Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:20

Artıq neçə ildir ki, Rusiyada xalq gəzintiləri karnaval kimi keçirilir. 9 Maydan sonra internetdə yayılan şəkillərdə hərbi geyimli qızları, uşaqları və hətta tanka bənzər uşaq arabalarından boylanan südəmər körpələri görmək olur. Küçələrdə pilotkalar satılır. Alıcılara təklif olunan maykaların üzərində isə vətənpərvərlik mövzusunda, Stalin-dən Putin-ə, Reyxstaqın tutulmasından Krımın ilhaqına qədər, nə desəniz, görmək olar.

GEYİMLƏR ÜÇÜN SATIŞ AVTOMATLARI DA VAR

Rusiyada «mayka vətənpərvərliyi» 2014-cü ildə Krımın ilhaqından sonra çiçəklənməyə başlayıb. Anna Yefremova və Ivan Yershov trendi ilk tutan dizaynerlərdəndir. Onlar «Anyavanya» brendini yaradaraq 2014-cü ilin avqustunda Moskvadakı baş univermaq olan QUM-da «VSYO PUTYOM!» (Tərcüməsi «Hər şey yolundadır!» deməkdir. Ancaq burada prezident Vladimir Putin-in soyadını xatırladan söz oyunu var. - tərc.) kolleksiyasını təqdim ediblər. Kolleksiyada üzərində Putin-in hər cür şəkli olan 15 mayka təqdim edilirdi. Maykaların üzərində Putin-i başında pilotka, Amur pələngi ilə birlikdə, xokkey oynadığı yerdə, Krımdan salam göndərdiyi yerdə – nə şəkildə desəniz, görmək olardı.

Brendin saytında həmin kolleksiyanın ikicə gün ərzində tam satıldığı iddia olunur. 2015-ci ildə Moskva vağzallarında «Anyavanya»nın vətənpərvər geyimlərini satan xüsusi satış avtomatları peyda oldu. «Anyavanya»nın saytında Putin-li maykaları 1200-1490 rubla (20.5-25.5 dollar), kapüşonlu puloverləri isə 2900 rubla (50 dollar) almaq olar.

«Topol sanksiyalardan qorxmur!»
«Topol sanksiyalardan qorxmur!»

«VƏTƏNPƏRVƏR» EROTİK ALT PALTARI

2014-cü ildə vətənpərvərlik dalğasından yararlana bilən digər mayka istehsalçısı isə «Za Sport» markasıdır. 2012-ci ildə yaranmış şirkətin təsisçisi Anastasia Zadorina, KİV-in yaydığı məlumata görə, «Dinamo» idman klubunun prezidenti, Federal Təhlükəsizlik Xidmətinin (FSB) təchizat xidmətinin rəhbəri Mikhail Shekin-in qızıdır. 2014-cü ilin payızında o, Moskvanın Gül bulvarında xarici geyimlərin vətənpərvərlik maykalarına dəyişdirilməsi kampaniyasını keçirmişdi. Maykaların üzərində belə yazılar var idi: «Sanksiyalar? Mənim İsgəndərlərimi güldürməyin!» («İsgəndər» əməliyyat-taktiki raket kompleksi nəzərdə tutulur – tərc.), «Sanksiyalarınızı Allah vurub!», «Topol sanksiyalardan qorxmur!» («Topol-M» ballistik nüvə raketlərinə işarədir-tərc.) və s.

2017-ci ilin fevralında «Za Sport» olimpiya idmançılarının formalarını tikmək üçün Rusiyanın Olimpiya Komitəsi ilə müqavilə bağlayıb.

Ölkənin əsas «voyentorqu» (hərbi mallar dükanı) da üzərində Putin-in, Lavrov-un, Shoigu-nun, «Topol-M» raket başlıqlarının, Böyük Vətən Müharibəsinin rəmzlərinin şəkilləri olan maykalar satır. Qiymət də 299-1049 rubl (5-18 dollar) arasında dəyişir.

Satışda hətta «vətənpərvər» erotik alt paltarı da tapmaq olar.

Olga Makhovskaya
Olga Makhovskaya

«MƏN»İN ZƏİFLİYİ

Psixoloq Olga Makhovskaya deyir ki, vətənpərvərlik duyğularının geyimdə nümayişi sosial çoxluğa mənsubiyyəti göstərmək istəyindən qaynaqlanır: «Bu, sosial-psixoloji müdafiə formasıdır. Cəmiyyətə siqnal veririk ki, özümüzü gərəkən formada kimi aparırıq və hökumətə sadiqik. Beləliklə, biz müəyyən sosial güzəştlər almağa ümid edirik. Yəni, JEK-ə gedib bizə lazım olanı tələb edə, evlənib-boşana bilirik, uşaqlarımız məktəbə problemsiz gedir və s... Mahiyyətcə, bu, uşaq davranışıdır. Uşaqlar belə düşünür: özümü yaxşı aparsam, vaxtında yatsam, ayaqqabılarımı düzgün yerləşdirsəm, mənə oyuncaq alacaqlar və zooparka aparacaqlar».

...Bir çoxları marketinqin təzyiqinə məruz qalır, çünki o pilotkaları artıq çörək dükanlarında da satırlar...

Psixoloqun sözlərinə görə, üzərində «Mən rusam» tipli yazıların olduğu maykaların populyarlığının səbəbi insanların «mən»inin, individuallığının çox zəif olmasıdır. «Bizim uşaqlarımız, xüsusən də amerikalılarla müqayisədə çox zəif ictimai intellektlə böyüyürlər. Zəif «mən»i olan insansa böyük orqanizmlərin hesabına həyatda qalır. Bəzən bu, onun yanındakı güclü şəxsiyyət, bəzən qrup, bəzənsə bütöv bir xalqdır...» – o deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG