Xaricə miqrasiya 41 faiz artıb
2000-2015-ci illərdə xarici ölkələrə miqrasiya edənlərin sayı 41 faiz artaraq 244 milyon nəfər olub. BMT-nin yanvarın 12-də açıqladığı tədqiqatda belə deyilir.
İndiyədək Birləşmiş Ştatlar dünya miqrantlarının ən çox məskunlaşdığı ölkədir: əhalinin beşdə biri, 47 milyonu miqrantdır ki, onlardan 20 milyonu da qaçqınlardır.
Almaniya və Rusiya 2-ci yeri bölüşür, hərəsində 12 milyon miqrant yaşayır. Səudiyyə Ərəbistanında 10, Britaniyada 9, Birləşmiş Ərəb Əmirliklərində 8 milyon miqrant var.
Beynəlxalq miqrantların üçdə ikisi Avropa və ya Asiyadadır. Avropada 76, Asiyada 75 milyon miqrant yaşayır.
Obama: “3-cü Dünya Müharibəsinə ehtiyac yoxdur”
Yanvarın 12-də ABŞ Prezidenti Barack Obama sonuncu illik çıxışını edib. Deyib ki, Amerikanın beynəlxalq səhnədə zəifləməsi, İslam Dövləti (İD) silahlı qruplaşmasını çökdürmək üçün böyük müharibənin labüdlüyü barədə Respublikaçı tənqidçilər yanılırlar.
“Adamlar liderlik üçün Moskvaya və ya Pekinə baxmırlar, bizi çağırırlar”, Obama Konqresdə deyib.
Prezidentliyə bəzi respublikaçı namizədlər İD-ə qarı sərt tədbirlər tələb edirlər, silahlı qruplaşmanın İraq və Suriyada tutduğu ərazinin bombalanmasına çağırırlar.
“Onlara nə istəyirsiz deyin, qatillər, ya fanatiklər. Onları izləmək, köklərini kəsmək, məhv etmək lazımdır”, Obama deyib.
Obama deyib ki, Konqres İD-nin məhvi barədə ciddi düşünürsə, ona qruplaşma ilə vuruşmaq üçün səlahiyyət verən qətnamə qəbul etməlidir.
Ermənistanda donuz qripindən 9 adam ölüb
Ermənistanda "donuz qripi"ndən 9-cu ölüm faktı qeydə alınıb. “news.am” saytının verdiyi xəbərə görə, “Surb Grigor Lusarovic” xəstəxanasında 50 yaşlı kişi ölüb. Xəstəxanadan bildirilib ki, xəstədə H1N1 virusu aşkarlanıb və o, süni tənəffüs aparatına qoşulub.
Ermənistan Səhiyyə Nazirliyi isə ölkədə "donuz qripi"nin olmasını faktını təkzib edir.
BP Azərbaycanda 50 işçisini çıxardıb?
“APA-Economics”in əldə etdiyi məlumata görə, BP-nin Azərbaycan nümayəndəliyinin 50-yə yaxın əməkdaşı işdən azad olunub. Bu barədə işdən çıxarılan əməkdaşlar məlumat verib.
“BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə “APA-Economics”ə məlumatı təsdiqləməyib.