ABŞ Ermənistana 11 milyon dollarlıq dron satacaq
ABŞ Ermənistana 11 milyon dollar dəyərində dronlar satacaq. Söhbət kəşfiyyat dronlarından gedir. Bunu Paşinyanla birgə mətbuat konfransında Cey Di Vens bəyan edib.
"Biz əminik ki, qurulması gərəkən sülh davamlı olacaq. Bu, yeni iş yerlərinin yaradılması, əlavə investisiyaların cəlbi deməkdir", – vitse-prezident vurğulayıb.
"Bu gün burada tarixi hadisə baş verir. Bu ölkəyə səfər edən ilk ABŞ vitse-prezidenti olmağımla fəxr edirəm", – C.D.Vens deyib.
ABŞ və Ermənistan nüvə əməkdaşlığı üzrə saziş imzalayıb
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanın baş naziri Nikol Paşinyan ilə nüvə sahəsində əməkdaşlığı dərinləşdirməklə bağlı saziş imzalayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ay Vaşinqtonda demişdi ki, ölkəsi ABŞ ilə bu sənədlə bağlı danışıqlara başlayır. Saziş nüvə enerjisindən dinc istifadə üzrə əməkdaşlığın əsasını təşkil edəcək.
Yerevanda etiraz aksiyası keçirilir
AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, Yerevanda Prezident Sarayı yaxınlığında etiraz aksiyası davam edir. Nümayişçilər Bakıda həbsdə olan erməni məhbusların fotolarını tutaraq "Məhbuslara azadlıq!" şüarı səsləndirirlər.
Amma etirazçılar saraya yaxınlaşa bilməyiblər. Polis saraya gedən yolu bağlayıb.
Yanvarın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda saxlanılan dörd məhbusun Ermənistana qaytarıldığını bildirib. Ermənistan Azərbaycanda daha 19 erməni məhbusun saxlanıldığını deyir.
Vens-Paşinyan görüşü başlayıb
Yerevanda Prezident Sarayına gedən yolun kənarında bəzi etirazçılar yığışıb. Onların qaldırdığı plakatlarda "Tələ, yoxsa TRIPP?", "Syunik satılmır" şüarları yazılıb.
ABŞ-nin vitse-prezidenti Cey Di Vensi qırmızı və qızılı xalça üzərində baş nazir Nikol Paşinyan qarşılayıb. Onlar əl sıxsalar da, hər hansı açıqlama verməyiblər.