"Şou yaradırlar ki, qiymətlər düşüb"
Adının çəkilməsini istəməyən Ağcabədi sakininin sözlərinə görə, rəsmi təbliğatda qiymətlərin ucuzlaşması haqqında deyilənlər yalandır:
“Nə un, nə yağ ucuzlaşıb, hər şeyin qiyməti bahadır. “Azərçay”ın yarım kilosunu 4 manata alırdıq, indi 11 manat 80 qəpik olub. Arta-arta da gedir. Televiziyada deyilənlər doğru deyil. Mən özüm qiymətləri öyrənmək üçün 6 km yol gəzmişəm. Un yenə bahadır. Dostum oğluna 56 manata iki tay un aldırıb, tayı 28 manata düşüb. Amma deyirlər ki, 21 manatdır. Şou yaradırlar ki, qiymət düşüb. 1 tay un 10 manat bahalanıb. 70-ə yaxın yaşım var, mən hələ unun birdən-birə 10 manat bahalanmasını görməmişdim”.
Yanvarin 12-də və 13-də etiraz səslərinin eşidildiyi Ağcabədidə indi sakitlikdir. Rayon sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, yanvarın 14-də burda hər hansı aksiya keçirilməyib.
Lotereyada 1 milyard 584 milyon dollar uddular
ABŞ-da 3 nəfər Powerball lotereyasında 1 milyard 584 milyon 400 min dollar udublar. Hərəyə 528 milyon dollar düşür.
Qaliblər bu pulun 40 faizini dövlətə vergi kimi verməlidirlər. Bundan başqa ştat vergiləri də var.
Saat 6-dan növbəyə yazılırlar
“AzərTürkbank” hazırda yeganə bankdır ki, əhaliyə dollar və avro satır. Turanın məlumatında belə deyilir.
Yanvarın 14-də yüzlərlə adam valyuta (500 dollardan çox olmayaraq) alışı üçün növbəyə düzülib.
Bankın saytındakı elana görə, dollar alışı 1 dollara görə 1. 60, satış isə 1. 6320 manatdır. 1 avro 1.6850-a alınır, 1.7780-a satılır.
“Biz saat 6:00-da bura gəlmişik və növbəyə yazılmışıq. Bankın əməkdaşı şəxsiyyət vəsiqələrimizin surətini çıxararaq bizə nömrə verib”, - növbədə dayanan vətəndaşlardan biri Turan-a deyib.
Polis vətəndaşları əhatəyə alaraq içəri bir neçə nəfəri buraxır.
2,5 mln.-dan çox əhalisi olan paytaxtda xarici valyutanın satışının niyə ancaq bir bankda reallaşdırılması haqda rəsmi açıqlama yoxdur.
Bu arada dəmiryolu vağzalında “qara bazar”da canlanma var. Dollar 1.62 manata alınır, 1.85 – 1.90 manata satılır.
Türkiydə yenə partlayış
Türkiyənin cənub-şərqindəki Çinarlı şəhərində polis bölməsinə edilmiş hücumda azı 6 nəfər ölüb, 39 nəfər yaralanıb.
Onlardan 2-si partlayış nəticəsində, 4-ü isə ətrafdakı binanın uçması nəticəsində ölüb.
Rəsmi mənbələrin məlumatına görə, partlayış yanvarın 13-ü gecə saatlarında törədilib.
Əsasən kürdlərin yaşadığı bu şəhər Diyarbakır əyalətindədir.
Hadisə yerindən verilən reportajlarda hücum edənlərin polis məntəqəsini qumbaraatan və avtomat silahlardan atəşə tutduqları görünür.