Vens Bakıda erməni məhbusların məsələsini qaldıracağını deyir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistandan Azərbaycana yola düşüb. O, Zvarnots aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
Sülh Şurası ilə bağlı deyib ki, gələn həftə keçiriləcək iclasda iştirak edəcək və bu qurum "BMT qədər vacibdir".
"Fikrimcə, elə bir infrastruktur yarada bilər ki, gələcək illərdə bir çox davamlı sülh razılaşmalarına gətirib çıxarsın", – Vens Sülh Şurası barədə deyib.
Fevralın 19-da Vaşinqtonda prezident Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının ilk iclası keçiriləcək.
Azərbaycanda erməni məhbusların məsələsini qaldırıb-qaldırmayacağına dair suala cavabında isə "Bu, mütləq baş verəcək" deyib.
Yanvarın 14-də Bakıda saxlanılan dörd məhbus Ermənistana qaytarılıb. Ermənistan Azərbaycanda daha 19 erməni məhbusun saxlanıldığını deyir. Qarabağdakı keçmiş separatçı qurumun təmsilçiləri və onlarla mühakimə edilənlərdən ibarət 16 nəfər də bu siyahıya aid edilir. Terrorçuluq, soyqırımı, işgəncə və digər maddələrlə təqsirli bilinən həmin şəxslərdən beşinə ömürlük, 10-na 20 ildən 15 ilədək həbs cəzası kəsilib. Onlar ittihamları qəbul etməyib bəraət istəmişdilər.
Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan isə ayrılıqda mühakimə edilir.
Vens Erməni Soyqırımı Xatirə Kompleksini ziyarət edib
ABŞ vitse-prezidenti Cey Di Vens xanımı ilə birlikdə Tsitsernakaberd Erməni Soyqırımı Xatirə Kompleksini ziyarət edib.
Ermənistan Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında çoxsaylı erməninin öldürülməsini soyqırımı sayır. Bir sıra ölkələr həmin hadisələri soyqırımı kimi tanıyıb.
ABŞ-nin əvvəlki prezident Co Bayden həmin olaylar barədə "soyqırımı" ifadəsini işlətsə də, indiki prezident Donald Tramp bunu etməyib və ABŞ-dəki erməni diasporu onu sərt tənqid edib.
Osmanlı İmperiyasının varisi olan Türkiyə isə "soyqırımı" sözünün işlənməsinə qarşı çıxır, həmin qətlləri "1915-ci il hadisələri" adlandırır. Ankara 500 minədək erməninin vətəndaş müharibəsi, xəstəlik və aclıqdan qırıldığını, bunun planlaşdırılmış soyqırımı olmadığını deyir. Türkiyə həmin hadisələr zamanı Anadoluda yüz minlərlə müsəlmanın da öldürüldüyünü bildirir.
ABŞ Ermənistanın nüvə enerjisinə 9 milyard dollar yatıracaq
Ermənistanla Birləşmiş Ştatların imzaladığı dinc nüvə əməkdaşlığı sazişi birinciyə ilkin 5 milyard dollaradək ixracın gerçəkləşməsinə, həmçinin yanacaq tədarükü və texniki xidmət üzrə 4 milyard dollar dəyərində əlavə uzunmüddətli kontraktlar bağlamağa imkan verəcək.
"Reuters" yazır ki, enerji təchizatına görə Moskva ilə Tehrandan asılı olan Ermənistan indi ABŞ, Rusiya, Çin, Fransa və Cənubi Koreya şirkətlərinin təkliflərini nəzərdən keçirir. Yerevan SSRİ dönəmində inşa olunmuş Metsamor Atom Elektrik Stansiyası (AES) əvəzinə yeni nüvə reaktoru tikmək istəyir.
Hələlik seçim edilməsə də, fevralın 9-da imzalanan saziş Amerika layihəsinə yol açır. "Reuters" bunu Rusiyaya zərbə sayır.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" nəşrinə müsahibədə deyib ki, yeni atom elektrik stansiyası ilə bağlı Rusiyanın təklifi ən yaxşı variantdır, "Rosatom" dövlət nüvə korporasiyası onun icrasına başlamağa hazırdır.