Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Yüzlərlə insanı dar ağacına göndərən ayətüllahın qızı atasından danışıb


Fatimə Sadeqi "Əndişeyi Puya" jurnalının üz qabığında

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, İranda “adam asan hakim” kimi məşhur olan ayətüllah Sadeq Xalxali 1979-cu il inqilabının ardınca, bəzən bir neçə dəqiqənin içində yüzlərlə insanın edamına hökm oxuyub.

Amma qızı onu başqa cür xatırlayır.

"Atamın zahiri təsviri olduqca qəddardır, - deyib Fatimə Sadeqi İranda çıxan Əndişeyi-Puya jurnalına, - Lakin o evdə tamamilə başqa bir adam idi. Sərt adam olsa da, mənə bircə dəfə də əl qaldırmamışdı”.

Xanım Sadeqi deyir ki, atası öz qaranlıq keçmişini heç vaxt müzakirə etməyib:

"O bu barədə danışmaq istəmirdi. Görünürdü ki, ürəyi doludur, amma o heç vaxt vicdan əzabı çəkməmişdi”.

Ayətullah Ruhulla Xomeyni Xalxalini yenicə yaradılmış İnqilab Məhkəməsinin rəhbəri təyin etmişdi. O 1980-ci ildə istefaya məcbur edilənədək yüzlərlə insanı dar ağacına göndərmişdi. Bunların arasında çox sayda Pəhləvi rejiminin adamları vardı.

2000-ci ildə çap etdirdiyi avtobioqrafiyasında Xalxali, əlbəttə ki, peşmançılıq çəkmədiyini yazırdı.

"Mən şah ailəsinə yaxın 500 canini, Kürdüstan, Qonabad və Xuzistan regionlarının yüzlərlə qiyamçısını və çox sayda narkotik maddə qaçaqmalçısını öldürdüm”.

“Əslində öləsi adam çox idi, əlim çatmadı…”

Tərcüməsi The New York Times qəzetində dərc olunmuş kitabda Xalxali yazır:

''Mən bu edamlara görə peşmançılıq və ya vicdan əzabı çəkmirəm. Əslində öləsi daha çox adam var idi, amma onlara əlim çatmadı”.

Xalxali 2003-cü ildə 77 yaşında vəfat edib.

"Adam asan hakim" Xalxali
"Adam asan hakim" Xalxali

Əndişeyi-Puya jurnalının ayətüllah Sadeqinin qızı ilə müsahibəsi başqa yöndən də maraq doğurur. Fatimə Sadeqi tanınmış qadın haqları fəalıdır və keçmişdə məcburi hicabı tənqid edib. Lakin bu cəsarətdə olan övlad atası haqqında ilk dəfədir ki, danışıb.

O deyib ki, məqsədi atasını nə təmizə çıxarmaq, nə də ona haqq qazandırmaqdır. Xanım Sadeqi deyib ki, o vaxt dövr elə idi və vəzifəyə qoyulanlar sədaqətlərini nümayiş etdirməli, “inqilabi qətiyyət” göstərməli idilər:

"O vaxt ab-hava çox ideoloji idi. Demək istəmirəm ki, atam əslində yaxşı insan olub. Qətiyyən. Lakin o dövr inqilabi qətiyyət tələb edirdi. O vaxt hamı düşməni qorxutmaq üçün özünü inqilabçı kimi göstərirdi. Mənim qənaətim belədir”.

Bu da onun işi idi…

Xanım Sadeqi deyir ki, heç vaxt atasını müdafiə etmək barədə düşünməyib, çünki atası hökmlərini Xomeyninin xeyir-duası ilə verirdi:

“Atam deyirdi ki, pis-yaxşı bu da onun işidir. O özünü inqilabçı kimi təqdim edirdi və bildirirdi ki, inqilab üçün pis ad da qazanmaq olar. Atam həmişə deyirdi: Biz inqilab etmişdik və onu müdafiə etməliydik. Mən indi də onun səsini eşidirəm…”

"Adamlar siyasi fiqurlar barədə fikir yürütmək haqqına malikdirlər və mən buna öyrəşmişəm” – deyib Fatimə Sadeqi.

Ayətüllah Məhəmməd Sadeq Xalxali (solda)
Ayətüllah Məhəmməd Sadeq Xalxali (solda)

Bunun ardınca xanım Sadeqi yaddaşına həkk olunmuş hadisəni xatırlayır.

Bir dəfə o taksi ilə Tehrandan 30 kilometrlik məsafədə olan Kərəc şəhərinə gedirdi. Taksidəki sərnişinlərdən bir kişi onun atası haqqında təhqiramiz şeylər danışmağa başlayıb.

"O adam deyirdi ki, mənim atam bir dəfə Fransada iki kisə qızılla həbs olunub və guya həmin vaxt arvadı da onun yanında olub. Bunları eşitmək mənim üçün ağır idi. Amma iki kisə qızılı daşıyan anamı təsəvvür edəndə məni gülmək tutdu. Atam oğru deyildi. Onun gizlədilmiş sərvəti yox idi.

"Atam keçmiş baş nazir Hoveydaya ölüm hökmü vermişdi. O Kürdüstana gedib orda çox sayda insana ölüm hökmü oxumuşdu…Amma oğurluq etməmişdi”

Xalxali şah vaxtında 10 il baş nazir olmuş Hoveydaya ölüm hökmünü çox qısa dinləmədən sonra çıxarmışdı. Hökm oxunandan az sonra onu bayıra çıxarıb boynunun arxasından güllələmişdilər. Xalxali məhkəmə zalına qayıdıb hökmün icra olunduğunu elan etmişdi.

Baş naziri güllələyən tapança

ABŞ-dakı İran İnsan Haqları Sənədləri Mərkəzinin məlumatında deyilir ki, Xalxali Hoveydanın məhkəməsinə sədrlik etməsi ilə öyünürdü və onu güllələyən tapançanı yadigar kimi saxlamışdı.

Bununla belə, Fatimə Sadeqi deyir ki, atası sonralar islahatyönlülərin tərəfini saxlayırdı və hətta qızına 1997-ci ildə Məhəmməd Xatəmiyə səs verməsini tapşırmışdı.

Əmir Abbas Hoveyda (sağda)
Əmir Abbas Hoveyda (sağda)

Müsahibəni alan jurnalist özünü Fatimə Sadeqinin rəfiqəsi adlandırır və ona çox da çətin suallar vermir. Lakin bir məqamda ondan atası üçün darıxıb-darıxmadığını soruşur.

"Çətin sualdır. Dünyada öz valideynlərini sevməyən kimsə varmı?” – deyə Sadeqi cavab verir.

Sadeqinin müsahibəsi İranda bir çoxları tərəfindən “cəlladı insanlaşdırdığına” görə tənqid olunub.

Sürgündə yaşayan iranlı jurnalist Ərəş Bəhməni Tvitterdə yazıb: “Yaxşı olardı ki, Fatimə Sadeqi atası barədə susmaqda davam edəydi”.

Zeytun təxəllüslü bir İran blogeri isə Facebook-da yazıb: “Görəsən, Fatimə Sadeqi niyə deməyib ki, Xalxali atam olsa da, mən onu sevsəm də, o adamlara pislik edib, çox pisliklər edib. Niyə belə deməyib?”

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG