Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:59

Yeni il gecəsi öz xanımınla qartopu oynarsan?


Bakıda Yeni il yolkası
Bakıda Yeni il yolkası
-
OYUNCAQ SANTA KLAUS

Yeni il öncəsi Bakının küçələrini yapma yolkalar, oyuncaq Santa-Klauslar, cürbəcür ilanlar, al-əlvan paltarlar, sayrışan lentlər bəzəyir. Cah-cəlallı vitrinlərdən çıl-çığır salan qiymətləri də görmək olur. Oyuncaqların görünüşü də satış qiymətinə uyğun gəlir: 500 manata satılan Şaxta Baba özündən çox razı görünür və təşəxxüslü görünür. Elə 1000 manatlıq yolka da, bu yolkanı bəzəyən və hərəsi azı 20 manata satılan oyuncaqlar da. Satıcı Sahil Əmirli deyir ki, o, 1000 manatlıq yolkaların da öz müştərisi var:

«Bunların öz alıcıları var. Gündə, heç olmasa, üçünü satıram».

Orta və ucuz qiymətə satılan yeni il aksessuarlarının alıcıları, təbii ki, qat-qat çoxdur. Satıcı Asif Məmmədov satdığı yolkanı daha da gözəlləşdirmək, daha doğrusu, olduğundan gözəl göstərmək üçün onun üstünə müxtəlif işıqlar salır, bəzək əşyaları taxır:

«Bahalaşma yoxdur. Oyuncaqlar da, bəzək əşyaları da ucuzdur. Oyuncaq var 1 manata, eləsi də var 7 manata. Yolkalar da həmçinin -- 6 manatdan 70 manatadək yolkalar var. Üstündə də işıqları…».

Paytaxtın iri mağaza və univermaqlarında, mərkəzi küçələrdə yolkalar bəzədilsə də, küçədə-bacada Şaxta Baba və qar qızlar, hələlik, gözə dəymir. Yolkaların yanındakı şəkil çəkib pul qazanan fotoqraflar da, hələ ki, sadəcə, gözləyirlər. Deyirlər ki, insanlar gələn həftədən küçələri dolduracaq və onların da iş-gücü artacaq...

UŞAQLAR «RİSKLƏR İMPERİYASI»NDA YAŞAYA BİLƏR

«Eeehhehey, qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, gəldim sizi görməyə!».

​Küçə və həyət-bacalarda gözə dəyməsələr də, şaxta babalar uşaq teatrlarında məşqlərə başlayıblar.
Foto: Arxiv
Foto: Arxiv
Əvvəlki ənənə qalır -- bu il də «Qış nağılı» və «Yeni il sərgüzəştləri» mövzularında tamaşalar hazırlanır:

«Uşaqlarla oynamaq çox əyləncəlidir. Onlar çox maraqlı olurlar».

Bəs uşaqlar Şaxta Babadan hansı hədiyyəni umurlar?

«Mən maşın istəyirəm».
«Mən dəniz istəyirəm».
«Onun buzlu evini görmək istəyirəm».
«Görəsən, o, mənə fil gətirə bilər?».

Bakı Sirkinə gedən uşaqlar «Risklər İmperiyası»na baş vuracaqlar. Tamaşanın adı belədir – «Risklər İmperiyası». Bu imperiyada xallı və sarı pələnglər nərildəşəcək...

BAYRAM BALIĞI BAHADIR?

Yeni il öncəsi qiymət artımı – bahalıq Bakı sakinləri üçün yeni söhbət deyil. Paytaxt bazarlarının birində bayramlıq balıq seçən 50 yaşlı mühəndis Valeh Tağızadə deyir ki, 10 il əvvələdək həmişə bayram süfrələrini Xəzər nərəsi bəzəyərdi, amma illərdir ki, nərə yoxa çıxıb. Bu il də bayramqabağı bazara «kəşfiyyat»a gəlibmiş. Ancaq gördüyü qiymətlərdən ümidsizləşib:

«Nərə balığının ucuzu 20 manatdır. Burnumuzun dibində çıxır, ala bilmirik…».

