Qazaxıstanın Tupkarağan rayonunda sahildə 112 suiti cəsədi aşkarlanıb. Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq komitəsi məlumat yayıb.
Heyvan cəsədləri Asan kəndindən Bautino burnunadək Xəzər dənizi sahilinə səpələnib. Suitilərin ölüm səbəbi bəlli deyil, mütəxəssislər nümunələr götürüblər.
Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssislərinin fikrincə, suitilər təxminən bir ay əvvəl ölüb, cəsədləri sahilə yeni çıxıb. "Çoxdankı tədqiqatlara əsasən, heyvanların ölümünün mümkün səbəblərindən biri kimi onların immunitetinin zəifləməsi göstərilir", – məlumatda deyilir.
İndiyədək Xəzərin sahillərində minlərlə suiti ölüsü tapılıb. 2024-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin versiyasına görə, buna yüksəkpatogenli "quş qripi" virusu, immun çatışmazlığı fonunda neyrovirus infeksiyası və dəniz dibindən təbii qazın çıxması səbəb ola bilərdi.
Son 100 ildə Xəzər suitilərinin sayı 90 faiz azalıb. 2008-ci ildə Beynəlxalq Təbiəti Qoruma İttifaqı Xəzər suitisinə "yoxa çıxmaq təhlükəsi altında olan növ" statusu verib. 2020-ci ildə heyvan Rusiya və Qazaxıstanda "Qırmızı kitab"a salınıb.
Xəzər suitisi hər il kütləvi məhv olur. Amma bunun səbəbləri alimlərə tam aydın deyil. Ukraynaya müdaxilədən sonra onun akvatoriyasında Rusiya ordusunun raket atışları, təlimlər keçirilib. Qazaxıstan Hidrobiologiya və Ekologiya İnstitutu məhz 2022-ci ildən suiti cəsədlərinin sahilə çıxmasını monitorinq etməyə başlayıb. Ovaxtadək payızda kütləvi ölüm qeydə alınmayıb.
"Rospotrebnadzor" mütəxəssisləri isə Mahaçqalada kanalizasiya tullantılarının sistematik Xəzərə axıdıldığını aşkarlayıblar. Şəhər administrasiyası məhkəmədə qurumun nəticələrini mübahisələndirə bilməyib.
Son illər ekoloqlar "Qırmızı kitab"a düşmüş Xəzər suitilərinin kütləvi məhvinə görə həyəcan təbili çalır. Səbəblər arasında su hövzəsinin çirklənməsi də göstərilir.