Keçid linkləri

2025, 27 Dekabr, şənbə, Bakı vaxtı 02:50

Azərbaycanda ən çox Rusiya diplomları tanınmır


Misir Mərdanov:"Nazir olduğum dövrdə kənardan müdaxilələr olurdu, amma"
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Misir Mərdanov:"Nazir olduğum dövrdə kənardan müdaxilələr olurdu, amma" (ARXİV. 2022)

"Hüquqşünaslıq" ixtisası ilə bağlı xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi 49 faiz təşkil edir.

AZƏRTAC-ın xəbərinə görə, bunu dekabrın 26-da Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən "Hüquqşünaslıq" ixtisası üzrə təşkil edilən peşə imtahanında 75 nəfər iştirak edib: "Onlardan yalnız 37 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib".

T.Əhmədovun vurğulamasına görə, uğursuz nəticə göstərənlər, əsasən, Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin payına düşür: "Dekabrın 19-da DİM tərəfindən "Hüquqşünaslıq" ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiya sahiblərindən 37 müraciətçidən 22-nin, Ukrayna ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiya sahiblərindən isə 29 nəfərdən 6-nın uğursuz nəticəsi qeydə alınıb".

T.Əhmədov əlavə edib ki, dekabrın 19-da DİM-in keçirdiyi imtahanda "Hüquqşünaslıq" ixtisası üzrə Türkiyə Respublikası Ankara və Bahçeşehir universitetlərinin tələbələri 30 sualdan 27 suala düzgün cavab verərək ən yüksək nəticə əldə ediblər: "Eyni zamanda, sözügedən ixtisas üzrə Türkiyə Respublikasının ali təhsil müəssisələrindən məzun olmuş və imtahanda iştirak etmiş bütün müraciətçilər uğurlu nəticə əldə edib".

Əlavə edilib ki, onlara ümumilikdə 6 min 33 müraciət daxil olub. O qeyd edib ki, bunlardan 5 min 167 müraciətin ekspertizası həyata keçirilib: "866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4 min 333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1 faiz təşkil edir".

O, mənfi rəyin verilməsinə səbəb olan faktorlardan söhbət açıb. Deyib ki, imtinanın əsas səbəblərindən biri tədris yükünün mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olmasıdır.

Bu açıqlamaya müraciətinə mənfi cavab alan ölkə vətəndaşlarından, habelə Rusiya və Ukraynanın cavabdeh rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Agentlik bundan əvvəl isə bildirmişdi ki, ötən ildə xarici kvalifikasiyaların tanınması ilə bağlı ümumilikdə 6 min 58 müraciət üzrə ekspertiza aparılıb. 4 min 941 müraciət üzrə müsbət rəy verilib, xaricdə əldə olunan kvalifikasiyaların tanınması barədə müvafiq şəhadətnamələr təqdim edilib. Digər 1 min 117 müraciət üzrə isə mənfi rəy verilərək müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

Azərbaycanda xaricdə təhsilə aid bəzi diplomların tanınmaması ilə bağlı birmənalı dəyərləndirmə yoxdur. Bəzi şikayətçilər hesab edirlər ki, bu məsələdə subyektiv amillərə yol verilir. Amma bəzi ekspertlər də iddia edirlər ki, bir çox hallarda Azərbaycanda ali məktəblərə qəbul edilməyən bəzi gənclər, əsasən, hərbi xidmətdən yayınmaq üçün xaricdə qəbulu və təhsili asan olan, reytinqi aşağı ali məktəblərə üz tuturlar.

XS
SM
MD
LG