Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:33
-

2013-cü ilin gəlişinə bir neçə gün qalıb. Bakı Yeni ilə hazırlaşır. Küçələrdəki küknar ağacları bəzədilir, uşaqlar bayram şənliyinə köklənir. Bəs 2013-cü ilin gəlişini bayram etməyənlər necə, varmı?

ÖZÜNÜ MÜSƏLMAN SAYAN...

Nardaran sakini Qasim Novruzovun fikrincə, özünü müsəlman sayan Yeni ili keçirməz:

«Builki Yeni il Məhərrəm ayına düşür. Yas saxlayırıq, şadlıq eləmirik».

Qasim Novruzov

Qasim Novruzov

Bakının cəmi 25 kilometrliyində yerləşən bu kənddə bayramın keçirilməməsinə daha bir səbəb də həbsdə olan nardaranlılardır. 10-dan çox nardaranlı vətənə xəyanət və digər ittihamlarla təqsirli bilinərək həbsdədir.

Kənd sakini Əli Hüseynovun fikrincə, yaxınları zindanda olanlar bayram hayında deyil:

«Kefimiz kök olanda hərə öz büdcəsinə görə Yeni ili də keçirir, Novruzu da. Ancaq indiki şəraitdə çətin bayram edək».

BAYRAM ÖNƏMLİ DEYİL

Kənd sakini Hacı Məhəmməd Hüseyn: «Məhərrəm ayıdır. Bu ay imam Hüseynin məclisi olduğu üçün nə toy edirik, nə də şadlıq».

Nardaranlılar hələ bir neçə il də Yeni ili bayram etməyəcəklər. Hacıağa Tağıyevin 75 yaşı var. Gözünü açandan Məhərrəm ayında matəm saxlandığını görüb:

«Bizim üçün hansı bayramın Məhərrəmliyə düşməməyi önəmlidir. Məhərrəm ayı olmayanda nəvələrimə yolka qururdum. Amma bu il nə yolka quracağıq, nə də bayram keçirəcəyik».

SƏBƏB TƏKCƏ MƏHƏRRƏMLİK DEYİL

İlqar Abbasov

İlqar Abbasov

Nardaranda Yeni ilin gəlişinə elektrik enerjisi və mavi yanacağın olmaması üzündən sevinə bilməyənlər də var. Sakinlərdən İlqar Abbasov qazın, işığın olmamasından gileylidir: «Yeni ili qaranlıqda keçirəcəyik. İşıq yox, qaz yox. Həm də Məhərrəm ayına düşür. Biz Allahdan qorxur, axirətimizi düşünürük deyə bayramı keçirmirik».

Bu il Nardaranda yolkasız qalan uşaqlar, deyəsən, Novruzda yaxşıca əylənə biləcək. Kənd sakini Hacı Məhəmməd Hüseyn:

«Dünyanın ən qədim xalqı çinlilərdir. Onlar da bayramı martın 21-də keçirir. Bizimkilərin niyə belə etdiyini anlamıram. Bütün Şərq Novruzun gəlişini yeni il hesab edir».

Yeni ilin Novruzla gəldiyini deyən nardaranlılar onu da vurğulayırlar ki, bu bayramı da Məhərrəmliyə düşməyəndə keçirirlər.

Şərhləri göstər

XS
SM
MD
LG