Başqa alıcılar da bayramqabağı bahalıqdan gileylənirlər:
Bakı bazarı
Bakı bazarı

«Hər şey bahadır…».
«Un məmulatları, yağlar bahadır, bu gün bu qiymətə satırlar, sabah daha baha…».
«Qiymətlər aldığımız maaşla ayaqlaşmır…».
«Mən daha öyrəşmişəm, bayram ki gəldi, qiymətlər bahalaşır…».
«Başqa yerlərdə bilirəm ki, bayramlarda çox şey ucuz olur, bizdə isə baha…».

İqtisadi İnkişaf Nazirliyi adamların cibinə uyğun alış-veriş edəcəyi bayram yarmarkaları keçirəcəyini bildirir. Nazirlikdən verilən məlumata görə, belə yarmarkalar dekabrın 28-dən 31-dək Bakının 10 ünvanında alıcılara «gəl-gəl» deyəcək...

BAYRAM SÜFRƏSİ VƏ SOVETDƏNQALMA TELEVİZOR

Evdar xanımı Sveta Bayramova deyir ki, Yeni ildə plov bişirib, bir neçə salat hazırlamaq, meyvə və nəvələrinə hədiyyələr almaq üçün ona azı 200 manat lazımdır:

«Bahalıqdır, ancaq hədiyyələr alacağam. Uşaqlıqda bizə alıblarsa, mən də almalıyam».

İki uşaq anası Tənzilə Həmidova öz hədiyyəsini müəyyənləşdirib. Deyir ki, onları tamaşaya aparacaq:

«Bu gün Yeni il tamaşalarının qiymətlərinə baxmışam. Ən ucuzu 10 manatdır. Elə iki bilet alaram, bu da olar bayram hədiyyəsi…».

Foto: Arxiv
Foto: Arxiv
Tənha yaşayan 75 yaşlı Fatma Bağırova Yeni ili sovet dövründən qalmış televizorun önündə keçirəcək. 120 manatlıq təqaüdü bayram süfrəsi açmağa imkan vermir:

«Hər şey çox bahadır. Aldığım təqaüdlə bayramı necə keçirə bilərəm? Bütün bayramlar varlıların bayramıdır…».

«BİR-BİRİMİZİ QUCAQLAYIB YENİ İLİ QARŞILARIQ»

Gənclər başqa cür düşünürlər. Varlı olmasalar da, bayram ovqatları var:

«Dostlarla istirahətə gedəcəyik…».
«Özümüzə uyğun qeyd edəcəyik...».
«Mən Yeni ili Türkiyədə qeyd edəcəyəm…».

Yeni il öncəsi səyahət agentliklərinin işi canlanıb. 600 manat ödəyib İstanbula, ən çoxu 1500 manat verib Vyanaya gedə bilərsən. Ölkəiçi səfərlər, tutalım, təzə ili Qəbələ, Quba və Şəkidə qarşılamaq istəyənlər 3 gecələrinə azı 500-700 manatlarından keçməyə hazır olmalıdırlar.

Yeni ildə heç yerə səyahətə çıxmayacaq, bayram süfrəsi açmayacaq 79 yaşlı Taleh Səfərovun bəlkə də qəribə görünəcək arzusu var. Onun ən böyük arzusu – Yeni il gecəsi öz xanımı ilə qartopu oynamaqdır:

«Mən varlı deyiləm. Ancaq ümidli adamam. Şükür Allaha, sağlamam, yeməyə çörəyimiz var, həyat yoldaşımı sevirəm, o da məni sevir. Qar yağsa, qartopu oynayarıq, yağmasa da bir-birimizi qucaqlayıb Yeni İli qarşılayarıq. Bu il düz 80 yaşım olacaq. Hamının yeni ili mübarək!..».
XS
SM
MD
LG