Boyu 1 metr 50 sm-dir. Torbalı, gözlüklü və alyanaq Santa-Klaus bir neçə mahnı da oxuyur. Bahalı dükanlarda 325 manata xizəkçi, 185 manata rəqqas Şaxtababalar da var. Ən ucuz oyuncaq Şaxtababa 2 manata satılır. Onun 5-6 sm boyu var. Əlində şam tutub. Satıcıların fikrincə, ən çox tələbat 15-20 manatlıq Şaxtababayadır.
XS
SM
MD
LG