Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 05:08

Hakimiyyət Solovyovun açıqlamaları haqda niyə susur?


Vladimir Solovyov and İlham Aliyev. Baku. 07april2017
Vladimir Solovyov and İlham Aliyev. Baku. 07april2017

Azərbaycanın dövlət başçısı İlham Əliyev ötən həftə Ümumrusiya Dövlət Teleradio Şirkətinin aparıcısı Vladimir Solovyovla görüşüb. İkisaatlıq görüşdən sonra Vesti FM-ə müsahibəsində Solovyov Əliyevə istinadla bəzi fikirlər açıqlayıb. Məsələn, o, prezidentin ABŞ-a mənfi münasibətindən, birinci ledini niyə birinci vitse-prezident təyinetməsindən, müxalifəti “susdurmaq yollarından”, Dağlıq Qarabağa səfərindən və s. danışıb.

Bu görüş haqda yalnız “Azərtac” məlumat yayıb. Həmin xəbərdə jurnalistin prezidentə istinadla səsləndirdiyi fikirlər barədə heç bir qeyd yoxdur. Onun audio və ya video yazısı da yayımlanmayıb.

Buna da bax:​ Rusiya-ABŞ gərginliyinin Azərbaycana təsirləri [video]

Rəsmi məlumatda, sadəcə, Bakıya ilk dəfə səfər edən jurnalistin paytaxtda “sürətli inkişaf proseslərinin onda böyük təəssürat doğurduğu və Bakının çox gözəl şəhər olduğunu” söylədiyi deyilir.

Prezident İlham Əliyevin Azərbaycan haqda reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görüldüyünü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırdığı, Azərbaycan ilə Rusiya arasında uğurlu əməkdaşlıq barədə danışdığı qeyd olunur.

Novruz Məmmədov danışmadı

Rusiyalı jurnalistin İlham Əliyevin adından verdiyi açıqlamalar sosial şəbəkələrdə müzakirə yaratsa da, indiyədək rəsmi qurumlar tərəfindən nə təsdiqlənib, nə də yalanlanıb. Aprelin 13-də AzadlıqRadiosu prezidentin köməkçisi Novruz Məmmədovla əlaqə saxlamağa çalışıb. Ancaq Məmmədovun köməkçisi hər dəfə onun görüşdə olduğunu, bununla bağlı açıqlama vermək istəsələr, özlərinin əlaqə yaradacaqlarını bildirib.

Buna da bax: 'Məmurlar Azərbaycanı Avropa ilə yox, Afrika ilə müqayisə edirlər'

AzadlıqRadiosu Milli Məclisin üzvlərindən deyilənlərə münasibət öyrənməyə çalışıb. Bu məqsədlə Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupun üzvlərinə zəng vurub. Deputatlardan bəziləri tədbirdə olduğunu deyərək danışmaq istəməyib, bəziləri isə bu jurnalist haqda fikirlərini bölüşmək həvəsində olmadıqlarını bildiriblər.

Sual yaranır: Deputatların haqqında danışmaq istəmədiyi bir jurnalisti o zaman prezident niyə qəbul edir? Adının çəkilməsini istəməyən millət vəkillərindən biri durumu belə izah edir – bu jurnalist “Azərbaycana qarşı qərəzlidir”, görünür, onu “barıtını azaltmaq”, “ölkə haqda mövqeyini yumşaltması” üçün dəvət ediblər, “o da bundan istifadə edib öz fikirlərini orda-burda səsləndirir”.

Səməd Seyidov: “Sualınız varsa, Solovyova verin”

Buna da bax:​ Putin: 'Rusiya Haaqa məhkəməsinə müraciət edəcək'

Səməd Seyidov
Səməd Seyidov

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim partiyanın üzvü Səməd Seyidov AzadlıqRadiosuna deyir:

– Jurnalistin sözlərini şərh etmək düzgün deyil.

– Amma jurnalist prezidentin adından danışır, o deyir ki, guya prezidentin ABŞ-a, Qərbə münasibəti pisdir.

– Siz özünüz də burda “guya” sözündən istifadə etdiniz. Ən yaxşısı o olardı ki, siz Solovyova zəng vurasınız, elə bilirəm, o, sizə müsahibə verər. Mən özüm onun sözlərini şərh etmədən münasibətimi bölüşə bilərəm. Vaxtilə Azərbaycana qarşı xeyli mənfi, xoşagəlməyən fikirlər səsləndirən, Rusiya Dumasının ən fəal üzvlərindən biri də Jirinovski idi. Azərbaycana səfərdən sonra çox şey həmin adama aydın olur. Təəssüf ki, bəzən bütün dünyada, o cümlədən Rusiyada Azərbaycan haqda məqsədyönlü şəkildə pis fikirlər yayırlar. Ona görə də həmin insanların Azərbaycana gəlib prosesləri görməsi, dərk etməsi çox vacibdir, çox önəmlidir. Burda başqa məna axtarmağın tərəfdarı deyiləm. Ona görə görüşlə bağlı sualınız varsa, onu Solovyova verin. Amma bu görüşləri əhəmiyyətli sayıram.

Buna da bax:​ Azərbaycan dini qadağaların 'ən yüksək' olduğu ölkələrdəndir

– Yəni hesab edirsiz ki, bu görüşlər ölkənin təbliğatına işləyir?

