“Xocalı soyqırımını törədən cinayətkarlar indiyə qədər məsuliyyətə cəlb olunmayıblar”.
Bunu Modern.az-a açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, 20-ci əsrin sonunda belə bir cinayətin törədilməsi ağlabatan deyildi.
Xələf Xələfov deyib ki, Erməsitan buna cavab verməli olacaq:
“Bizim borcumuz ondan ibarətdir ki, bu gün Xocalı soyqırımına təkcə siyasi qiymət vermək yox, həm də onun hüquqi qiymətinin verilməsini təmin edək”.
Nazir müavini hesab edir ki, bunun üçün Azərbaycan qurumları öz fəaliyyətini davam etdirməlidir, beynəlxalq qurumlar bu işə cəlb olunmaldır:
“Bu istiqamətdə araşdırmalar aparılır və düşünürəm ki, beynəlxalq qurumların cəlb olunması ilə bu cinayətə qiymət vermək üçün müəyyən bir hüquqi mexanizm yaradılması mümkündür”.
Xələf Xələfov təklif edir ki, tanınmış beynəlxalq hüquqsünaslar bu işə cəlb olunsun.
O, fevralın 25-də təmas xəttində baş verənləri “Ermənistanın təxribatı” kimi qiymətləndirir:
“Bütün dövrlərdə nə vaxt ki danışıqlar prosesi konkret məcraya yönəlir və nə vaxt ki, Ermənistan sülh prosesini davam etdirmək üçün addımlar atmaldır, işğal olunmuş əraziləri boşaltmaldır, onda bu təxribatlar daha da güclənir”.
Nazir müavini vurğulayır ki, Qarabağ münaqişəsində “status-kvo”-nun dəyişmə zamanı çatıb, işğal olunmuş ərazilər azad edilməlidir ki, regionda sülhə nail olunsun.