Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 17:59

Dünyanın ən xoşbəxt ölkəsi Norveçdir. Bu ölkə ötən il Ümumdünya Xoşbəxtlik Hesabatında 4-cü yerdən 1-ci yerə çıxıb. Ondan sonra Danimarka, İslandiya və İsveçrə gəlir.

Bu hesabat ilk dəfə 2012-ci ilin aprelində BMT-nin xoşbəxtlik və rifah üzrə Yüksək Səviyyəli Toplantısının dəstəyilə ortaya qoyulub. İndi hesabatı elə BMT-nin həmin il yaratdığı qlobal təşəbbüs – Davamlı İnkişaf Həlləri Şəbəkəsi (SDSN) hazırlayır. Müəlliflər vurğulayırlar ki, o vaxtdan dünyada çox şey dəyişib və getdikcə xoşbəxtlik daha çox sosial proqresin ölçüsü və ictimai siyasətin hədəfi sayılır.

XOŞBƏXTLİK FAKTORLARI

İlk 4-lükdə yer alan ölkələr xoşbəxtliyi dəstəkləyən bütün əsas faktorlar üzrə öndə gedir: qayğı, azadlıq, səxavət, səmimiyyət, sağlamlıq, gəlir və yaxşı idarəçilik. Bu ölkələr həmin göstəricilərə görə bir-birinə o qədər yaxındır ki, ən kiçik dəyişiklik belə ardıcıllığı dəyişə bilər.

Azərbaycan xoşbəxtlik göstəricisinə görə 155 ölkə içində 85-ci yerdədir. Rusiya 49, Ermənistan 121, Gürcüstan 125-cidir.

Builki hesabat daha çox xoşbəxtliyin sosial təməlini önə çəkir. Hesabatda ilk və son ölkədə həyat tərzi müqayisə olunur. Bu ölkələr arasında dörd bəndlik xoşbəxtlik uçurumu var. Əsas fərqlər – bel bağlamağa kiminsə olması, səxavətlilik, azadlıq hissi, korrupsiyadan azadlıq məsələlərində üzə çıxır. Digər fərqlər isə adambaşına düşən ÜDM, sağlam ömür uzunluğudur. Bu faktorların hər ikisi də sosial kontekstdən asılıdır.

Dünyanın ən xoşbəxt ölkəsi Norveçdir.
Dünyanın ən xoşbəxt ölkəsi Norveçdir.

ÖLKƏİÇİ FƏRQLƏR

Amma maraqlıdır ki, dünyada xoşbəxtliyin 80%-nin elə ölkələr içində fərqləri var. Varlı ölkələrdə ölkəiçi fərqlər gəlirlərin bərabərsizliyi ilə deyil, zehni, fiziki sağlamlıq və şəxsi münasibətlərdəki uçurumla izah olunur. Gəlirlərdəki fərqlər özünü daha çox yoxsul ölkələrdə göstərir. Di gəl, onlarda da zehni xəstəliklər bədbəxtliyin əsas mənbəyi sayılır.

Xoşbəxtliyə təsir göstərən daha bir əsas faktor iş-gücdür. İşsizlik xoşbəxtliyi azaldır. Hətta işləyənlərin xoşbəxtliyi belə, işin keyfiyyətinə uyğun olaraq dəyişir.

Xoşbəxtlik hesabatında Almaniya 16, Böyük Britaniya 19, Fransa 31-ci yerləri tutub. Birləşmiş Ştatlar isə bir pillə geriyə, 14-cü yerə sürüşüb. SDSN-in direktoru Jefferey Sachs «Reuters» xəbər agentliyinə deyib ki, ABŞ-ın geriləməsinə səbəb bərabərsizlik, inamsızlıq və korrupsiya amilləridir. Onun fikrincə, prezident Donald Trump-ın iqtisadi tədbirləri durumu daha da pisləşdirəcək. «Bütün hədəfləri bərabərsizliyi gücləndirməkdir – yuxarıların vergi yükünü azaldırlar, adamları səhiyyə proqramından çıxarırlar, hərbi xərcləri artırırlar. Bütün təkliflər işləri yanlış yönə aparır», – Sachs deyir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG