Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:19

XİN Xalq Cümhüriyyəti ilə bağlı bəyanat yayıb


Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə əlaqədar bəyanat yayıb.

XİN xatırladıb ki, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu.

Bəyanatda vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr idi:

“İmperiyanın çöküşündən sonra meydana çıxan ağır daxili, xarici problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti səmərəli dövlət təsisatları qurmağa, vətəndaşlarının hüquqlarını müdafiə etməyə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa müvəffəq oldu. Universal seçki hüququ, eləcə də qadınların səsvermə hüququ təmin edildi. Hökumət cavabdehlik və səlahiyyətlərin bölgüsü əsasında formalaşdı. Azərbaycan parlamenti ilk növbədə bütün müsəlman şərqində demokratik yolla seçilmiş, çoxpartiyalı və təmsilçiliyin təmin olunduğu qanunverici orqan idi. İki illik fəaliyyəti dövründə cümhuriyyəti beş icraedici kabinet idarə edib, parlament 155 iclas keçirib və 240-da çox qanun layihəsini müzakirə edib. Dövlət quruculuğu prosesinin digər zəruri sütunu parlament və nazirlər kabinetinin səlahiyyətlərini yoxlayacaq müasir məhkəmə sistemi Apelyasiya Palatası təsis edildi”.

Bəyanatda AXC-nin təhsilə xüsusi diqqət göstərdiyi və Bakı Dövlət Universitetinin əsasının qoyulduğu qeyd olunub. Bildirilib ki, Cümhuriyyətin üzləşdiyi iqtisadi və siyasi çətinliklərə baxmayaraq, yüzlərlə gənc insana Avropanın qabaqcıl universitetlərində təhsil almaqdan ötrü təqaüdlər verməklə uzunmüddətli insan kapitalına sərmayə qoyuluşuna çalışılıb:

“ Azərbaycan dili rəsmi dövlət dili elan edildi, milli üçrəngli bayraq və himn qəbul edildi, müasir teatr və opera təsis edildi. Azərbaycanın poçt markaları çap edildi və milli Azərbaycan valyutası - Manat dövriyyəyə buraxıldı”

Bəyanatda sonra da yazılıb:

“İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edildi...”

XİN qeyd edir ki, 1919-cu ildə Azərbaycan diplomatiyası ilk addımlar atanda, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna daxil olmaqla16 dövlətin Bakıda diplomatik missiyası fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri və baş konsulluqları Türkiyə, İran, Gürcüstan, Ukrayna, Ermənistan və digər ölkələrdə təsis edilmişdi:

“1920-ci ilin aprelində bolşeviklərin işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi... ”.

Xatırlatma

AXC 1918-ci il mayın 28-də yaradılıb. 1920-ci il alrelin 27-də Rusiyanın işğalı nəticəsində süqut edib. Azərbaycan müstəqilliyini itirməsinin ardınca bir sıra ərazilərini də itirib.

Azərbaycan artıq 1991-ci ildə təkrar müstəqillik əldə etdikdə onun cəmi 86,6 min kvadrat kilometr ərazisi var idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG