Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:49

Cəbhəçilər həbsdə qaldı


Aprelin 14-də keçirilmiş mitinq icazəli olsa da saxlananlar olub
Aprelin 14-də keçirilmiş mitinq icazəli olsa da saxlananlar olub

Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs edilmiş üzvlərindən bəzilərini azadlığa buraxmaqdan imtina etdiyi bildirilir.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, bu gün, aprelin 20-də həbsdəki üzvlərin 4-nün apellyasiya şikayətinə baxılıb.

Söhbət ötən həftə inzibati qaydada həbs edildiyi bildirilən Saqif Qurbanov, İsmayıl Həsənov, Baba Süleymanov və Əli İmanxanlıdan gedir. Abşeron Rayon Məhkəməsinin polisə müqavimət ittihamı ilə onların hər birinə 15 günlük inzibati həbs cəzası verdiyi deyilir.

AXCP onların Milli Şura və Müsavat Partiyasının aprelin 14-də keçirilən aksiyasından öncə şərlənərək həbs edildiyini açıqlayıb.

Verilən məlumata görə, onların apellyasiya şikayətində aşağı məhkəmənin qərarının əsassız olduguna görə qərarın ləğv edilməsi istənib.

Ancaq Bakı Apellyasiya Məhkəməsinin cəbhəçilər barədə qərarların heç birini dəyişmədiyi açıqlanıb.

AXCP-dən deyiblər ki, partiya üzvləri daxili müdafiə vasitələri tükəndiyindən, Avropa İnsan hüquqları Məhkəməsinə şikayət edəcəklər.

Məhkəmə materiallarına görə, Saqif Qurbanov, İsmayıl Həsənov, Baba Süleymanov və Əli İmanxanlı aprelin 13-də saxlanıblar.

Xatırlatma

Aprelin 14-də Milli Şura və Müsavat Partiyasının birgə mitinqi keçirilib.

Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Mitinqdə “Xalqın seçki hüququnu özünə qaytar!” və başqa şüarlar səsləndirilib.

AXCP-dən bildirilmişdi ki, aksiya ərəfəsində onların 6 fəalı saxlanaraq inzibati qaydada həbs edilib.

Partiya bunu hüquq-mühafizə orqanlarının mitinqin kütləviliyinin qarşısını almaq cəhdi adlandırmışdı.

Ancaq məlumatları hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Hakimiyyət rəsmiləri bildirirlər ki, ölkədə sərbəst toplaşmaq azadlığı tam qorunur.

XS
SM
MD
LG