Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:59

Xərçəng xəstələrinin əzabı yüngülləşəcək


Mədəaltı vəzi xərçəngi
Mədəaltı vəzi xərçəngi

«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatının Cənubi Qafqaz proqramının direktoru Giorgi Gogia təşkilatın saytındakı məqaləsində Ermənistanda ölümcül xəstələrin güclü ağrıkəsici dərmanlara çıxışının asanlaşdırılmasını alqışlayıb.

Ermənistanda hər il xərçəngin irəliləmiş növlərinə tutulmuş minlərlə ağır xəstə uyğun ağrıkəsici dərmanları əldə edə bilmədiyindən qaçılması mümkün, kəskin ağrılardan əziyyət çəkir.

Hökumətin oktyabrda qəbul etdiyi yeni qanuna əsasən, bu ayın 20-dən ölkədə minlərlə onkoloji xəstə ehtiyacı və haqqı olan ağrıkəsici vasitələrə rahat çıxış əldə edib.

HƏR İL 8 MİN NƏFƏR XƏRÇƏNGDƏN ÖLÜR

Məqalədə deyilir ki, Ermənistanda hər il 8 minədək insan xərçəng xəstəliyindən vəfat edir. Onların çoxu ömrünün son aylarını əzabverici ağrılar içində keçirməli olur. Buna səbəb opioid əsaslı ağrıkəsici dərmanların əldə edilməsini əngəlləyən keçilməz bürokratik sədlərdir.

«Bu dəyişikliyi eşidəndə ilk növbədə bir neçə il öncə Ermənistanda müsahibə aldığım onlarla insanı düşündüm. Bu insanlar mənə müalicə edilməyən ağrının onların və yaxınlarının həyatlarına dağıdıcı təsirindən danışmışdılar. Müsahibə aldığım insanlar arasında 46 yaşlı Gayane də vardı. O mənə bunları demişdi:

«Ağrılar dözülməzdir. Ağlayıram, qışqırıram, mənə elə gəlir ki, daim alovun üzərində gəzirəm... Evdə kimsə olanda mən o ağrıya dözməyə çalışıram, əlimdən ancaq ağlamaq gəlir... Mən daim ağrı içində yaşayıram».

Azərbaycanda xərçəng xəstələrinin böyük səhvi...
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Gayane-nin təcrübəsi istisna deyil. 2015-ci ilin iyulunda «Human Rights Watch» Ermənistanda ağrının müalicə edilməməsi və uyğun dəstək xidmətlərinin çatışmamasının xərçəng xəstələri və onların ailələrinə təsiri haqda hesabat dərc etmişdi. Opioid əsaslı ağrıkəsici dərmanları yalnız onkoloqlar təyin edə bilərdilər. Özü də onlar bunu yalnız bir neçə həkimdən ibarət daimi komissiyaların yaradılmasından, həmin komissiyaların qərarı təsdiqləməsindən sonra edə bilərdilər. Hətta bütün bu prosedurlardan sonra da xəstələr təyin edilmiş hər dərman üçün əlavə imzalar və möhürlər toplamalı idilər. Üstəlik, onlar bu imza və möhürləri hər gün və ya bir gündən bir ixtisaslaşmış aptekə və ya rayon tibb mərkəzinə gedərək toplamalı idilər», – məqalədə deyilir.

2015-ci ildə dərc edilmiş bu 86-səhifəlik hesabatda deyilirdi ki, Ermənistanın səhiyyə sistemi xərçəng xəstələrini həyatlarının ən həssas və ağır dönəmində tərk edir.

10 GÜNLÜK DƏRMANLAR YAZILA BİLƏR

G.Gogia daha sonra yazır ki, Ermənistan hökuməti noyabrın 9-da çıxardığı qərarla 1994-cü ildən qüvvədə olan, opioid əsaslı ağrıkəsici dərman vasitələrinə çıxışı tamamilə qeyri-mümkün edən bu ağır və mürəkkəb prosedurlarda dəyişiklik edib.

«Bundan başqa, hökumət bu il ağrının kəsilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasına fokuslanan palliativ qulluq xidmətlərinin tətbiqinə dair milli strategiya da qəbul edib. Hökumət həmçinin, daxilə qəbul edilən maye morfinin iki növünü qeydiyyata alaraq, onların ictimai səhiyyə sistemində istifadəsinə şərait yaradıb. Bundan başqa, yeni qaydalara görə, onkoloq və ya ailə həkimi baş həkim, yaxud da baş həkimin müavininin icazəsi ilə 10 günə yetəcək güclü ağrıkəsici dərmanlar təyin edə bilər», – yazıda deyilir.

Qeyd edilir ki, yeni qərarın 10 günə qüvvəyə minəcəyi gözlənilir.

«Düzgün yanaşılarsa, bu yeni qaydalar ölümcül xəstələrin iztirabını azaltmağa və onlara qulluq edən ailə üzvlərinin həyatını yüngülləşdirməyə kömək edəcək», – deyə müəllif yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG