Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:42

'30 faizi yanvarda ödəyə bilirsə, elə indi ödəyər də…'


"Məsləhət". Şerif. Karikatura.
"Məsləhət". Şerif. Karikatura.

“30 faizi yanvarda ödəyə bilirsə, elə indi ödəyər də…”, - vergi amnistiyasına dair qanun layihəsini şərh edərkən, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev belə deyir.

APA-nın məlumatına görə, prezidentin təşəbbüsü ilə parlamentə belə bir qanun layihəsi daxil olub. Sənədə əsasən, vergi amnistiyası gələn il yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil ediləcək. Həmin dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvarında borcunun 30 faizini və ya fevralda 50 faizini, yaxud martda 70 faizini ödəyərsə, borcun qalıq hissəsi amnistiya olunacaq.

Buna da bax:​ 'Vergi ödəyicilərinin sayı sürətlə şişir...'

Oqtay Haqverdiyevin fikrincə, hökumət sistemli vergi toplaya bilməkdən ötrü bu istiqamətdə “məqsədyönlü tədbirlər” görməlidir və “asan yol” axtarmamalıdır:

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

“Axı vergi ödəyicisi 30 faizi yanvarın 1-dən verə biləcəksə, elə indidən ödəyər də, niyə yanvara saxlayır? Sonra 50, 70 faiz... Gülməli şeylərdir bunların hamısı. Özü də bu mexanizm işləsə, yeni korrupsiya mexanizmləri ortaya çıxacaq”.

İqtisadçının qənaətincə, sadəcə, “yuxarıdan aşağıya, aşağıdan yuxarıya doğru” idarəetmənin strukturu dəyişməlidir.

Buna da bax: Azərbaycanda vergi amnistiyası elan oluna bilər

“Hökumət bu yolla büdcə problemini həll etməyə çalışır”.

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri bu fikirdədir və dediklərini belə əsaslandırır: “1990-cı illəri çıxsaq, müstəqillik illərində ən ağır ilimiz 2016-cı il olub. 2017-ci ilin büdcəsi isə bu ilin büdcəsindən də azdır. Bu ondan xəbər verir ki, üzümüzə gələn il daha ağır olacaq. Büdcəni qəbul etdilər, ancaq o rəqəmlər kağız üstündədir. Növbəti ildə problemlərin qabağını almaq üçün müxtəlif yollar axtarırlar”.

Oqtay Haqverdiyev düşünür ki, hökumət iri şirkət və dövlət qurumlarından vergini almağın yolunu tapmalıdır:

“Dünya Bankının, müxtəlif ekspertlərin hesablamalarına görə, Azərbaycanda kölgə iqtisadiyyatı 50-60 faizdir, mən hesablamışam ki, 25-30 faizdir. Hökumət kölgə iqtisadiyyatına girişməli və ordan vergi yığmalıdır. Özləri də gözəl bilir kimlər vergi vermir, ya da lazımi qədər vermir. Məsələn, götürək Dövlət Neft Şirkətini, “Azərenerji”ni. Onların bilirsiniz nə qədər borcu var? Bunlar hamısı dövlətin olduğundan, heç kim “gözünün üstündə qaşın var” demir. Bu məsələnin bir tərəfi. İkincisi, böyük holdinqlər var. Hamı da o holdinqlərin arxasında kimlərin durduğunu gözəl bilir. Bu holdinqlər, məsələn, min manat vergi verməlidirsə, 500 manat ödəyir. Vergilər Nazirliyi də onlara bir söz deyə bilmir, düşür xırda mağazaların, sexlərin üstünə”.

Buna da bax:​ Pinəçi: 'Yəqin, yuxarıdakılar işimizin çoxaldığını eşidiblər'

Məhəmməd Talıblı: “Niyə “divlər” vergidən yayınmalıdır?”

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçı ekspert Məhəmməd Talıblının sözlərinə görə, vergi ödəmələrində yaranmış problemlər vergi intizamından və ya vergi mədəniyyətindən qaynaqlanmır. Sadəcə, bazarda “neqativ tendensiyalar” və iqtisadiyyatın müxtəlif sahələrinə sirayət edən böhran qarşılıqlı borclanmanı meydana çıxarıb. O da Oqtay Haqverdiyev kimi düşünür ki, əsas məsələ kiçik və orta sahibkarlıq subyektlərinin vergi öhdəliklərində yaranmış problemlə bağlı deyil. “Əsas zəif həlqə iri vergi ödəyicilərinin və məmur biznesini idarə edənlərin vergi ödəməkdən yayınması ilə bağlıdır. Beynəlxalq Bankdan alınmış kreditlər, iri dövlət şirkətlərinin dövlət büdcəsi qarşısındakı iri vergi borclarıdır bu ciddi problemin mənbələri. Onlar açıq-aydın kölgə iqtisadiyyatına xidmət edən və orada böyük payı olan sahibkarlardır”.

Buna da bax:​ Məmurlara sərf etməyən amnistiya

İqtisadçı “inzibati təzyiq və ya müdaxilə”ni problemlərin çözüm yolu saymır. “Özəlliklə XXI əsrdə qeyri-sivil metodlar nəticə verməyəcək. Mən, şəxsən, vergi amnistiyasının əleyhinəyəm. Nəyə görə mənim vergilərim hesabına formalaşan dövlət büdcəsindən daxilolma payı böyük olan "divlər" yayınmalıdır? Bunlar kiçik və orta sahibkarlıq subyektləri və ya fiziki şəxslər deyillər. Məmur kapitalizmi kimi nəhəng bir sistemdən söhbət gedir. Onlara güzəştlər vergi yığımlarının sadə vətəndaşlardan alınmasına zəmin yaratmaq kimi bir şeydir”.

AzadlıqRadiosu Milli Məclisin üzvlərindən qanun layihəsinə münasibət öyrənə bilməyib. Layihə sabah – dekabrın 20-də parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq Komitəsində müzakirəyə çıxarılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG