Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 14:42

''Portos' MMC-nin əsl sahibi Əli Həsənov idi' (istintaq ifadəsi)


Jurnalistlər üçün inşa olunmuş bina
Jurnalistlər üçün inşa olunmuş bina

Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən üç binadan ikisində 16 milyon 920 min manat yeyintiyə yol verildiyi iddia edilir. Bu, noyabrın 4-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan daha 10 nəfərin məhkəməsində məlum olub.

Binalardan ikisinin layihəsini hazırlamış baş memar Telman Tahirov deyir ki, digər təqsirləndirilənlərlə əlbir olub milyonlarla vəsait mənimsəməsi barədə ittihamda yazılanlarla razı deyil. O bildirib ki, layihəni hazırlasa da, son qərarı Dövlət Baş Ekspertiza İdarəsi verirdi. Bu qurumun layihədəki qiymətlərə də müdaxilə edərək artırıb-azaltmaq səlahiyyəti var: "Məsələn, binalardan birinin tikintisini layihədə biz 1 milyon 154 min manat göstərmişdik, Ekspertiza İdarəsi 1 milyon 108 minə salmışdı. O birini biz 910 min göstərmişdik, 871 minə salmışdı...".

Binaların layihəsində təmir zamanı bahalı inşaat materiallarından istifadə nəzərdə tutulsa da, gerçəkdə daha ucuz materiallardan istifadəyə gəlincə, Tahirov bildirib ki, bəzək-tamamlama işlərinin onlara aidiyyəti yox idi. Bu, sifarişçinin özündən asılı olan məsələdir.

Parket əvəzinə laminat

Jurnalistlər üçün tikilmiş binaların idarə edilməsi ilə məşğul olan "Jurnalist evi" MMC-nin sabiq direktoru Bünyəmin İsmayılov məhkəmədə dindiriləndə məlum olub ki, layihədə döşəməyə parket vurulması nəzərdə tutulsa da, əvəzində xeyli ucuz laminatdan istifadə edilib. Altlıq üçün alınmalı taxtalara da qənaət edilib. Layihədə divarlara parça oboy vurulması göstərilsə də, dəfələrlə ucuz olan kağız oboydan istifadə olunub. Bundan başqa, pəncərə altlıqları da, əslində, mərmər materialdan olmalıymış, lakin plastik materialdan olan altlıqlar qoyulub.

Təqsirləndirilən İsmayılovun istintaqa ifadəsində göstərilib ki, binaların tikintisini həyata keçirən "Portos" MMC-nin əsl sahibi prezidentin keçmiş köməkçisi Əli Həsənov idi. Hazırda təqsirləndirilən şəxslər arasında olan Nadir Məmmədov şirkətin formal direktoru olub. Hətta jurnalistlər üçün üçüncü bina tikilməyə başlayanda Məmmədovu direktor vəzifəsindən də çıxarıblar, əvəzinə Əli Həsənovun qohumu Ədalət Vəliyev təyin edilib. Lakin Vəliyev bacarmayıb, ona görə də Məmmədovu direktor vəzifəsinə geri qaytarıblar: "Həm ikinci, həm də üçüncü binanın tikintisində xeyli nöqsanlar vardı. Üçüncü bina tikiləndə Əli müəllim, demək olar, həftədə bir dəfə ora gəlib, işlərin gedişiylə maraqlanırdı. Mən nöqsanlar barədə Əli Həsənovu məlumatlandırdım, Nadir Məmmədovdan ona şikayət elədim. O da Nadir Məmmədova tapşırıqlarını verdi...".

Əli Həsənovun adını çəkməyib...

İsmayılovun istintaqa ifadəsində vurğulanıb ki, təmir zamanı brend firmaların avadanlıqlarının əvəzinə Çin mallarından istifadə olunmasına görə Vüqar Səfərliyə etirazını çatdırıb: "Cavabında mənə dedi ki, bu işlərə Əli Həsənov nəzarət edir, mən qarışmıram...".

Təqsirləndirilən İsmayılov məhkəmədə dindirilərkən bu ifadə ilə razılaşmayıb. O deyir ki, istintaqda dindirmə zamanı Əli Həsənovun adını çəkməyib. Mənimsəmə və digər ittihamları qəbul etmədiyini vurğulayan İsmayılovun sözlərinə görə, o, 10 ilə yaxın MTN-in Tikinti İdarəsində işləyib. Sonradan MTN-də xadimələr istisna olmaqla, mülki şəxslərin işləməsinə qadağa qoyulduğuna görə onu da çıxarıblar. 2014-cü ildən KİVDF-nin Tikintiyə Nəzarət şöbəsində çalışıb: "Mən işləməyə başlayanda artıq jurnalistlərin ikinci binasının yarısı tikilmişdi. Mənə birinci binanın birinci mərtəbəsində ofis verildi. İşim tikintiyə nəzarət etmək, görülən işlərlə bağlı sənədləri tərtib etmək idi. Binanın dövlət orqanlarına gedən sənədlərini özüm aparıb imzalatdırırdım, rəy alırdım. Mən maaşdan əlavə gəlir götürməmişəm".

Məhkəmədə dindirmələr zamanı Vüqar Səfərlinin özündən də layihədə göstərilən materialların əvəzinə xeyli ucuz avadanlıqlardan istifadənin səbəbi barədə soruşulub. Sabiq icraçı direktor belə cavab verib: "Sənəddə əvvəl laminat yazılmışdı. Sonradan bildim ki, parket vurulmalı imiş...".

Məhkəmə prosesi noyabrın 10-da digər təqsirləndirilən şəxslərin ifadələri ilə davam edəcək.

Xatırlatma

Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. 2021-ci ilin yanvarında həbs olunan Səfərli və daha 10 nəfərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.

Səfərli və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. "Rabitəbank"da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb. Medianın İnkişafı Agentliyi Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG