Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:17

Jurnalistlər üçün bina tikən şirkət Əli Həsənovun baldızının olub


Bibiheybətdə jurnalistlər üçün tikilmiş bina
Bibiheybətdə jurnalistlər üçün tikilmiş bina

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar tikmiş "Portos" şirkətinin prezidentin keçmiş köməkçisi Əli Həsənovun baldızı Gülər Vəliyevaya məxsus olduğu bildirilir. Bunu noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətin keçmiş direktoru Nadir Məmmədov deyib.

Məmmədov jurnalist binalarının tikintisi zamanı 16.9 milyon manat yeyintidə suçlanır. O, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfərlə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən biridir. Lakin 11 nəfərdən yalnız ikisi – Səfərli və Məmmədov həbsdədir, digərləri barəsində istintaq və məhkəmə dövrü üçün başqa növ qətimkan tədbiri seçilib.

"Biz orada hambal olmuşuq"

Məmmədov məhkəmədə dindirilərkən deyib ki, Fondun sabiq icraçı direktoru və digərləri ilə əlbir olub, binaların təmir-tikintisində mənimsəmədə iştirakı haqda ittihamda yazılanlar yalandır. Onun sözlərinə görə, şirkətdə maliyyə məsələlərinə Əli Həsənovun oğlu Şamxal Həsənov baxırdı.

"Mənim Vüqar Səfərli ilə qazanc məqsədilə heç bir razılaşmam olmayıb. Kimin kiminlə əlaqəsi var, kim neyləyib, Şamxal Həsənov bilir. Maliyyə məsələlərinə də o baxırdı, suallarınızı da ona verin. Siz elə bilirsiniz biz orada nəsə böyük səlahiyyət sahibi olmuşuq? Biz orada hambal olmuşuq...", – Məmmədov belə deyib.

Onun sözlərinə görə, jurnalistlərin binalarının tikildiyi ərazi sürüşmə zonasıdır. Ona görə də binanın dayaqları inşa edilərkən üç qat artıq torpaq və başqa materiallardan istifadə olunub.

3.2 milyonluq ziyan

Keçmiş direktor deyir ki, "Portos" şirkəti ikinci binanın tikintisində 3.2 milyon ziyana düşüb. Buna baxmayaraq, o binada da tikinti normalarına riayət olunub, lift, divar kağızı və s. materialların keyfiyyətli və daha baha olanından istifadə edilib.

"Mən orada maaşa işləmirdim. Oğlumu xaricə işləməyə aparacaqdılar. Bu sözə görə işləmişəm", - təqsirləndirilən Məmmədovun sözləridir.

Jurnalistlər üçün binaların tikintisi zamanı 17 milyona yaxın vəsaitin yeyintisi ittihamı üzrə məhkəmə araşdırmaları davam edir. Bu cinayət işi üzrə məhkəmə prosesinin əvvəlində vəkillər vəsatət qaldırmışdı ki, Əli Həsənovun oğlu Şamxal Həsənov və baldızı Gülər Vəliyeva əlavə şahid qismində dindirilsin. Lakin bu vəsatət baxılmamış saxlanmışdı.

Xatırlatma

Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. 2021-ci ilin yanvarında həbs olunan Səfərli və daha 10 nəfərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.

Səfərli və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. "Rabitəbank"da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb. Medianın İnkişafı Agentliyi Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG