Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:09

Xalid Bağırovla bağlı Azərbaycan 18 min avro cərimələndi


X.Bağırov

Avropa İnsan Hüquqlar Məhkəməsi (AHİM) bu gün, iyunun 25-də hüquqşünas Xalid Bağırovla bağlı qərarını elan edib.

Bu barədə AzadlıqRadiosuna danışan X.Bağırov deyib ki, qərar onun vəkillik fəaliyyətinin əvvəlcə bir il dayandırılması, daha sonra isə vəkillik fəaliyyətinə, ümumiyyətlə, xitam verilməsi ilə əlaqəlidir.

Hüquqşünasın qeyd etməsinə görə, AİHM qərarında onun iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb.

X.Bağırovun deməsinə görə, məhkəmə hesab edib ki, ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddəsinin pozuntusuna yol verilib.

Vəkillər Kollegiyasının keçmiş üzvünün vurğulamasına görə, Azərbaycan hökuməti ona buna görə 18 min avro təzminat ödəməlidir.

"Vəkillər Kollegiyasından uzaqlaşdırılmış bütün vəkillərin qələbəsidir"

"Bu qərar təkcə mənim qələbəm deyil. Vəkillər Kollegiyasından uzaqlaşdırılmış bütün vəkillərin qələbəsidir. Əslində, bu qərarla bu şəkildə vəkillikdən uzaqlaşdırılmış bütün vəkillərin Vəkillər Kollegiyasına üzvlükləri bərpa olunmalıdır. Bu qərar konkret göstərdi ki, vəkillərin Kollegiyadan uzaqlaşdırılmaları qanunsuz olub", - X.Bağırov AzadlıqRadiosuna bildirib.

Bu qərara, hələlik, Vəkillər Kollegiyası, Məhkəmə Hüquq Şurası və başqa Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

X.Bağırov 2011-ici ildə Vəkillər Kollegiyasının rəhbərliyinin qərarı ilə 1 il müddətinə vəkillikdən uzaqlaşdırılıb.

2015-cü ildə isə məhkəmə qərarı ilə onun tamamilə vəkillik fəaliyyətinə son verilib. Bu zaman onun ReAL Partiyasının sədri İlqar Məmmədovun məhkəməsində hakimlə bağlı işlətdiyi bəzi sözlər əsas götürülüb.

"Demişdim ki, Azərbaycanda ədalət mühakiməsi olsaydı, birinci instansiya məhkəməsi belə hökm çıxara bilməzdi və hakim də hakim işləyə bilməzdi", - X.Bağırov belə xatırlayır.

Son illər Azərbaycanda müxalif şəxslərin və müstəqil jurnalistlərin hüquqlarını müdafiə edən bir sıra vəkillərin fəaliyyətinə son qoyulub. Qərarlar həmin vəkillərin qanunvericiliyin tələblərini pozmaları ilə izah edilib. Vəkillər Kollegiyasından uzaqlaşdırılan həmin şəxslər isə bunu siyasi sifariş kimi dəyərləndiriblər.

XS
SM
MD
LG