Səfirlik: Xartiya münasibətləri daha da möhkəmləndirəcək
ABŞ-nin Azərbaycandakı səfirliyi hesab edir ki, Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək.
"Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun böyük potensialının reallaşdırılması istiqamətində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir", - açıqlamada vurğulanır.
Vens: 'Münaqişə olan yerdə əmin-amanlıq yaranacaq'
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, üç şəxs tarixi sülhü yaratdı: "Bu ölkənin prezidenti, Ermənistanın baş naziri və, əlbəttə, ABŞ prezidenti birgə işləyərək əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar"
Vitse-prezident vurğulayıb ki, əvvəllər yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Onun fikrincə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha böyük sülhə və əmin-amanlığa aparacaq: "ABŞ-nin iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar".
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Ötən altı ay ərzində iki ölkə arasında müəyyən iqtisadi əlaqələr bərpa olunub.
Vens: 'Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var'
Ceyms Devid Vens belə bir düşüncəsini dilə gətirib ki, prezident Trampın və prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq: "Burada - Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var... Ümidimiz Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallarla bağlı əməkdaşlığın qurulmasıdır".
Əliyev isə vurğulayıb ki, onlar müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırlar: "Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var".
Əliyev: 'Böyük şərəfdir'
İlham Əliyev qeyd edib ki, onlar üçün "dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir".
AZƏRTAC-ın xəbərinə görə, Ceyms Devid Vens də öz növbəsində deyib ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur: "Bəlkə də, çoxları bilmir, amma Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər”
Əliyevin sözlərinə görə, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur: "Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik...".