Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 10:59

Wim Wenders-dən 6 film çəkmək tövsiyəsi


Wim Wenders

Wim Wenders 1945-ci il avqustun 14-də - Sakit okeanda II Dünya müharibəsinin bitdiyi gün Düsseldorfda doğulub. O, müharibədən sonrakı Almaniyanın sevinc və şənlik dolu bir yer olmadığını deyir. Ancaq Wenders uşaqlığını əsasən Amerikadan idxal olunan mədəniyyətlə keçirib: Elvis-dən tutmuş Vesternlərə qədər.

Wenders 1970-ci illərdə dünya şöhrəti qazanan Yeni alman kinosu/Yeni Dalğa hərəkatını təmsil edən üç kinematoqrafçıdan biridir (digər ikisi Rainer Werner FassbinderWerner Herzog idi). Wenders karyerası boyunca davamlı olaraq bədii filmlərdən sənədli filmlərə keçib, sonra geriyə qayıdıb, janrları və dilləri dəyişdirib. O özünün ilk üç yol filmi ilə məşhurlaşıb: «Alisa şəhərlərdə» (Alice in the Cities) (1974), «Yanlış hərəkət» (The Wrong Move) (1975) və «Yolun kralları» (Kings of the Road) (1976). Bu filmlər bir-birinə bağlı çəkilməsə də, onları «Yol trilogiyası» adlandırırlar. Wenders-in ən çox tanınan filmləri arasında 1984-cü ildə Harry Dean Stanton-un iştirakı ilə çəkdiyi «Paris, Texas» və romantik fantaziya ilə ekzistensializmin qarışığı olan «İstəyin qanadları» (1987) filmləri də var.

O, Kann kinofestivalında «Paris, Texas» filminə görə «Qızıl palma», «İstəyin qanadları» filminə görə isə «Ən yaxşı rejissor» mükafatlarına layiq görülüb. «Paris, Texas» ona həm də ən yaxşı rejissor işinə görə BAFTA mükafatı qazandırıb. Wenders üç dəfə, «Yerin duzu» (The Salt of the Earth), «Pina» və «Buena Vista Klubu» (Buena Vista Social Club) filmlərinə görə «Ən yaxşı sənədli film» nominasiyasında Oskara namizəd göstərilib.

Kinematoqrafın yaşayan əfsanəsi olan Wenders-in gənclərə altı əsas tövsiyəsinə nəzər salaq:

Yalnız sizin çəkə biləcəyiniz filmləri çəkin

«Mənim gənc sənətkara – rəssama, fotoqrafa, kinematoqrafçıya, video sənətçisinə tövsiyəm budur: heç kəsin sizdən yaxşı edə bilməyəcəyi şeyləri edin. Siz hər kəsdən yaxşı edə bildiyiniz, heç kimdə olmayan, yalnız sizdə olan şeyləri axtarıb tapmalısınız. Kiminsə daha yaxşı edə biləcəyi heç nəyi etməyin...».

Əhəmiyyət çox zaman təsadüfidir

«Bir rejissor kimi sizə deyə bilərəm ki, əhəmiyyətli film çəkmək niyyətində ola bilməzsiniz. …Ancaq bəzən bu möcüzəli şey baş verir. Rejissor üçün əziz olan bir film başqa adamların ürəyinə də yol tapır… Düşünürəm ki, vacib olan tək şey xoşbəxtlik və əhəmiyyətin möcüzəli şəkildə birləşməsidir. Bu da sizin auditoriyaya toxunmağınız, auditoriyanın həmin ana ehtiyacının olmasıdır».

Azadlıq istəyirsinizsə, yol filmi çəkin

«Bu sizə istənilən nöqtədə filmin gedişatını dəyişmək imkanı verir. Adi kinematoqrafda siz bunu heç vaxt edə bilməzsiniz, çünki əksər film çəkmə şəraitlərində siz çox zaman sonluğu başlanğıcdan əvvəl çəkirsiniz. Nəyisə dəyişmək imkanınız yoxdur. Yol filmində isə tam azadlığınız var. O sizi sağa yox, sola getməyə həvəsləndirir, sizi ssenarini yazanda ağlınıza gələn fikirdən daha yaxşı ideyalar ortaya qoymağa həvəsləndirir».

Məkan və zamanı düşünün

«Məkan hissi olmayanda özünüzü azmış kimi hiss edirsiniz. Siz film çəkmə prosesində yüzlərlə kiçik elementlər yaradırsınız. Hər kadr bir elementdir. Son nəticədə isə bu, kiçik daşlardan bina tikmək kimidir və siz o daşları bir-bir yaradırsınız. Buna görə sizə vaxt hissi, bir növ vaxt memarlığı lazımdır».

Sizin ən yaxşı filminiz güman ki, incidəcək

«Maneələrin olmadığı, hər şeyin yumşaq baş verdiyi film çəkmək çox nadir hadisədir. Belə təcrübələrin yaxşı filmlə nəticələndiyi də çox nadir hallarda olur. Mənim öz təcrübəmdə sizin problemlər dağının qarşısında durub nəhəng çətinliklərin öhdəsindən gəlməli olduğunuz, …məyus olduğunuz, hansısa boşluğu doldurmaq üçün ideyalar ortaya qoyduğunuz filmlər maraqlı filmlərdir. Əsl nəzərə alınmalı olan filmlər də bunlardır… Məncə iş gedişində sizin qəlbinizi qıran filmlər başqa insanların da qəlbini qırmaq potensialına malikdir».

Ancaq Wenders bu siyahını bəlkə də ən vacib qaydalarla tamamlayıb:

Heç bir qayda yoxdur

Yuxarıda deyilənlərin heç biri mütləq doğru deyil.

XS
SM
MD
LG