Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 18:16

Vitse-admiral həbsində Hərbi Prokurorluq rəsmilərini günahlandırır


Şahin Sultanov

"Azərbaycan Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun işi üzrə məhkəmə istintaqı zamanı cinayət işi materialları saxtalaşdlırlıb. Bu Azərbaycan Hərbi Prokurorun müavini general-mayor Şəfaət İmranovun bilavasitə tapşırığı ilə həyata keçirilib".

Ş.Sultanovun vəkilləri Telman Abdıyev və Emil Bədəlovun mətbuat üçün yaydıqları açıqlamada belə deyilir.

Açıqlamada bildirilir ki, vitse-admiral hesab edir ki, ona qarşı ittihamlar əsassız olub, iki ildən artıq davam edən məhkəmə istintaqı zamanı cinayət işinin saxtalaşdırılıb.

"Ş.Sultanov Ali Baş komandana, dövlətinə və dövlətçiliyə həmişə sadiq olub və məhkəmə zamanı əldə olunan nəticələr bunu yenə də sübut edir. 2013-cü ildə Hərbi Dəniz Qüvvələrində yoxlama aparan Hərbi Prokurorun müavini general-mayor Rasim Kazımovun rəhbərlik etdiyi yoxlama komissiyası və istintaqı aparan Hərbi Prokurorun digər müavini general-mayor Şəfaət İmranovun bilavasitə tapşırığı ilə istintaq qrupunun üzvləri yoxlama və istintaqın nəticələrini saxtalaşdırıblar", məlumatda deyilir.

Vitse-admiral hesab edir ki, adları qeyd olunan şəxslərin əməlində cinayət tərkibi olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilib. Bundan başqa, Ş.Sultanov iddia edir ki, müstəntiqlər iş üzrə dindirilən şəxslərdən dövlətə vurulan ziyanın ödənilməsi adı altında vəsaitləri yığıblar və mənimsəyiblər.

HHQ-nin sabiq komandanının məhkəmə prosesində də dilə gətirdiyi ittihamlar adları çəkilən vəzifəli şəxslər tərəfindən şərh olunmayıb. AzadlıqRadiosu həmin şəxslərin münasibətini öyrənəbilməyib.

Ş.Sultanovun məhkəməsi martın 10-da Hərbi Məhkəmədə davam edib. O, son sözlə çıxış edib, bəraət istəyib. Hökmün martın 17-də elan olunacağı gözlənilir.

XATIRLATMA

Şahin Sultanov 1999-cu ildən Hərbi Dəniz Qüvvələrinin komandanı olub. O, Azərbaycan müstəqilliyini əldə etdiyi dövrdən ilk və yeganə vitse-admiral idi.

Ş.Sultanov 2014-cü ilin aprelində həbs olunub. Həmin vaxt Hərbi Prokurorluq açıqlamışdı ki, HDQ-də aparılan yoxlamalar zamanı pozuntular aşkarlanıb.

«Aşkarlanmış qanun pozuntuları ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin keçmiş komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib», -prokurorluq bildirmişdi.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Həmin il dekabrın sonunda Bakı Hərbi Məhkəməsi Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etmişdi.

Vitse-admiral azadlığa buraxıldığına görə dövlət başçısına təşəkkür etmişdi: «Günahkar deyiləm. Azadlıqda olduğuma görə prezident İlham Əliyevə və Mehriban xanıma təşəkkür edirəm. Hərbi rütbələrim isə geri alınmayıb»,- deyə o bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG