Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:51

'Çanaqqala' restoranının sahibi: 'Pulu MTN-ə aparanda 4 nəfər idik...'


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

MTN İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov həbsdən çıxmaq istəyir. Deyir ki, onun azadlığa çıxması hədə-qorxu, saxta cinayət işləri vasitəsilə pullarını ələ keçirdiyi iddia olunan zərərçəkmişlərin də xeyrinə olacaq.

"Bundan öncə də mən belə bir vəsatət qaldırmışdım, amma məhkəmə təmin etmədi. Əsas kimi isə bildirildi ki, zərərçəkmişlər aqressivdir, mənim azadlıqda olmağım təhlükə yarada bilər. Bu, doğru yanaşma deyil, çünki əksinə, mənim azadlıqda olmağım onların xeyrinə olacaq. Bunu əminliklə deyirəm. Mənim azadlığa buraxılmağıma zərərçəkmişlər də etiraz etmir”, - keçmiş MTN müstəntiqi fevralın 2-dəki məhkəmə iclasında belə deyib.

Youtube Kanalımıza abunə olun- Hər gün yeni videolar izləyin

Zərərçəkmişlər onun azadlığa çıxmasının əleyhinə deyil, amma vaxtilə MTN-də alınan pulları geri qaytarandan sonra.

Buna da bax:​ Vüsal Ələkbərov işi: 'Bilirəm, Eldar Mahmudov toy eləyir...'

Generalı tapıb məhkəməyə gətirə bilmirlər

Zərərçəkmiş Namil Rzayev: "Burada camaatın adından danışma. Camaatı razı sal, səndən şikayətimiz olmasın, nədənsə də narazı olmayaq. Vüsal Ələkbərov pulları kimə verib, ondan da tələb etsin. Getsin Eldar Mahmudovdan, Mövlam Şıxəliyevdən tələb etsin, bizim pulumuzu gətirsin. Əks təqdirdə vəsatəti təmin edilməsin”.

Zərərçəkmiş Nizami Kazımov da deyir ki, dəymiş ziyan ödənilmədiyi halda, Vüsal Ələkbərovun azadlığa buraxılmasından söhbət gedə bilməz: “Pullarımız ödənilsin, onun da azadlığa buraxılması barədə vəsatəti təmin edilsin. Əks halda, biz onun azadlığa buraxılması ilə razı deyilik".

Hüseyn Səfərov, Elşən Mədətov da eyni mövqedən çıxış ediblər.

Buna da bax: MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

"Bizim obyektlərimiz, evimiz satılıb. Burada pullarımızı tələb edirik. Vüsal Ələkbərovun da həbs edilməsini istəmirik. Biz özümüz həbs olunmamaq üçün Vüsal Ələkbərova pul vermişik. İndi də Vüsal Ələkbərov dəymiş ziyanı ödəməlidir ki, onu həbsdən buraxsınlar”, - zərərçəkən Elşən Mədətovun sözləridir.

Məhkəmə vəsatəti təmin etməyib.

Zərərçəkənlərin ifadələrində adı tez-tez çəkilən, alınan pulların əhəmiyyətli hissəsinin çatdığı iddia olunan MTN İstintaq İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev də bu iş üzrə şahid kimi dindirilib. Amma indi onu tapıb məhkəməyə gətirə bilmirlər. Məhkəmə iclasının katibi bildirib ki, onunla heç cür əlaqə saxlamaq mümkün deyil.

Buna da bax: MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'

"O bir milyonun 500 minini mən vermişəm"

Zərərçəkmiş Nizami Kazımovun qudası, “Çanaqqala” restoranını sahibi Tahir Əbdülqasımov da məhkəmədə dindirilib. Nizami Kazımov həbs olunarkən, Azərbaycanda olmadığını deyən şahid gələndən sonra eşidib ki, qudası banka pul qoyub, buna görə də həbs ediblər: "Buna inanmadım, fikirləşdim ki, adamı banka pul qoyduğu üçün həbs edərlər? Düşündüm ki, burada başqa iş var. Onunla məhkəmədə görüşdük, dedi ki, banka pul qoyduğu üçün həbs ediblər. Nizaminin dilindən eşidəndən sonra deyilənlərin düzgün olduğunu bildim. Nizami dedi ki, həbsdən azad edilməsi üçün 2 milyon dollar istəyirlər".

Şahid deyir ki, qudasının buraxılması üçün Vüsal Ələkbərova, ilkin olaraq, bir milyon dollar verilib: “Pulu MTN binasının yanına aparanda 4 nəfər idik. Oradan telefonla dedilər ki, pulu bir nəfər gətirsin, oğlum Samir də çantadakı pulu apardı. Həmin vaxt Vüsal Ələkbərovu uzaqdan görmüşəm. Sonra Nizami azadlığa çıxdı. Vüsal Ələkbərov qalan pulu da verməyi tələb etdi. Bir milyon dolların toplanması üçün mən də 500 min dollara yaxın pul qoymuşam".

Buna da bax:​ Azərbaycansayağı korrupsiya izi: Evindən 3 şirkət çıxa, xəbərin olmaya...

Nizami Kazımovun kürəkəni Samir Nadirli də ifadə verib. O, “Texnikabank”a qoyulan puldan və qayınatasının həbsindən danışıb. Onun sözlərinə görə, Vüsal Ələkbərov ondan qayınatasının üzünə durmağı tələb edib: “Bu işlə bağlı mənim ərizəmi aldılar, amma məni dindirmədilər”.

Samir Nadirli qayınatasının buraxılmasından ötrü bir milyon dolları necə toplamasından, həmin vəsaiti Vüsal Ələkbərova MTN binasının arxasında necə verməsindən də danışıb.

Məhkəmə fevralın 9-da davam edəcək.

Buna da bax: General: 'Kişi kimi 3 maddə verin... razı olacağam'

Xatırlatma

Vüsal Ələkbərovun işində zərərçəkənlərin bir neçəsi “Texnikabank”ın əmanətçiləri olub. Bir neçə il əvvəl MTN-də “Texnikabank”la bağlı cinayət işinin istintaqı aparılıb, bankın rəhbəri Etibar Əliyev də daxil, xeyli vəzifəli əməkdaşı həbs edilib. Etibar Əliyev aylarla həbsdə saxlanılandan sonra azadlığa buraxılıb. Elə həmin istintaq araşdırmalarında o bankda kimlərin böyük məbləğdə əmanəti olduğu üzə çıxıb. Sonradan həmin əmanətçiləri MTN-ə çağırıb, pullarını alıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG