"Hürriyyət" qəzetinin və HurriyyetTV internet kanalının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) avqustun 3-nə Bakı Ağır Cinayətlər Məhkəməsində təyin olunmuş məhkəmə iclası təxirə salınıb. Vəkili Rövşanə Rəhimlinin bildirdiyinə görə, buna V.Məmmədovun səhhətinin ciddi ağırlaşması səbəb olub.
Vəkilin sözlərinə görə, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan V.Məmmədovun səhhəti, müalicəsinin nəticələri və diaqnozu ilə bağlı Tibb Baş İdarəsinə, eləcə də qurumun özünə ünvanlanan sorğular cavabsız qalır: "Vəkil sorğusundan əlavə, məhkəmə də bununla bağlı sözügedən qurumlara məktub göndərib. Lakin hələ də heç bir qurumdan məlumat əldə edə bilməmişik".
Vəkil R.Rəhimli V.Məmmədovun xüsusi mühafizə altında ixtisaslaşmış dövlət və ya özəl tibb müəssisəsinə yerləşdirilərək stasionar müalicə almasını zəruri saydığını bildirir.
V.Məmmədovun səhhəti ilə bağlı Penitensiar Xidmətdən əlavə informasiya almaq mümkün olmayıb.
Xatırlatma
Ötən il oktyabrın 29-da DTX əməkdaşları "Hürriyyət"in redaksiyasında axtarış apararaq baş redaktor V.Məmmədovu və başqa əməkdaşları saxlayıblar. Digər əməkdaşlar sonradan buraxılsa da, V.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə — təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
V.Məmmədovun suçlandığı maddələrdə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Baş redaktor özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını düşünür.
O, 2023-cü ilin iyununda HurriyyetTV-nin efirində yasaqlanmış məlumatın yayılmasında günahlandırılaraq 1 ay həbsdə qalmışdı.