Keçid linkləri

2026, 26 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:38

ABŞ vitse-prezidentinin Bakıya səfəri gözlənilir


Cey Di Vens və xanımı Uşa Vens
Cey Di Vens və xanımı Uşa Vens

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevralda Azərbaycana və Ermənistana səfəri gözlənilir. Bunu prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb. Tramp Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana ötən ilin avqustunda Vaşinqtonda imzalanmış sülh razılaşmasına əməl etdikləri üçün təşəkkürünü bildirib.

"Bu, mənim bitirdiyim səkkiz murdar müharibədən biri idi, indi sülh və firavanlıq qurulub. Sülh səylərimizi gücləndirmək, "Beynəlxalq Sülh və Firavanlıq naminə Tramp Marşrutu"nu irəli aparmaq üçün fevralda vitse-prezident Vens hər iki ölkəyə səfər edəcək. Biz Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcək, Ermənistanla Dinc Nüvə Əməkdaşlığı barədə gözəl bir saziş, yarımkeçirici istehsalçılarımız üçün gözəl müqavilələr imzalayacağıq", – Tramp yazıb.

O, Azərbaycana ABŞ istehsalı müdafiə avadanlıqlarının, zirehli jiletlər və katerlərin satılacağını qeyd edib.

2008-ci ildə ozamankı ABŞ vitse-prezidenti Dik Çeyni Azərbaycana, daha sonra Gürcüstana səfər edib.

Klintonun səfəri ərəfəsi Bəxtiyar Hacıyev azad edilmişdi

2012-ci ildə isə Azərbaycana ABŞ-nin daha bir yüksəkvəzifəli rəsmisi, Obama administrasiyasının dövlət katibi Hillari Klinton səfər edib. Dövlət katibi həm dövlət rəsmiləri, həm də vətəndaş cəmiyyəti təmsilçiləri, həmçinin həbsdən azad olunmuş ictimai fəal Bəxtiyar Hacıyevlə görüşmüşdü. Klinton demişdi ki, onun azad olunması üçün Azərbaycan prezidentinə müraciət edib və Hacıyevi azad gördükdə çox sevinib.

Hazırda B.Hacıyev, onlarla digər fəal və jurnalist özlərinin və insan haqları qruplarının siyasi saydığı ittihamlarla həbsdədir. Hakimiyyət ölkədə siyasi təqiblərlə bağlı ittihamları qəbul etmir, fərdlərin konkret cinayətlərə görə həbs olunduğunu bildirir. İnsan haqları müdafiəçiləri isə ölkədə 340 siyasi məhbusun olduğunu deyirlər.

ABŞ vitse-prezidentinin Bakıya gözlənən səfəri zamanı həbsdəki jurnalistlərin, azad medianın, vətəndaş cəmiyyətinin sıxışdırılması məsələlərini qaldırıb-qaldırmayacağı bəlli deyil. Tramp administrasiyası ötən ilin yanvarında hakimiyyətə gələndən rəsmi Bakıya insan haqları ilə bağlı açıq çağırış səslənməyib. Bayden administrasiyası ölkədə azadlıqlarla bağlı daha çox çağırış edirdi və Azərbaycan rəsmiləri həmin dönəmi ikitərəfli münasibətlərdə böhran sayırlar.

Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə (TRIPP) yaranacaq. Paraflanan mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

XS
SM
MD
LG