Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:13

Kanal quruyub, fındıq bağları, taxıl sahələri yanır


Bir susuzluq dastanı: «Socar» yazılı lövhə və susuzluqdan «quyuya düşən» kəndlilər
Gözlə

No media source currently available

0:00 0:07:30 0:00

Bir susuzluq dastanı: «Socar» yazılı lövhə və susuzluqdan «quyuya düşən» kəndlilər

«Əkinlə, meyvəçiliklə dolanırıq, uşaq oxuduruq, ev saxlayırıq. Yayın cəhənnəmində suvarma suyunu kəsiblər. Kəndlilərin əkin, bostan, həyətyanı sahəsindəki meyvəliklər quruyub».

Bunu AzadlıqRadiosuna Xaçmazın Alekseyevka kəndinin sakinləri deyir.

«FINDIQ ELƏ AĞACDA ÇÜRÜYÜR»

Kənd sakini İsa Xanəliyev dad döyür ki, bir aydan çoxdur suvarma suyunun kəsilməsi onların məhsul arzusunu gözündə qoyub. İllərlə barını gözlədikləri ağacların dibi susuzluqdan cadar-cadar olub. İş orasındadır ki, hazırda kənddəki həyətlərdə quruyan minlərlə meyvə ağaclarını kökündən çıxarıb atmaqdan başqa yol qalmayıb. Çünki ağaclar kökündən yanıb və qarşıdakı illərdə bar verməsi də gözlənilmir.

Leyla Novruzəliyeva isə həyətdəki fındıq ağaclarının aqibətindən narahatdır:

«Fındıq bağımız hələlik tamam qurumasa da, vaxtında suvarılmadığına görə meyvəsi xırdadır. Belə fındıq elə ağacda çürüyür. Əgər yaxın bir-iki gündə də su verilməsə, ağaclar tamam məhv olacaq. Xeyli sahədə lobya, pomidor əkmişdik, vaxtında suvarılmadı, hamısı qurudu».

«18 MİN MANAT XƏRC ÇƏKMİŞƏM»

Sakinlərin iddiasına görə, hər yay mövsümündə kənddə su qıtlığı yaşanır. İstilər düşüncə, suyu bağlayıb məcrasını kanalın keçib gəldiyi qonşu kəndlərdəki məmur sahələrinə yönləndirirlər. Kasıb sahələri susuz qalır. Bir zəng, bir yoxlama gəlincə, suyu açıb müvəqqəti kasıb sahələrinə buraxırlar, sonra yenə bağlayırlar.

***Buna da bax-Poylulular: 'Vəzifəli şəxslərin yaxınları çayın yolunu da zəbt edib'

Bu yay da ənənəvi su qıtlığı bu üzdən yaranıb. Sayəddin Kərimov susuzluq üzündən bu yay 18 min manat zərərə düşdüyünü deyir. Ailəlikcə əkin və meyvəçiliklə məşğul olan kəndli hələ də nisyə aldığı gübrənin, dərmanın pulunu ödəməyib. Yüzlərlə ağac və əkin sahəsi tamam quruyub:

«18 min manat çəkdiyim xərcdir. Götürəcəyim məhsul bundan iki dəfə artıq gəlir gətirəcəkdi. Əməlli-başlı təsərrüfatım var, gəl ki, susuzluqdan yalınız zərər çəkirəm. İş orasındadır ki, məndən payızda məhsul gözləyən müştərilər də incik düşür və mən beləliklə həm də müştəriləri itirirəm».

«ZƏNGƏ İŞLƏYİRLƏR»

Kənd sakini Nizami Əliyev:

«Əziyyət çəkirsən, ağac əkirsən, 10 il gözləyirsən ki, meyvə götürəsən, gəlin baxın, hamısı quruyub. İki-üç nəfər imkanlı adamın sahəsinə, həyətinə su buraxırlar. Gündəlik 250-300 kub su verməlidirlər. Heç 100 kub su buraxmırlar kəndə... Zəngə işləyirlər. «Filankəs zəng elədi, suyu burax» məsələsi... Biri də kanalın üstündə villa tikib. Özü üçün ördək-qaz saxlayır. Biz o sudan məcburiyyət qarşısında qalanda, içmək üçün də istifadə edirik. Bu adam kanalın üstünü «setka»ya aldırıb, orada ördək-qaz saxlayır».

***Buna da bax-Fermer: 'Prezident deyib, əkinçiliyi inkişaf etdir, deməyib ki, heyvandarlığı məhv elə'

Kənd sakinlərinin sözlərinə görə, istifadə edə bilmədikləri suya görə onlardan supulu tələb olunur. Mirzəli kişi danışır:

«Sahələr yanır. Bu gün-sabah gələcəklər ki, supulu ver, vergi ver. Əkib, becərib, satıb, xeyir götürməyəndən sonra bu pulu haradan versin camaat? Sahələr quruyub, ağaclar quruyub, heç nə yoxdur. Pul da verən olmayacaq».

ALTERNATİV ÇIXIŞ YOLU TAPILMAYIB

Kənddə heç içməli su da yoxdur. Sakinlərin deməsinə görə, bir neçə il əvvəl içməli su layihəsi hazırlanıb, vəd olunub ki, bu layihə kənddə içməli su sarıdan korluğa son qoyacaq. Ancaq hələ də nə layihədən xəbər var, nə də içməli sudan...

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Alekseyevka inzibati ərazi idarəsindən «Qaynar xətt»ə bildirilib ki, susuzluğun səbəbi kəndi suvarma suyu ilə təmin edən kanalın qurumasıdır. İstilər düşəndə kanalda suyun səviyyəsi düşür və suvarma suyu yalnız yaxın kəndlərə gedib çatır. Digər kəndlərə isə tələbatı ödəyəcək qədər su çatmır. Hökumət belə vaxtlarda kəndin suvarma suyu ilə təmin olunması üçün hələlik alternativ çıxış yolu tapmayıb.

Alekseyevkada təqribən 500 ailə təsərrüfatı var. Bağça var, uşaqlara yer yoxdur. Xəstəxananı tibb məntəqəsinə çeviriblər. Yolları bərbad gündə, qaz əvəzinə də odundan istifadə olunur. Yel əsəndə işıq dirəkləri də yerində durmur. Alekseyevkalılar dərdlərini deməyə yer tapmırlar.

XS
SM
MD
LG