Tatarıstanlı ictimai fəal Erken Sarsembayev respublika sakinlərini təhqir etdiyinə görə televiziya və radio aparıcısı Vladimir Solovyovdan İstintaq Komitəsinə, prokurorluğa və hətta prezident Putinin özünə şikayət edib.
AzadlıqRadiosunun Rus xidməti bildirir ki, Sarsembayev jurnalistin cəzalandırılmasını və işdən qovulmasını tələb edir.
Tatarıstandan bir Xasan
Solovyov oktyabrın 2-də Vesti FM radiostansiyasındakı proqramına gəlmiş dinləyici mesajından qəzəblənib. Bu dinləyici özünü Xasan adı ilə təqdim etmişdi.
Solovyov dinləyicini “əclaf” adlandırıb, onun İŞİD-ə üzv olduğunu deyib və qafqazlılarla asiyalıların ağzını əyməyə başlayıb.
Maraqlıdır ki, Solovyov dinləyici mesajını efirdə oxyub:
“Əgər öz yekə gündəyməzini burcudan birisi varsa, o da elə sənsən, putinçi nökər”.
Məsələ burasındadır ki, Solovyov bu mesajdan əvvəl apardığı proqramlardan birində Pavel adlı istifadəçi ilə Twitter-dəki yazışmasından danışmışdı.
Həmin yazışma Solovyovun Moskva etirazları ilə bağlı verilişi ilə əlaqədar idi.
Bu yazışmada Solovyov Paveldən “gündəyməzini burcutmağı dayandırmasını” və 5 il müddətinə azadlıqdan məhrum edilmiş bloger Vladislav Sinitsanı müqəssir sayıb-saymadığını etiraf etməsini tələb etmişdi. Sinitsa Rusiya paytaxtının mərkəzində dinc aksiyaya divan tutan güc strukturları rəhbərlərinin övladları ilə haqq-hesab çəkilə biləcəyinə işarə etmişdi.
Özünü Tatarıstandan Xasan kimi təqdim edən dinləyici də Solovyovun Pavellə yazışmasına münasibət bildirmişdi.
Solovyov canlı efirdə guya tatar ləhcəsi ilə demişdi:
"Tatarıstandan bir Xasan yazıb. Ay əclaf, sən kimin tərəfindəsən? Tatarıstanı rüsvay eləmə. Putinçi nökər deyirsən. Bəs sən kimin nökərisən? Sənin telefonunu verərəm...Belələrini yoxlatmaq lazımdır. Bunların səsi sonra İŞİD-dən gəlir”.
Xəbər verilir ki, Solovyovun tatar ləhcəsini lağa qoyması və İŞİD-dən söz salması Tatarıstanda hiddət dalğası yaradıb.
Tatarıstan prezidenti mətbuat xidməti rəhbərinin müavini Lilia Galimova bildirib ki, Solovyov öz qabalığı ilə “hörmətli radiostansiyanı” gözdən salıb. Onun sözlərinə görə bu, jurnalist tərəfindən o qədər də düzgün hərəkət olmayıb. Axı onun opponentinin Solovyova cavab vermək imkanı yox idi.
Solovyov bu şərhə cavab olaraq deyib ki, onu gözümçıxdıya salmaq istəyirlər.
O habelə deyib ki, Xasan özünün postunda onu təkcə “putinçi-nökər” adlandırmaqla kifayətlənməyib, habelə aparıcının ünvanına antisemit təhqirlər yağdırıb və hətta prezident Putini təhqir edib.
İqtidar jurnalistləri haqqında mahnı?
Kazanlı vəkil və ictimai xadim Erken Sarsembayev bildirib ki, o artıq Vladimir Solovyovun Rossia telekanalındakı şousuna baxmır, çünki orda ancaq Ukraynadan danışırlar.
Sarsembayev İstintaq Komitəsinə və prokurorluğa müraciət edərək Solovyovun Rusiya Federasiyası CM-nin 282-ci maddəsi ilə cəzalandırılmasını tələb edib.
Bu maddədə “nifrət və düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılmasından” söhbət gedir.
Sarsembayev AzadlıqRadiosuna müsahibəsində deyib ki, onun şikayəti artıq rəsmi qaydada qəbul edilib.
O Rusiya prezidenti Vladimir Putinə ərizəsində Solovyovun və Rusiya Dövlət Teleradio Komitəsinin sədri Oleg Dobrodeyevin vəzifələrindən azad olunmasını tələb edib.
AzadlıqRadiosu adı çəkilən bu şəxslərdən heç biri ilə əlaqə yarada bilməyib.
Vladimir Solovyovun tatarlarla münaqişəsindən bir qədər əvvəl o, opponentləri ilə başqa bir mübahisəyə girişmişdi və isbat etməyə çalışırdı ki, məşhur bard Boris Grebenshikov özünün “Axşam çərənçisi” (Вечерний М) mahnısını ona yox, bir başqasına həsr edib.
Oktyabrın 4-də Soçidə keçirilən “Valday klubu” diskussiyasında Putin Rusiya telekanllarında Ukraynanın mənfi işıqlandırılmasının düzgün olmadığını bildirmişdi.