– Bəli, Azərbaycandakı vəziyyəti, beynəlxalq hadisələrə baxışını, qonşuları ilə qurduğu və quracağı siyasəti təbliğ etmək üçün bu, çox əhəmiyyətlidir. Görürsünüz, artıq bu haqda hamı danışır. Hansısa fikirlərdən kiminsə xoşu gəlməyə bilər, amma bunu jurnalistdən soruşmaq lazımdır. Bir il əvvəl Fransada Rene Rulkenin təşkil etdiyi ciddi konfransa qatıldım. Məni tənqid etdilər ki, Rulke Azərbaycan əleyhinə çalışır, niyə gedirsiniz o tədbirə. Orda Azərbaycan əleyhinə provokasiya nəzərdə tutulmuşdu, mənim iştirakım və mövqeyim sayəsində bunun qarşısı alındı. Solovyov da Azərbaycanda olmayıb, Azərbaycana müxtəlif münasibət bəsləyirdi. Onun müsahibəsi sayəsində Azərbaycana münasibət dəyişdi. Avropa Parlamentində də Azərbaycanı sevən də var, sevməyən də. Amma bu siyasətdir, hamıyla işləmək lazımdır.

– Amma bu jurnalistin ölkənin birinci şəxsinə istinadla dediyi fikirlər müxtəlif assosiasiyalara yol açırsa, məsələn, siyasi hakimiyyətin Qərbi sevməməsi haqda təəssürat yaradırsa, onda necə?

– Siz də subyektiv fikirlər səsləndirirsiniz, onda sizinlə söhbətdən imtina edim?

Buna da bax:​ AB ilə dialoq Azərbaycanın prioritetləri sırasındadır

– Səməd müəllim, söhbət ondan gedir ki...

– Bizim məsələyə yanaşmamız, mövqeyimiz fərqlidir. Biz sivil qaydada danışmaq qabiliyyətini kənara qoysaq, dialoq alınmayacaq. Bəzən susmaq daha çox problem gətirir.

Natiq Cəfərli: “Anlaşılmayan budur”

Elə REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli də bu fikirdədir ki, Vladimir Solovyov “nüfuzlu şəxsdir”, “ölkə haqda pozitiv fikrin formalaşması, müsbət mesajların verilməsi” məqsədilə Azərbaycanın prezidenti onu qəbul edib. “Ancaq qəbul olunmayan başqa məsələdir. Prezident İlham Əliyev Azərbaycan mətbuatının təmsilçiləri ilə görüşmür, onlarla bu cür açıq söhbətlər etmir, ölkənin müxtəlif problemləri haqda fikirlərini bölüşmür. Anlaşılmayan budur”.

Buna da bax:​ Mühacirlərə qanunsuz sənəd verənlər kimlərdir?

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli prezidentin adından səsləndirilən açıqlamalara sosial şəbəkələrdə münasibət bildirsə də, yenə də ehtiyatlı davranmağın tərəfdarıdır, çünki xəbər “birtərəfli” yayılıb, onun obyektivliyi şübhə altındadır. Amma bununla belə, o da hesab edir ki, prezidentə istinadla yayılan fikirlərə aydınlıq gətirilməlidir, xüsusən də Azərbaycanin Avrasiya İttifaqına üzvlüyü barədə, jurnalistin söhbətboyu “Artsax” dediyi, işğal altında olan Dağlıq Qarabağa səfərinə, dövlət başçısının Qərbə “mənfi münasibətinə” və başqa məsələlərə.

Natiq Cəfərli deyir: “Qarabağa "Artsax" deyir, iddia edir ki, prezidentə "Artsax"a dəfələrlə getdiyini açıq deyib, hətta sual da verib ki, ‘Lapşini tutmusuz, bəs məni niyə tutmursunuz’. Ciddi iddiadır, qanun hamı üçün birdir, amma Solovyov qanunu pozduğunu desə də, prezident ona heç nə cavab verməyib. Əgər cavab veribsə, indi bu məsələyə mətbuat xidməti aydınlıq gətirsin”.

Buna da bax:​ Patruşevin qəfil Bakı səfəri nə ilə bağlıdır? [video]

Siyasətçi daha bir məqamı xüsusi qeyd edir: “Solovyov iddia edir ki, prezidentin Qərbə, ABŞ-a münasibəti çox pisdir - buna aydınlıq gətirilməlidir. Müstəqillikdən üzü bəri ölkəyə gələn hər 10 dollar investisiyanın 8 dolları Qərbdən gəlib, ixracatımızın 60%-ə yaxını Qərb ölkələrinədir, nəhayət, Qərb ölkələri bu hakimiyyətin ən böyük dəstəkçisidir - bəs o zaman prezidentin münasibəti niyə çox pisdir”.

XATIRLATMA

Rusiyalı jurnalist Vesti FM-ə müsahibəsində İlham Əliyevlə söhbətdə erməni familiyalı Rusiya vətəndaşının Bakıya buraxılmaması haqda danışdıqlarını söyləyib: “Prezident aydınlıq gətirdi ki, onlar bütün ermənilərlə müharibə aparmırlar, ancaq durum elədir ki, Azərbaycana gələn hər bir adamın təhlükəsizliyini təmin etmək mütləq lazımdır. Azərbaycanla Ermənistan arasındakı gərgin, hətta partlayış həddində olan münasibətləri nəzərə alanda təminat hardadır ki, erməni soyadlı adam mehmanxanaya gələcək, sənədlərini verəcək və onu bıçaqlamayacaqlar? Günahkarsa hakimiyyət olacaq. Buna görə də səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri görülməlidir”.

Buna da bax: Kremlin qorxduğu gənc nəsil

Daha bir sitat: “O həmçinin öz xanımını birinci vitse-prezident təyin etməsinin səbəbini də izah etdi. Deyir ki, bir tərəfdən, bu, status-kvonun möhkəmləndirilməsidir, Mehriban Əliyeva ölkə üçün çox iş görüb və görür, eləcə də istədik bir daha göstərək ki, biz onlar kimi deyilik”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG