Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Xəzəri kimlər hasarlayır?


Bakıda çimərliklər, dağlarda meşələr çəpərlənir, bəs hara getməli?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Bakıda çimərliklər, dağlarda meşələr çəpərlənir, bəs hara getməli?

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 17-də məlumat yayıb ki, Xəzər sahilində, mühafizə zolağı torpaqlarından qanunsuz istifadə ilə bağlı 39 məhkəmə iddiası qaldırılıb.

Məlumata görə, təqsirkarlar barədə 80 halla bağlı protokol tərtib edilib, 76 hal barəsində Daxili İşlər Nazirliyinə müraciətlər göndərilib.

Amma hüquqşünas Aslan İsmayılov deyir ki, bu cəzalar hasarlamaya görə adekvat deyil. Onun sözlərinə görə, dəniz sahilinin zəbti ilə bağlı bir dənə belə cinayət işinə baxılmayıb.

“Mən o işlər haqda eşitdim və incələməyə başladım. İşlərdən biri Sədərəkdə bir milyonerin cərimələnməsi ilə bağlıdır- ya min manat, ya da 2 min manat. Yəni, belə adamlar üçün o inzibati cərimələr heç nədir. Heç o inzibati cəriməyə ehtiyac da yoxdur. Qanun birmənalı deyir ki, dəniz sahilinə insanların girişi məhdudlaşdırıla bilməz. Demək, o ərazidə olan bütün hasarlar sökülməlidir”.

Bu məsələlərə aid pozuntular Cinayət Məcəlləsində də yer alıb. Pozuntulara yol verən şəxslərə hətta 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları da nəzərdə tutulur.

Bəs, bu qədər yazılı qadağalara baxmayaraq, dəniz kənarını hasarlayanlar kimlərdir? Onlar necə buna nail ola bilirlər?

Torpaq Məcəlləsi sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsini hasarlamağa icazə verir. Amma bu hasar dənizin sahilinə gediş gəlişi məhdudlaşdırmamalıdır. Qanuna görə, bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmalıdır. Amma Aslan İsmayılov deyir ki, Xəzər sahilində hasarlanmamış ərazi az qala bircə dənizkarı bulvarda qalıb, özü də bu divarlar qanuna zidd olaraq dənizə girişi məhdudlaşdırıb və onu görünməz edib.

Bakı sakini Nurəddin Yaqubov deyir ki, Şıx çimərliyi ərazisinə avtomobillə girəndə ondan pul alırlar.

"Sahilə adam buraxırlar, amma maşınla girmək üçün gərək pul verəsən. Təmizlik isə bərbad durumdadır".

Xəzər sahilində bir çox çimərliklər isə ümumiyyətlə pulludur.

Keçən ay, iyunun 27 -də, deputat Fəzail Ağamalı dəniz kənarının hasarlanması mövzusunu Milli Məclisdə qaldırıb, deyib ki, Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Deputat deyib ki, cəzaları sərtləşdirmək lazımdır:

“Qanunvericilikdə dəyişiklik edərək bunu sərtləşdirmək lazımdır. Bu hasarlanmalar aradan qaldırılmalıdır. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar”.

Amma deputat deməyib ki, həmin ailələr kimlərdir. Hüquqşünas Aslan İsmayılov deyir ki, onlar ən yüksək rütbəli məmurlar, oliqarxlardır.

Deyilən iradlarla bağlı Dövlət Əmlak Komitəsinin mövqeyini öyrənmək istəsək də, qurum gün ərzində telefon zənglərimizə cavab vermədi.

Komitənin saytında deyilir ki, sahilboyu torpaqların mühafizəsi ilə bağlı monitorinqlər davam edəcək. Komitə vətəndaşları qanuna əməl etməyə çağırıb.

Aslan İsmayılov isə hesab edir ki, Xəzəri hasarlayanları cəzalandırmaq dövlət qurumlarının özünə sərf eləmir, çünki hasarların tikilməsinə şərait yaradanlar elə onlar özləridir.

“Sıravi vətəndaş ora bir kubik qoysa, onu həbs edərdilər, tikdiyini də yerlə yeksan edərdilər. Şəhid ailəsi, sıravi vətəndaş 20-30 il əziyyət çəkir, daxma tikir ki, orda yaşaya, bir günün içində bütün ordu növləri tökülüb onu yerlə yeksan edirlər. İndi monitorinq aparırıq demək, onların hissləri ilə oynamaqdır?”

2008-ci ilə qədər Xəzərin yalnız 130 metlik məsafəsində hər hansı tikinti işləri qadağan edilirdi.

Sonra qanun dəyişdi və bu məsafə 20-50 metrə endirildi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG